Ermənistanda kölgə iqtisadiyyatının miqyasını dəyərləndirmək üçün hökumət yanında işçi qrup yaradılıb

İşçi qrupun növbəti vəzifəsi kölgə iqtisadiyyatı ilə mübarizə üçün strategiyanın hazırlanması olacaq

Ermənistan hökuməti ölkədə kölgə iqtisadiyyatının miqyasını dəyərləndirmək üçün işçi qrup yaradıb.

Ekspertlər 20-ə yaxın sahəni ətraflı öyrənmək istəyirlər. Bundan sonra Dövlət Gəlirləri Komitəsi vergi ödəməyən təsərrüfat subyektlərini hüquqi müstəviyə qaytarmaq üçün işə başlayacaq.

Hazırda Ermənistan hakimiyyəti kölgə iqtisadiyyatının miqyası haqda suala cavab verməyə çətinlik çəkir.

“İki ay içində onun miqyasını müəyyən etmək mümkün deyil. Belə iş ilk dəfədir ki, aparılır”, – Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri David Ananyan jurnalistlərə bildirib.

Dövlət hər il büdcənin nə qədər kəsirə uğradığını anlamağa çalışdığı müddətdə mütəxəssislər öz hesablamalarını təqdim edirlər.

İqtisadçı Qrant Mikaelyan hesab edir ki, Ermənistanda kölgə iqtisadiyyatının real həcmi ÜDM-nin 30 faizini təşkil edir, bu da ildə təxminən 2,6 milyard dollara bərabərdir, ilk növbədə ticarət sahəsinə diqqət yetirmək lazımdır.

“Bu, əlbəttə ki, 2000-ci illərin əvvəllərindən daha azdır – o zaman ticarət sahəsində kölgə iqtisadiyyatının payı 80 faizə çatırdı. Amma indi də bu göstərici çox yüksəkdir. Siyahıda növbəti sahə çox gman ki, xidmət və inşaat sahəsi olacaq”.

Kölgə iqtisadiyyatı hər yanda mövcuddur, burada ən əsası onun miqyasıdır. Bu planda ÜDM-nin 30 faizi həcmində göstəricini məqbul saymaq olar, Qrant Mikaelyan deyir.

Onun məlumatına görə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən ən aşağı göstərici Danimarkadadır – dörd-səkkiz faiz. ABŞ-da təxminən 10 faiz, Belçikada 16-18 faiz. İnkişaf etməkdə olan ölkələrdə 15 faizdən 70 faizə qədər dəyişə bilir.

Hətta işçi qrup öz nəticələrini çıxaranda da biznesin əhəmiyyətli hissəsini dərhal kölgədən çıxarmaq çətin ki mümkün olsun, Mikaelyan hesab edir.

“Faiz nə qədər aşağıdırsa, kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq bir o qədər çətindir. ÜDM-nin 24 faizi Ermənistan üçün müsbət nəticə olacaq. Bundan o yana mübarizə üçün sərf olunan inzibati xərclər əldə olunan gəlirlərdən daha yüksək olacaq. Biz vergi ödəməyən hər dayənin ardınca düşə bilməyəcəyik”.


More on JAMnews