Söhbət baş nazirə qədər gedib çıxıb, o da natiqin bioqrafiyasını araşdırıb və cəmiyyəti seksual azlıqlara münasibəti müəyyən etməyə çağırıb " />

Ermənistan parlamentində transgenderin çıxışı cəmiyyətdə müzakirələrə səbəb olub

Söhbət baş nazirə qədər gedib çıxıb, o da natiqin bioqrafiyasını araşdırıb və cəmiyyəti seksual azlıqlara münasibəti müəyyən etməyə çağırıb

Photo – The Calvert Journal

Transgenderin Ermənistan parlamentində gözlənilməz çıxışı qalmaqal və mübahisələrə səbəb olub. Məsələ parlamentin özündə, sosial şəbəkələrdə və bütün mediada müzakirə olunub.

Ermənistanda eyni cinsdən olan cütlüyün hekayəsi – xoşbəxt, amma çoxlarının anlamadığı

• «Heç vaxt evə qayıdıb, qayıtmayacağını bilmirsən» 

Transgender Ermənistan parlamentinə necə gəlib çıxdı

Ermənistan parlamentinin tribunasından ilk dəfə transgender qadın Lilit Martirosyan çıxış edib. Çıxış aprelin beşində “İnsan haqlarının milli gündəliyi – BMT-nin monitorinqi” mövzusunda ictimai dinləmələr zamanı baş tutub.

Dinləmələrə ictimai təşkilatların nümayəndələri, o cümlədən “Haqq tərəfi”nə rəhbərlik edən Lilit Martirosyan dəvət olunub.

Transgender qadın olduğunu Lilit Martirosyan çıxışı zamanı bildirib:

“Məni incidilən, zorlanan, fiziki zorakılığa məruz qalan, yandırılan, bıçaqla yaralanan, öldürülən, mühacirət edən, ayrı-seçkiliyə məruz qalan, yoxsul və işsiz transgenderlərin ümumi obrazı kimi qəbul etməyinizi xahiş edirəm”.

Bu, hansı reaksiyaya səbəb oldu

Martirosyanın çıxışı əvvəlcə parlamentdə, müzakirə iştirakçılarının özləri tərəfindən birmənalı qarşılanmadı. İlk növbədə çıxışın məğzi ilə bağlı öz narazılığını insan hüquqları üzrə komissiya rəhbəri, “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Naira Zoqrabyan bildirdi.

O, Lilit Martirosyana öz çıxışını bitirməyə imkan verdi, onun sözünü kəsmədi. Sonra isə onun niyə zalda olması, xüsusən də bu günün dinləmələrinin mövzusu üzrə çıxış etməməsi ilə bağlı narazılığını bildirdi. Parlament komissiyasının  başçısı bildirdi ki, müzakirə mövzusu məhkəmə-hüquq sahəsində, əlilliyi olan insanlar və uşaqların hüquqları sahəsində islahatlar idi. Buna görə də o, Martirosyanın çıxışını həm özünə, həm də ümumilikdə parlamentə qarşı hörmətsizlik saydı.

“Heç kim sizin hüquqlarınızı pozmur, amma bizim dəqiq gündəmimiz var və siz onu pozursuz. Bu, komissiya və insan haqlarına qarşı hörmətsizlikdir”, – deyə Naira Zoqrabyan bildirib.

Onun mövqeyini Naira Zoqrabyanın təmsil etdiyi partiya rəhbəri də dəstəkləyib.

“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni ənənələri və dində tərbiyə alan ailə başçısı kimi hamıya deyəcəm… bu, bizim üçün yolverilməzdir… Bu, bizim əvvəllər olduğu kimi, gizlətməli olduğumuz qüsurdu. Biz heç vaxt bunun yayılmasına imkan verməyəcəyik”, – Qaqik Sarukyan bildirib.

“Çiçəklənən Ermənistan” partiyasının digər üzvləri də bu məsələ ilə bağlı fikir söyləyiblər.

“Ölkənin ən mühüm siyasi tribunasını bu cür insanlara vermək biabırçılıqdı! Əgər siz Avropa dəyərlərini Ermənistana gətirmək istəyirsizsə, çox yanılırsız. Burada buna qarşı olan insanlar var – onlar çoxluq təşkil edir. Avropa bu gün boşalır, çünki qadınlar bir-biri ilə, kişilər də kişilərlə yaşayır, doğum sayı artmır… Statistika var – 10 il ərzində Avropa boşalacaq”, – deputat Vardan Qukasyan deyib.

