Ölkədəki siyasi vəziyyət, gözlənilən seçkilər və mümkün nəticələr haqda bütün detallar" />

Ermənistan Parlamenti özünü buraxmaq üçün baş nazir seçməyib

Ölkədəki siyasi vəziyyət, gözlənilən seçkilər və mümkün nəticələr haqda bütün detallar

Ermənistanın Milli Məclisi oktyabrın 24-də Nikol Paşinyanın baş nazir seçilməsinin əleyhinə səs verib – bu, parlamentin buraxılması istqamətində ilk addımdır. Heç kim “lehinə” səs verməyib, “əleyhinə” 1 nəfər çıxıb, 11 deputat isə bitərəfliyini qoruyub.

Bu, formal səsvermə idi və seçim başlamazdan əvvəl baş nazir kürsüsünə yeganə namizəd onu seçməyəcəkləri daqda razılaşdıqlarını xatırladıb.

Oktyabrın 16-da Ermənistanın baş naziri vəzifəsindən istefa verən Nikol Paşinyan hazırda baş nazir səlahiyyətlərini yerinə yetirir.

Konstitusiyaya əsasən, əgər parlament iki dəfə baş naziri seçmirsə, özünü buraxmış olur və növbədənkənar parlament seçkiləri təyin edilir.

Növbəti həftə bu məsələ ilə bağlı yeni səsvermə gözlənilir. Deyəsən, parlament qüvvələri bu məsələ ilə bağlı qəti razılığa gəliblər və “sürpriz” gözlənilmir. Parlament özünü buraxacaq. 

Növbədənkənar parlament seçkiləri nəyə lazımdır?

Məxməri inqilabdan sonra Nikol Paşinyanın rəhbərliyi altında hakimiyyətə gələn siyasi qüvvə parlamentdə çoxluğa malik deyil.

İnqilab lideri Paşinyan baş nazir seçilib. Və parlament respublikasına çevrilmiş Ermənistanda dövlət başçısı məhz baş nazirdir. Amma keçmiş hakimiyyəti təmsil edən deputatlardan və onların tərəfdaşlarından ibarət olan hazırkı parlament hökumətin qəbul etdiyi qərarların və təşəbbüslərin qarşısını ala bilər. Və bu dəfələrlə artıq baş verib.

Ölkə əhalisinin əhəmiyyətli hissəsinin dəstəyini qazanmış “inqilabçı” hakimiyyət təcili növbədənkənar seçki keçirib Milli Məclisdə özünə çoxluğu təmin etməyi vacib hesab edir.

Paşinyan bir gün öncə baş verən hadisələri “sabotaj” adlandırıb

“Parlament yarandığı gündən hökumətin işini sabotaj edir”, – Nikol Paşinyan oktyabrın 22-də bildirib. Həmin gün parlamentdə Seçki Məcəlləsinə dəyişikliklərin qəbuluna mane olublar. Gərəkli kvorumu təmin etmək mümkün olmayıb – səsvermə üçün 63 deputat lazım olsa da, yalnız 57 deputat iclasa gəlib. Dəyişikliklər paketi hökumət tərəfindən hazırlanıb.

Bu durum yenidən Paşinyanı parlamentin buraxılması ilə bağlı qərarın doğruluğuna əmin edib.

Amma iqtidarda olan “Vətəndaş Sazişi” partiyası nümayəndələrinin və Nikol Paşinyanın özünün bildirdiyinə görə, bu heç nəyi dəyişmir və seçki yenə də bu ilin dekabrında baş tutacaq.

Bazar ertəsi, oktyabrın 28-də parlamentdə növbədənkənar iclasda yenidən Seçki Məcəlləsinə dətyişikliklər edilməsi ilə bağlı səsvermə keçirilməlidir. Amma bu dəfə də dəyişikliklər qəbul olunmasa, seçkilər qüvvədə olan məcəlləyə əsasən keçiriləcək.

