Ən yaxşı mal isə ancaq tanış alıcılar üçündür" />

Demək olar ki, hər şeyin satıldığı Bakının “Təzə bazarı”ndan 28 foto

Ən yaxşı mal isə ancaq tanış alıcılar üçündür

Təzə bazar Bakının ən köhnə bazarlarından biridir. Onun haqqında “burda nə istəsən var” deyirlər – heyvan, əntiq əşyaları, ət, balıq, min bir xırdavat. Hələ sovet dönəmində fərdi şəxslər tərəfindən mal alverinin cinayət olduğu vaxtlarda da belə olub. “Təzə bazarda” bəzi xarici mallar gizlicə satılıb.

Bazarın içindəki kafedə işləyən Hüseyn dayı artıq neçə illərdir bu bazarda alıcılara və satıcılara xidmət göstərir. Hüseyn dayının dediyinə görə, bu kafedə bəzən yolu düşən turistlər də çay içib nahar edirlər.

Ət və balıq satılan hissədə daha çox alıcı var. Bu bazarın bir başqa özəlliyi də bazarın içində səyyar alverçilərin olmasıdır. Bazarda gəzdiyin yerdə müştəriyə yaxınlaşıb, balıq kürüsü təklif edəndən tutmuş, nərə balığının daha ucuz qiymətə satılmasına qədər. Müştərinin istəyinə uyğun olaraq, alınan balığı təmizləmək, bişirmək də mümkündür.

Xırdavat məhsullar satan Ağası kişi 20 ilə yaxındır bu bazarda çalışır. Xüsusi müştərilərinin olduğunu deyən Ağası dayının sözlərinə görə, müştərinin etibarını qazanmaq üçün istədiyi əşyanı da tapıb ona vermək lazımdır: “Əgər satdığın əşyalar içərisində onun istədiyi yoxdursa, bu o demək deyil ki, olmayacaq. Sadəcə vaxt istəyirsən, tapacağına söz verirsən. Söz verdinsə, mütləq tapmalısan. Ona görə də bazar adamı olmaq, bazarda uzun müddət işləyib hamını tanımaq yaxşıdır”.

Neçə illərdi bazarda satıcılıq edən Vahid kişinin dediyinə görə, keyfiyyətli məhsullar “xüsusi” tanış alıcılar üçündür. Bu, ət, balıq kimi məhsullarda “işləyir”: “Müştərilərimizə zəng edib deyirik ki, keyfiyyətli filan məhsul gəlib, gəlib götürərsən”. Bu cür “diqqətin” qiyməti də o birilərindən daha bahadır.

Bəzi satıcılar o qədər bu bazara öyrəşiblər ki, məhsullarını satıb qurtarandan sonra da burda qalıb otururlar. Bir yerə yığışıb çay içən kim, söhbətləşən kim, alveri müzakirə edən kim.

30 ilə yaxındır bu bazarda əntiq və köhnə əşyalar satan Əziz kişi alıcılardan şikayət etmədiyini deyir. Bir tərəfdən, vintaj və əntiq əşya elə bir şeydir ki, hər gün ehtiyac olmur onlara. Amma bəzən satıcılar sanki sözləşmiş kimi, bir gün ərzində hər şeyi alıb, gedirlər. “Sadəcə uzun zamandır bu bazarda işləyirəm deyə, artıq hamı tanıyır məni və köhnə əşyalar axtaran alıcıları mənim üstümə göndərirlər”.

Samovardan tutmuş, köhnə kaset, fotoaparat və bir çox əşya satan Əziz kişi, hətta kimsə köhnə əşya satarsa ona yönləndirməyi dönə-dönə bizə tapşırdı.

Belə bir deyim var ki, əgər yaxşı məhsul almaq istəyirsənsə, gərək bazara gün çıxmamış gedəsən.


More on JAMnews