Ermənistan özü isə sənədi hələ ratifikasiya etməyib " />

Ermənistan və Aİ arasında əməkdaşlıq haqda Sazişi ilk olaraq Estoniya ratifikasiya edib

Ermənistan özü isə sənədi hələ ratifikasiya etməyib

Estoniya Ermənistan və Avropa İttifaqı arasında noyabrın 24-də Brüsseldə imzalanan hərtərəfli və genişlənmiş əməkdaşlıq haqda Sazişi ratifikasiya edib. Sənəd Avropa İttifaqına üzv ölkələrin hamısı tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcək.

Avropa İttifaqının üzvü olan 28 ölkə arasında Estoniya sənədi ilk olaraq, hətta Ermənistanın özündən də əvvəl imzalayıb.

Ermənistanın Estoniyadakı səfiri Tiqran Mkrtçyanın sözlərinə görə, bu, sazişin 2017-ci ildə Estoniyanın Avropa İttifaqında sədrliyi dövründə imzalanması ilə izah olunur. Səfirin fikrincə, bu, həmçinin Estoniya tərəfindən digər Aİ üzvü olan ölkələrə ciddi mesaj və çağırışdır ki, onlar da sənədi mümkün qədər tez ratifikasiya etsinlər.

Ermənistanın ekspert çevrəsində ümid edirlər ki, bununla Estoniya sazişin ratifikasiyasına start vermiş olub.

“Ermənistan diplomatiyası Avropa Parlamentinə 2018-ci ildə baş tutacaq seçkilərə qədər Aİ ölkələrinin sazişi ratifikasiya etməsi üçün fəal addımlar atmalıdır. Əks halda bütün ölkələr beynəlxalq sazişlərin ratifikasiyası ilə deyil, öz daxili problemləri ilə məşğul olacaqlar və bu proses daha bir neçə ay uzanacaq”, – “Beynəlxalq İnsan İnkişafı Mərkəzi” QHT-nin direktoru Tevan Poqosyan bildirib.

Ermənistan çox güman ki, sazişi martın sonuna qədər ratifikasiya edəcək.

Sənəd artıq hökumətin dəstəyini alıb. Konstitusiya Məhkəməsi də müsbət rəy verərsə, saziş qanun layihəsi şəklində parlamentə göndəriləcək.

Ermənistan Milli Məclisinin xarici əlaqələr Komissiyasının sədri Armen Aşotyan vurğulayıb ki, saziş həmçinin keçid müddəaları da özündə birləşdirir. Bu da o deməkdir ki, bəzi müddəalar ratifikasiyadan əvvəl həyata keçirilə bilər:

“Əsasən söhbət Avropa İttifaqının maddi dəstəyi ilə bağlı bəndlərdən gedir, bunlar sənədin Avropa Parlamenti tərəfindən yekun ratifikasiyasından əvvəl həyata keçirilə bilər. Amma bunun üçün Ermənistan Milli Məclisinin sənədi ratifikasiya etməsi lazımdır”.

Bir neçə həftə əvvəl Ermənistanda bu sənədin həyata keçirilməsi prosesini nəzarətdə saxlayacaq, onun imzalanmasına təkan verən tədbirləri koordinasiya edəcək qurumlararası komissiya da yaradılıb.

Daha əvvəl JAMnews öz məqalələrində sənəd ətrafında iki ilə yaxın davam edən danışıqlar və 2017-ci ilin martında paraflanması haqda, həmçinin bu sənədin imzalanması ilə bağlı Ermənistan ekspertlərinin tərəddüdləri haqda söz açılıb.

 Noyabrın 24-də Brüsseldə Şərq Tərəfdaşlığı Sammitində Ermənistan və Avropa İttifaqı arasında hərtərəfli və genişlənmiş əməkdaşlıq haqda Saziş imzalanıb. Ermənistan hakimiyyəti bu sazişi tarixi adlandırıb və bildirib ki, sənəd nəinki eyni zamanda Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə əməkdaşlığa imkan verəcək, eyni zamanda Avropa gündəmində rəqabət siyasətini birləşdirmə siyasətinə dəyişə bilər.

Sazişin imzalanması və onun məzmunu haqda JAMnews-un 24 noyabr məqaləsində oxuya bilərsiz.

Ermənistan və Avropa İttifaqı əməkdaşlıq haqda saziş imzaladı


More on JAMnews