Hökumət Seçki Məcəlləsində nəyi dəyişməyi təklif edir?

Ermənistanın ədliyyə nazirinin səlahiyyətlərini yerinə yertirən Artak Zeynalyan bildirir ki, Seçki Məcəlləsinin ishalatı aşağıdakı məsələləri həll etməyə imkan verir:

  • namizədlərin ərazi siyahılarının ləğv edilməsi,
  • sadə proporsional seçki sisteminə keçid,
  • koalisiyaların formalaşdırılması ilə bağlı məhdudiyyətlərin ləğvi,
  • minimal keçid baryerinin azaldılması (partiyalar üçün əvvəlki 5 faiz əvəzinə 4 faiz, bloklar üçün isə əvvəlki 7 faiz əvəzinə 6 faiz nəzərdə tutulub)
  • seçki girovunun 10 milyon dramdan (təxminən 20 min dollar) 7,5 milyon drama (15 min dollar) endirilməsi
  • MM-ə hazırda olduğu kimi ən azı 3 yox, 4 siyasi qüvvənin seçilməsinə zəmanət,
  • qadınların iştirakının yüksəldilməsi (hazırkı 25 faizlik iştirak göstəricisinin 30 faizə yüksəldilməsi).

Həmçinin saytda: Seçki ərəfəsində hökumətin Seçki Məcəlləsinə etmək istədiyi dəyişikliklərin təfərrüatı

Niyə deputatlar dəyişikliklərin qəbuluna mane olub?

Seçki Məcəlləsinə nəzərdə tutulmuş bütün dəyişikliklər gələcəkdə parlamentdə balansın təmin edilməsinə hədəflənib. Konstitusiyaya əsasən, parlamentdə çoxluğa nail olmuş partiya mandatların 2/3-dən çoxunu əldə edə bilməz, mandatların üçdə birini müxalifət qazanmalıdır.

Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının səslərin 67 faizini toplayacağına çox az adam şübhə edir. Əsas sual qalan 33 faizin necə bölüşdürüləcəyi ilə bağlıdır.

Bax, burada parlamentə indiki kimi üç yox, daha artıqq partiyanın keçməsidir. Çünki bir partiya nəzəri olaraq 25-18 faiz səs toplaya bilər ki, bu da iqtidar çoxluq üçün arzuolunan deyil. Analitiklər deyirlər ki, hökumət dəyişiklikləri həm də ona görə irəli sürüb ki, parlamentdə gələcək müxalifəti fraqmentləşdirsin və müxalif potensialın bir qüvvənin əlində cəm olmasına imkan verməsin.

Seçki Məcəlləsinə dəyişikliklərin qəbulunun baş tutmamasını analiz edərkən Ermənistan mediası yazırdı ki, keçmiş iqtidar partiyasına və onun tərəfdarlarına hər şeydən çox “reytinq” sisteminin və ya ərazi siyahılarının ləğv edilməsi mane olur.

Məhz bu siyahılar üzrə hazırkı parlamentə regionlardan ikrah doğuran şəxslər seçilib. Öz nüfuzu və pulu hesabına onlar öz partiyaları üçün minlərlə səs toplayıb, mandat əldə edə biliblər. Bu sistem oliqarxların və “avtoritetlərin” parlamentə giriş kanalı hesab edilirdi. İndi bunun ləğvi təklif olunur.

Dəyişikliklər həmçinin ümumdövlət seçkiləri zamanı Ermənistanın İcitimai Televiziyasında debatların mütləq olmasını, Ermənistanın İctimai Radiosunda və İctimai Televiziyasında pulsuz efir vaxtının uzadılmasını da nəzərdə tutur.

Bu arada Venesiya Komissiyası ümumilikdə dəyişiklikləri alqışlayıb, onların qüvvəyə minməsini isə indi yox, bir il sonra təmin etməyi tövsiyyə edib.