Parlamentdən kənarda narazılıq

Aprelin səkkizində Ermənistan parlamentinin binası qarşısında Martirosyanın çıxışına qarşı etiraz aksiyası keçirilib. Ruhanilərin də olduğu aksiya iştirakçıları hakimiyyət nümayəndələri ilə görüş, həm də qanunvericilik səviyyəsində seksual azlıqların qadağan edilməsini tələb ediblər.

Onlar parlamentin iclas zalını “transgenderdən təmizləmək üçün” ora “müqəddəs su çiləməyi” təklif ediblər.

“Siyasi provokasiya”

Bu məsələ ilə bağlı qalmaqal baş nazirə qədər gedib çıxıb. Məlum olub ki, o, məsələni incəliklərinə qədər araşdırıb – ta parlamentdə çıxış edən natiqin bioqrafiyasına qədər.

Nikol Paşinyan Lilit Martirosyanın çıxışını Ermənistanın keçmiş hakim Respublika Partiyasının yeni hakimiyyətə qarşı “əsaslı şəkildə planlaşdırılmış siyasi provokasiyası” adlandırıb.

İş orasındadır ki, Lilit Martirosyanın parlamentdə çıxışı ilə bağlı qızğın diskusiyalar zamanı keçmiş hakim partiya nümayəndələri yeni hakimiyyəti seksual azlıqlara üz verməkdə ittiham ediblər.

Bu bəyanatlara cavab olaraq, Paşinyan deyib ki, məhz Respublika Partiyasının hakimiyyəti zamanı Ermənistan vətəndaşı Vaqarşak Martirosyan Lilit Martirosyan adına pasport alıb:

“2015-ci ildə Ermənistanın respublikaçıların simasında guya mühafizəkar olan hakimiyyəti Vaqarşak adlı gənc adama Ermənistan vətəndaşı pasportu verib, Lilit Martirosyan adı ilə, “cins” qrafasında isə “kişi” yazılıb. Sual verirəm, respublikaçılar arasında Lilit Martirosyan adlı çox kişi var? Respublika Partiyası bu adama Lilit Martirosyanın pasportunu verəndə, onu seçki siyahılarına daxil edəndə ona vətəndaşın bütün hüquq və məsuliyyətlərini verib… Mən deyəndə ki, respublikaçılar gey-fəallardır, düz deyirdim”.

Baş nazir həm də aydınlaşdırıb ki, parlament müzakirələrinin Lilit Martirosyanın da adı olduğu iştirakçılar siyahısı insan hüquqları üzrə parlament komissiyasının sədri Naira Zoqrabyan tərəfindən imzalanıb. Buna görə də onun bu natiqin parlament tribunasından çıxışı ilə bağlı narazılığını əsassız sayıb.

Bununla bağlı Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının Lilit Martirosyanı iclas zalından çıxaran partiyadaşlarının davranışına bəraət qazandıran nümayəndələrinə müraciət edib:

“İnsan hüquqları üzrə parlament komissiyasının sədrinin bu vəziyyətdəki davranışı insan hüquqları ilə bağlı vəziyyəti şübhə altına qoyur… “Çiçəklənən Ermənistan” düşünməlidir ki, Zoqrabyan bu komissiyanın nümayəndəsi olaraq qala bilərmi”, – deyə Nikol Paşinyan bildirib.

Sosial şəbəkələrdə nə yazırlar

“Facebook” sosial şəbəkəsində istifadəçilər iki cəbhəyə ayrılıb. Bəziləri hesab edir ki, Lilit Martirosyanın parlament tribunasından tam çıxış etmək hüququ varıydı. Digərləri bunu biabırçılıq hesab edir.

Bu da şərhlərin bəziləri:

“Lilit Martirosyan milli qəhrəmandır!”

“Hara gedirik? Əvvəllər adamların LGBT-yə mənsubluğu ilə bağlı bir kəlmə də deməyə cürəti çatmazdı, indi isə parlament tribunasından çıxış edirlər!”

“İlahi komediya”.

“Sirk”.

“Bizim də ölkədə öz Ramzan Kadırovumuz və ya Həbib Nurmaqomedovumuz olsaydı, təbiətin bu səhvləri bir saniyə də burada qalmazdı”.

“Kişiyə Lilit adını daşımağı qadağan edən qanun var?”


More on JAMnews