Hakim partiyanın deputatları proqramın lehinə, müxalifətçilər isə əleyhinə səs verib. Hökumətin proqramını və onun haqda rəyləri təqdim edirik " />

Ermənistan parlamenti hökumətin “iqtisadiyyatda inqilaba” gətirməli olan proqramını təsdiqləyib

Hakim partiyanın deputatları proqramın lehinə, müxalifətçilər isə əleyhinə səs verib. Hökumətin proqramını və onun haqda rəyləri təqdim edirik

Ermənistanın Milli Məclisi hökumətin yaxın 5 ili əhatə edən proqramını təsdiqləyib. Parlamentin iki müxalifət qüvvəsi sənədi dəstəkləməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan proqramı parlamentə təqdim edib. Onun sözlərinə görə, bu proqram “iqtisadiyyatda inqilaba” gətirib çıxaracaq. Sənədin müzakirəsi üç gün davam edib. İqtidar partiyasından olan deputatlar bütün bu müddət ərzində baş nazirdən inqilabdan sonrakı Ermənistanda iqtisadi inqilabın necə baş verəcəyinin təfərrüatları haqda soruşublar. Müxalifət isə yorulmadan sənədi tənqid edib.

Hökumətin proqramını, sənəd haqda ekspertlərin, hakimiyyətdən və müxalifətdən olan deputatların rəylərini təqdim edirik.

Ermənistanda baş nazirlə parlament arasındakı münaqişə yenidən çoxminli mitinqlərə səbəb olub

Biznesi hakimiyyətdən ayırmaq – Nikol Paşinyanın ilk 100 günü ərzində Ermənistan iqtisadiyyatında nələr baş verib

 İqtisadi inqilab haqda

2023-cü ilə qədər hökumət ümumilikdə ölkədə yoxsulluğu tamam ləğv etməyi və kasıblıq səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

İqtisadi yüksəlişin orta tempinin illik ən azı 5 faiz olması nəzərdə tutulub.

Hökumət iqtisadi yüksəlişin strukturunu dəyişmək, bazarda yeni oyunçular yaratmaq niyyətindədir. Bu, ixracın artmasına və yeni iş yerlərinin yaradılmasına gətirib çıxarmalıdır.

Bu proqramda əsas diqqət ixracın artımına yetirilir. 2024-cü ilə qədər ixrac 43-45 faiz ÜDM təşkil etməlidir.

Sənəddə mikrobiznesin (illik gəliri 24 milyon dramı – təxminən 50 min dolları aşmamalıdır) tamamilə vergidən azad edilməsi də qeyd olunub.

Energetikaya gəlincə, günəş enerjisinin istehsalı və istehlak payının artırılması niyyəti gözlənilməzdir. 2022-ci ilə qədər bu pay 10 faiz təşkil etməlidir.

Proqramda həmçinin maaşların, pensiyaların və müavinətlərin artırılması da nəzərdə tutulub, amma dəqiq rəqəmlər göstərilməyib.

Xarici siyasət

Xarici siyasətdə hökumət əlbəttə ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunur və bu istiqamətdə ATƏT-in Minsk Qrupu ilə işini davam etdirdiyini təsdiqləyir.

Sənəddə “məxməri” inqilabdan dərhal sonra Paşinyanın qaldırdığı məsələ – Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması haqda da danışılır. Baş nazir bir daha öz yanaşmasını izah edib: o, Ermənistan adından danışıqlarda iştirakdan imtina etmir. Amma DQ sakinləri adından çıxış eləmək haqqını özündə görmür, çünki onlar onu seçməyiblər.

Erməni soyqırımının beynəlxalq səviyyədə tanınması hökumətin prioritetləri sırasındadır.

Rusiya, həmçinin Avrasiya İqtisadi İttiffaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi haqda ayrıca söz açılır. Yəni Rusiyanın himayəsi altında fəaliyyət göstərən iki təşkilatla.

Eyni zamanda Avropa İttifaqı, ABŞ, İran, Çin və Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsi niyyəti də təsdiqlənir.

 Müdafiə

Hökumət proqramının əhəmiyyətli hissəsi müdafiə məsələlərinə ayrılıb. Məsələn, yeni növ silahların: çoxfunksiyalı aviasiya, müasir hava əleyhinə müdafiə komplekslərinin alınmasının vacibliyi vurğulanır.

Korrupsiya ilə mübarizə

Hökumət yaxın illərdə “məxməri” inqilabdan dərhal sonra başlayan korrupsiya ilə mübarizəni davam etdirəcək. Baş nazir korrupsiya ilə institusional mübarizə üçün xüsusi orqan yaradılmasının vacib olduğunu bildirib.

“Yaxın zamanda vətənimizi kriminal-oliqarx və korrupsiya idarəetməsinin son töküntülərindən xilas etməliyik”, – baş nazir deyib.

Hökumət oğurlanan vəsaitlərin büdcəyə və ölkədən qanunsuz çıxarılan kapitalın isə Ermənistana qaytarılması üçün işini davam etdirəcək.

 Hökumətin proqramı haqda rəylər

Hökumətin proqramı qızğın mübahisələrə səbəb olub – həm parlamentdə, həm cəmiyyətdə, həm də ekspertlər arasında.