Fors-major və gözlənilən çözüm

Ermənistandakı hadisələr artıq uzun aylardır ki, sürətlə və fors-major tempində inkişaf edir. Parlament seçkiləri konstitusiya böhranının çözümü və ölkənin siyasi həyatının yeni mərhələsi ola bilər.

Dekabrın 9 və ya 10-da Ermənistanda növbədənkənar parlament seçkiləri baş tutacaq və bu seçkilərin nəticəsində Paşinyanın Vətəndaş Sazişi Partiyası parlamentdə çoxluğa sahib olmağa ümid edir. Ermənistanın məxməri inqilabının liderinin fikrincə, parlamentdə çoxluğa sahib olmadan xalqın hakimiyyəti tam deyil.

Paşinyan insanları yeni hakimiyyətə dəstəklərini davam etdirməyə çağırıb  ki, inqilab öz məntiqi sonucuna varsın. O izah edib ki, siyasi vəziyyətin qeyri-müəyyənliyi həmçinin sərmayə axınına və ölkənin iqtisadi inkişafına da mane olur.

Ermənistanda “saray çevrilişi” mümkündürmü?

Parlament çoxluğunu təşkil edən partiyalar – Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütun – qətiyyətlə Nikol Paşinyanın bu ilin dekabrında seçki elan etmək niyyətinə müqavimət göstərirdi, 2019-cu ilin mayına israr edirdi.

Oktyabrın 2-də bu partiyalar parlamentn təcili iclasını çağırıb, reqlamentə dəyişiklik edilməsinə səs veriblər ki, bu dəyişikliklərin köməyilə parlamentin buraxılmasına mane olsunlar. Elə həmin gün Nikol Paşinyan yenə də öz tərəfdarlarını çağırdı, 50 minə qədər insan parlamenti mühasirəyə aldı. Elə küçədəcə gecə Nikol Paşinyan Çiçəklənən Ermənistan və Daşnaksütun partiyalarından olan nazirlərin və qubernatorların istefası haqda fərman imzaladı.

Növbəti günlərdə hər üç parlament partiyası bəyan etdi ki, dekabrda seçki keçirilməsinə razıdır və baş nazir kürsüsünə öz namizədini irəli sürməyəcək.

“Bolşevikləri” buraxdı

Mahiyyət etibarilə Ermənistanda siyasət meydanının təşkilatı strukturu tamamən pozulub. Lideri Nikol Paşinyanın 2018-ci ilin yazında baş tutan inqilab nəticəsində baş nazir olduğu Vətəndaş Sazişi Partiyası hələlik formalaşma mərhələsindədir. Media vaxtaşırı olaraq Ermənistan sakinlərinin kütləvi şəkildə bu partiyaya qoşulduğu haqda yazsa da, hələlik bu, rəsmi şəkildə təsdiqlənməyib. Bundan başqa, partiyanın ideoloji konsepsiyası haqda da çox şey məlum deyil.

Mövcud parlament qüvvələrinə gəlincə, 15 il müddətində iqtidarda olan Respublika Partiyası tam parçalanmaq həddindədir. Deputatlar partiyanı bir-bir tərk edir. Amma partiyanın yenə də seçkiyə qatılacağı ehtimalı da var.

Oliqarx Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası sentyabrın sonunda Yerevan Ağsaqqallar Şurasına, yəni şəhər parlamentinə keçirilən seçkilərdə biabırçı məğlubiyyətlə üzləşib. Daha sonra “əks-inqilaba” qoşularaq bu partiya yeni hökumətdəki nazirlərini də itirib. İndi isə bu zərbələrdən özünə gəlməyə çalışır. Odur ki, Qaqik Sarukyan Nikol Paşinyanın “bığının altından keçməyə” və “inqilab hökumətinə” dəstək haqda memorandumu imzalamağa məcbur oldu.

