Dördüncü sutkadır ki, meyvə və digər mallarla yüklü maşınlar sərhəddə gözləyir. Sürücülər təşviş içindədir - yanacaq bitmək üzrədir, yük xarab ola bilər " />

Ermənistana aid minlərlə maşın Rusiya sərhədində qalıb

Dördüncü sutkadır ki, meyvə və digər mallarla yüklü maşınlar sərhəddə gözləyir. Sürücülər təşviş içindədir - yanacaq bitmək üzrədir, yük xarab ola bilər

“Yuxarı Lars” nəzarət keçid məntəqəsində böyük tıxac yaranıb. Maşın kolonları kilometrlər boyu sıraya düzülüb. Sürücülər deyir ki, sərhəddə minlərlə maşın toplanıb. Onların demək olar ki, hamısı Ermənistana aiddir. Kənd təsərrüfatı məhsulları ilə yüklənmiş maşınlar artıq dördüncü sutkadır ki, NKM-dən keçə bilmir.

 Ermənistandan Rusiyaya ixracın həyata keçirildiyi əsas quru yol məhz “Yuxarı Lars” nəzarət keçid məntəqəsidir.

“Çərşənbə günü günortaya yaxın “Yuxarı Lars” NKM-də 100-120 yük maşını toplaşıb. Əsas növbə Rusiya sərhədinə doğru Gürcüstan tərəfində yaranıb, amma hərəkət hər iki tərəfdə çətinləşib. Tıxacların səbəbi “Yuxarı Lars” NKM-nın ötürücülük imkanları ilə bağlıdır”, – Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Burada etiraf edirlər ki, heç bir əhəmiyyətli addım ata bilmirlər. Problem irimiqyaslıdır və yeganə çıxış yolu Abxaziya və Cənubi Osetiya vasitəsilə alternativ yolların açılmasıdır:

“Yeganə uzunmüddətli həll yolu alternativ yolların açılmasıdır, bununla bağlı həm Gürcüstan, həm də Rusiya tərəfi ilə danışıqlar aparılır”.

Yuxarı Lars gömrük məntəqəsinin layihədə göstərilən ötürücülük qabiliyyəti təbiət xüsusiyyətləri ilə məhduddur. Adətən gündə 70-80 yük, 200 minik avtomobili və 40 avtobus təşkil edir. Sutka ərzində sərhədi 4 min nəfər keçə bilər.

Amma son bir neçə gün ərzində yük nəqliyyatının axını 200 avtomobilə, insanların axını isə 10 min nəfərə çatıb. Yük avtomobillərinin toplaşması prioritetin minik maşınlarına verilməsi ilə bağlıdır.

Bununla yanaşı Ermənistandan olan biznesmenlər əhəmiyyətli dərəcədə maliyyə itkisinə məruz qaldıqlarını bildirirlər. Onlardan biri – Mixail Baqdasaryan danışır ki, ona məxsus əriklə yüklənmiş maşın artıq 3 gündür NKM-ni keçə bilmir. Daha iki yüklənmiş maşın Yerevanda gözləyir:

“Biz tıxacların nə ilə bağlı olduğunu dəqiq bilmirik. Gürcülər rusları, ruslar isə gürcüləri ittiham edir. İndi biz bu iki yük maşınını Yerevandan yola salmağa da risk eləmirik, çünki onlar da orada sutkalarla qala bilər. Burda heç olmasa soyuducular işləyir, yanacaq problemi yoxdur”.

Yük maşınının sahibi qorxur ki, ərik xarab ola bilər. Soyuducular yanacaqla işləyir, yanacaq isə bitmək üzrədir. Mixail deyir ki, yükün daşınması üçün 50 min rubl (təxminən 800 dollar) ödəyib, bu məbləğin yarıdan çoxu artıq yanacağa sərf olunub.

“Yuxarı Lars” NKM-da gözləyən yük maşınlarından birinin sürücüsü JAMnews-la söhbətində minlərlə maşının sərhəddə qaldığını bildirib:

“Vəziyyət çox kədərlidir. Artıq iki gündür ki, yolu bağlayıblar və gedişə imkan vermirlər. Yüklənmiş maşınlar dayanıb. Mindən çox maşın. Dizel bitir, gedib yanacaq doldura da bilmirik. Vəziyyət sadəcə dəhşətlidir. Su bitmək üzrədir. Biz təşviş içindəyik”.

Ermənistanda indi məhsul yığımı mövsümüdür. Məhsulun bir hissəsi ixraca gedir. Bu dövrdə avtomobillərin Yuxarı Lars qarşısında kilometrlərlə düzülməsini demək olar ki, hər il müşahidə eləmək mümkündür. Yol tez-tez uçqunlar səbəbindən bağlanır.


More on JAMnews