İki müxalif parlament qüvvəsi nəticədə sənədin əleyhinə səs verib. Və sənəd iqtidar partiyasının Milli Məclisdə çoxluq təşkil etməsi sayəsində qəbul edilib.

Parlamentdə təmsil olunan müxalif Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan bəyan edib ki, hökumətin proqramını inqilabi hesab etmir:

“Gizlətməyəcəm, iki-üç müddəa var ki, onların reallaşdırılması zamanı xalq müsbət dəyişikliklər hiss edəcək. Amma bu, iqtisadi inqilab proqramı deyil”.

Digər parlament müxalifəti, Maariflənmiş Ermənistan Partiyası hökumətin proqramını “abstrakt” hesab edir. Bu partiyanın nümayəndəsi Gevorq Qorqisyan deyib ki, proqramın əsas problemi konkret müddət və konkret göstəricilərin  olmamasından ibarətdir:

“Mən sadəcə rəqəm axtarırdım, baxırdım ki, hansı plankalar də müddətlər göstərilib. Bütün 69 səhifəlik proqramda 12 bu cür rəqəmə rast gəldim. Əlbəttə, bu azdır, çünki proqram bizim hara, nə üçün və necə getdiyimizi göstərən yol xəritəsi olmalıdır”.

Sənəddə müəyyənliyin və dəqiq göstərilən rəqəmlərin olmaması ilə hətta istidarda olan “Mənim addımım” blokunun deputatı, Milli Məclisin iqtisadi məsələlər üzrə daimi komissiyasının rəhbəri Babken Tunyan da razılaşır:

“Razıyam, rəqəmlər azdır, ola bilər, bununla bağlı – proqramda nə qədər rəqəm olmalıdır – konkret standart yoxdur. İstəyərdim ki, daha çox rəqəm hədəfləri olsun, amma proqramda yer alan hədəflər də həlledicidir. Məsələn, ÜDM-nin illik minimal 5 faiz yüksəlməsi, həmçinin ixrac payının artması da çox vacib göstəricidir.

 Bundan başqa, hökumətin ötən proqramından elə məsələlər qalıb ki,[söhbət Paşinyanın inqilabdan dərhal sonrakı hökumətinin ilk tərkibindən və onun proqramından gedir – JAMnews] : yoxsulluq səviyyəsinin 10 faiz, işsizliyin 5 faiz azaldılması. Bunlar 5 ildən sonra cəmiyyətin qarşımıza qoyduğumuz məqsədlərin öhdəsindən gəlib-gəlmədiyimizə qərar verə bilməsi üçün yetərlidir”.

Ekspert rəyi

Ermənistan İşverənlər İttifaqının sədri Qaqik Markaryan proqramı “möhtəşəm” hesab edir:

“Şəxsən mənim çox xoşuma gəldi ki, yeni müəssisələrin yaradılmasına yox, mövcud müəssisələrin modernləşdirilməsinə üstünlük verilib. Bunun üçün alətlər, o cümlədən də vergi güzəştləri və maliyyə əlçatımlılığı nəzərdə tutulub ki, bu məqsədlə də Mərkəzi Bank və hökumət bütün tədbirləri görəcək”.

Eyni zamanda, Qaqik Markaryanın sözlərinə görə, bütün bunların mənfi tərəfi də var:

“Proqram çox sayda arzu və məqsədlə hədsiz zəngindir. Məhz bu, dövlət aparatı üçün maneə ola və aparat proqramı həyata keçirməkdə çətinlik çəkə bilər. Maksimalist olan baş nazir ola bilər ki, proqrama maksimum müsbət addım daxil etməyə çalışıb, amma onun komandası bunlara hazır deyil”.

Ekspertin fikrincə, bu, ya yaxın aylarda hökumət daxilində ciddi dəyişikliklərə, ya da mənfi nəticələrə, o cümlədən də əhalinin etimadının azalmasına gətirib çıxara bilər.

Baş nazirin yekun çıxışı

Proqram üzərində üç günlük qızğın müzakirələri baş nazir ümumilikdə səmərəli və uğurlu hesab edib. Özünün yekun nitqində Paşinyan bir daha iqtisadi inqilabın başlanğıcı haqda bəyan edib:

“Mən bu gün yürüşümə başlayıram – bu dəfə iqtisadi inqilaba və qələbəyə doğru. [Paşinyanın rəhbərlik etdiyi 2018-ci ilin yazında baş tutan “məxməri” inqilab Ermənistanın ikinci şəhəri Gümridən paytaxta yürüşlə başlayıb. Bu aksiya “Mənim addımım” devizi altında keçirilib –JAMnews]. Və addım atmaq istəyən, qoy, addımını atsın. Bu yolu keçmək istəyən, qoy, mənimlə birlikdə addımlasın. Çünki biz azad, xoşbəxt Ermənistana doğru addımlayırıq.

Bəli, bu iqtisadi inqilab qalib gəlməliddir. Və qalib gələcək də. Qoy, heç kim buna şübhə etməsin. Bütün pessimist proqnozları özünüzə saxlayın. Çünki bu, köhnə məntiqdir – ya pis, ya da hada pis olacaq. Yaxşı və daha yaxşı olacaq. Amma bunun üçün hər kəs bu ideyanın daşıyıcısı olmalıdır”.

Facebook Comments

More on JAMnews