Bəzi keçid müddəaları artıq qüvvədədir, sənəd bütövlükdə isə Avropa İttifaqının bütün üzvləri tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcək " />

Ermənistan Avropa İttifaqı ilə saziş ratifikasiya edən yeganə AAİİ ölkəsi oldu

Bəzi keçid müddəaları artıq qüvvədədir, sənəd bütövlükdə isə Avropa İttifaqının bütün üzvləri tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcək

Bu gün Ermənistan Milli Məclisinin deputatları Avropa İttifaqı ilə hərtərəfli və geniş tərəfdaşlıq haqda Sazişi yekdilliklə ratifikasiya ediblər. Saziş 2017-ci il noyabrın 24-də Brüsseldə imzalanıb.

Hakimiyyət bəyan edir ki, saziş Ermənistan üçün tarixi əhəmiyyət daşıyır, bu, ölkənin xarici siyasətində ən əhəmiyyətli epizodlardan biridir. Ermənistanın Qərblə belə vacib müqavilə bağlayan Avrasiya İqtisadi İttifaqının tərkibindəki yeganə dövlət olması faktı xüsusilə vurğulanır.

“Bu, demək olar ki, zərgər dəqiqliyi ilə həyata keçirilmiş siyasətin təzahürüdür. Bu gün Ermənistan təhlükəsizlik üzrə tam əks təşkilatda – Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatında (KTMT) iştirak edən və belə bir iddialı sazişi imzalamağa müvəffəq olan yeganə Şərq tərəfdaşlığı ölkəsidir”, – iqtidarda olan Respublikaçılar Partiyasının deputatı Samvel Farmanyan bildirib.

Bəzi müxalif deputatlar qeyd edirlər ki, Ermənistan hakimiyyəti “həm Qərblə, həm Rusiya ilə” prinsipinə əsaslanan xarici siyasət planında uğurlarını çox şişirdir.

Onların fikrincə, Ermənistan Avropadan daha çox şey əldə edə bilərdi, amma bu şansı əldən verib. Söhbət 2013-cü ildə Ermənistanın Rusiya ətrafında yaradılan Gömrük İttifaqına daxil olmaq niyyətini elan etməsindən və bunun nəticəsində Aİ ilə daha tutarlı sənəd – Assosiasiya haqda Saziş imzalamaq şansını əldən verməsindən gedir.

Müxalifət və bir sıra ekspertlər bildirirlər ki, hazırda Ermənistanın Avropa İttifaqı ilə bağladığı sazişdə nəzərdə tutulan islahatları həyata keçirmək üçün iradə nümayiş etdirməsi çox vacibdir.

“Oyun sazişin ratifikasiyası anından başlanır: Ermənistan etibara layiq korrupsiyaya qarşı orqan yaradacaqmı, bu halla kim mübarizə aparacaq? Ermənistanda müstəqil məhkəmə sistemi, iqtisadi rəqabət üzrə bugünkündən fərqli komissiya olacaqmı?” – müxalif deputat Edmon Marukyan vurğulayıb.

Saziş Aİ üzvü olan bütün ölkələr tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcək. Amma sənəddə artıq indidən, Ermənistan Milli Məclisi tərəfindən ratifikasiya olunduğu andan qüvvəyə minən keçid müddəalar da yer alıb.


More on JAMnews