Ermənistanın ənənəvi partiyalarından biri olan Daşnaksütuna gəlincə, onun 130 illik tarixi bundan daha betər keşməkeşlərə şahid olub, amma EİFD seçkilərdə iştirak edəcəyini bəyan etsə də, tam fiaskoya uğraması da istisna deyil.

Robert Koçaryana hərəkət imkanı verilmədi

Bütün bu partiyalar birləşə və eks-prezident Robert Koçaryanın rəhbərliyi altında əks-inqilabi cəbhə yarada bilərdilər. Amma Nikol Paşinyan əks-inqilabı “beşiyindəcə” boğa bildi.

Bu ilin avqustunda Robert Koçaryan həbs olundu, ona qarşı 2008-ci il martın 1-də konstitusiya nizamının devrilməsi ilə bağlı ittiham irəli sürüldü. O zaman Ermənistanda keçirilən prezident seçkilərindən sonra polis müxalifətin mitinqini zor tətbiq edərək dağıtmışdı və 10 nəfər həlak olmuşdu. Robert Koçaryanı qanunsuz olaraq fövqəladə hal elan etməkdə və Yerevana ordu hissələri yeritməkdə günahlandırdılar.

Koçaryanın həbsi təxminən bir həftə sürdü. Daha sonra məhkəmə onu Konstitusiyada keçmiş prezidentlər üçün nəzərdə tutulan toxunulmazlıq hüququna əsaslanaraq azad etdi.

Robert Koçaryan siyasətə qayıtdığını və tərəfdarlarını ətrafında səfərbər edərək keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bəyan etdi. Amma sentyabr-oktyabr aylarında istintaq orqanları Robert Koçaryanın ən yaxın adamlarından biri sayılan biznesmen Samvel Mayrapetyanı həbs etdi. Daha sonra onun digər yaxın adamına – Ermənistanın Gömrük Xidmətinin keçmiş rəhbəri Armen Avetisyana qarşı cinayət işi yenidən qaldırıldı. Koçaryanın bütün korrupsiya sxemlərinin ifşa olunduğu ilə bağlı rezonanslı byanat səsləndi.

Bundan sonra Robert Koçaryan “Bloomberg”ə müsahibəsində bildirdi ki, dekabrda baş tutacaq növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətində deyil və respublikanın baş naziri olmaq üçün səy göstərməyəcək.

Parlamentə kim keçə bilər?

Eksperlər bildirirlər ki, Nikol Paşinyanın “Yelk” bloku üzrə müttəfiqi, Maariflənmiş Ermənistan Partiyasının, həmçinin Ermənistanın keçmiş hakim Respublika Partiyası və oliqarx Sarukyanın Çiçəklənən Ermənistan Partiyasının parlamentə keçmək şansı var.

Radikal “Sasna tsrer” (Sasunlu mübtəlalar) partiyasının da parlamentdə yer alması istisna deyil. Xatırladaq ki, bu partiyanın üzvləri 2016-cı ilin iyulunda Yerevanda polisin post-patrul xidməti alayını ələ keçirmiş və iki həftə ərzində saxlamışdılar. Onların tələbi o zamankı prezident Serj Sarqsyanın istefası idi. Xalq o vaxt küçələrə çıxıb, “Sasna tsrer”i dəstəkləmişdi, amma hakimiyyət dəyişikliyi baş tutmamışdı. Polis alayını ələ keçirənlər isə öz sözlərinə görə, qan tökülməsinə imkan verməmək üçün könüllü şəkildə təslim olmuşdu.

Həmçinin saytda: 2016-cı ilin iyulunda Ermənistnda nə baş verirdi?

Onlar iki il həbsdə qaldılar və yalnız Ermənistanda məxməri inqilab baş verəndən, onların edə bilmədiklərini Paşinyan və tərəfdarları həyata keçirəndən, hakimiyyət dəyişikliyinə nail olandan sonra azadlığa buraxıldılar.


More on JAMnews