Aksiyanın məqsədi zibil toplamağa görə məsul olanları öz vəzifələrini yerinə yetirməyə məcbur etmək və onlara “zibilin turizmin inkişafına mane olduğunu” çatdırmaqdan ibarətdir " />

Ermənistanda bələdçilər turistləri zibilli yerlərdə gəzdirməli olmasınlar deyə iməclik təşkil edirlər

Aksiyanın məqsədi zibil toplamağa görə məsul olanları öz vəzifələrini yerinə yetirməyə məcbur etmək və onlara “zibilin turizmin inkişafına mane olduğunu” çatdırmaqdan ibarətdir

Ermənistanın turistlərin ən çox ziyarət etdiyi ərazilərində ikinci iməclik keçirilib. Aksiyaları Ermənistanın Peşəkar Bələdçilər Assosiasiyasının üzvləri təşkil edir. İlk iməclik zamanı onlar 210 kisə və üç yük maşını zibil toplayıblar. İkinci iməclikdə isə 60 kisə zibil toplanıb, güclü külək işə mane olduğu üçün bələdçilər daha çox zibil toplaya bilməyiblər.

Təşəbbüs müəllifləri Ermənistanda turizmin inkişağına töhfə vermək niyyətindədirlər. Onlar bildirirlər ki, hökumət bir neçə il əvvəl turizmi iqtisadiyyatın inkişafının prioritet istiqaməti elan etsə də, bu planda məqsədyönlü iş aparılmır.

İnvestisiya cəlb olunmasından və turizmin inkişafına konseptual yanaşmanın təkmilləşdirilməsindən danışmazdan əvvəl bələdçilər sadə məsələlərdən başlayıblar. Onlar üçün aydındır ki, zibil dağları turizmin inkişafına qətiyyən kömək etmir.

“Təsəvvür edin ki, bura sizin iş yeriniz, ofisinizdir. Ermənistan sizin ofisinizdir, biz vilayətlərdə, kəndlərdə işləyirik. Bir də təsəvvür edin ki, sizin işdə həmişə zibil qalaqlanmış vəziyyətdədir”, – bələdçi Anahid Avakyan deyir.

“Aydındır ki, biz bütün ölkəni təmizləyə bilmərik. Biz zibil qalaqlarını görən insanlardan bu zir-zibilin fotolarını, videolarını çəkmələrini, tarix və saatı qeyd edib, bizə göndərmələrini xahiş edirik. Biz bu görüntüləri müvafiq orqanlara çatdıracağıq”, – bələdçi Katar Taslakyan deyib.

Bələdçilərin fikrincə, bu vəziyyət həm insanların pintiyi üzündən, həm də zibillərin toplanmasına görə cavabdeh olan orqanların öz işinə məsuliyyətlə yanaşmaması üzündən yaranıb. Onlar təklif edirlər ki, cərimə tətbiq olunsun, qadağan olunmuş yerə zibil atdın, pulunu ödə: “ciblərindən vurmaq effektiv metoddur, insanlar hara gəldi zibil atmazdan əvvəl yaxşı düşünməli olacaqlar”.

Ermənistan peşəkar Bələdçilər Assosiasiyasının üzvləri hesab edirlər ki, turist şirkətləri ilk növbədə onların tələblərinə qoşulmalı və görməli yerlərin və ümumilikdə bütün ərazilərin təmizliyi uğrunda mübarizə aparmalıdırlar.

Katar Taslakyan danışır ki, az əvvəl Belçikadan turist qrupu gəlib. Turistlərdən biri ona bildirib: “Əgər məndən Ermənistan haqda təəssüratımı soruşsalar, deyəcəyəm ki, bu, qədim tarixi olan gözəl ölkədir, xalq bnunla fəxr etsə də, eyni zamanda insanlar öz ölkələrinə, təbiətlərinə hörmət etmirlər, çünki hər tərəfə zibil səpələnib”.

“Belə məqamlarda bələdçi kimi mən xəcalət çəkirəm, çünki mən öz ölkəmi bu vəziyyətdə təqdim etməli oluram”, – Katar deyib.


More on JAMnews