Sual ondadır ki, Rusiya bu prosesi İnterpol vasitəsilə başlatmaq istəyəcəkmi?" />

Cənubi Osetiya keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili və daha 76 Gürcüstan hərbçisinin beynəlxalq axtarışa verilməsini xahiş edir

Sual ondadır ki, Rusiya bu prosesi İnterpol vasitəsilə başlatmaq istəyəcəkmi?

Foto: REUTERS/ Kazbek Basayev, Sxinvalda 2015-ci il avqustun 7-də çəkilib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və 76 Gürcüstan hərbçisi Cənubi Osetiya ətrafında 2008-ci ilin avqustunda baş vermiş “beş günlük müharibə” ilə bağlı Cənubi Osetiyanın hərbi cinayətlər törətmiş şəxslərin siyahısına daxil edilib. Cənubi Osetiya Prokurorluğu bu siyahını Rusiya Baş Prokurorluğuna təqdim edib və siyahıda adı olan şəxslər haqqında İnterpol vasitəsilə axtarış elan olunmasını təklif ediblər.

Cənubi Osetiya prezidenti Anatoli Bibilov az əvvəl Abxaziyaya səfəri zamanı jurnalistlərə bildirib ki, Cənubi Osetiyada 2008-ci il avqust hadisələri ilə bağlı cinayət işi qaldırılıb və Haaqa beynəlxalq məhkəməsində araşdırılması üçün bütün sənədlər hazırlanıb, amma “işdə həələ irəliləyiş yoxdur”.

Bunun səbəbi Cənubi Osetiyanın qismən tanınan dövlət statusunda olması ilə əlaqədardır, bu, İnterpola müraciət etməyə imkan vermir. Amma İnterpolda iştirak edən və eyni zamanda Cənubi Osetiyanı tanıyan Rusiya müstəqil dövlət olaraq bu prosesdə vasitəçi kimi çıxış edə bilər – əgər istəsə.

Moskva İnterpol vasitəsilə belə bir prosesin başladılmasını istəyəcəkmi?

Rusiyalı politoloq Modest Kolerov “Exo Kavkaza” onlayn platforması ilə söhbətində deyib ki, Rusiya Baş Prokurorluğu uçub Cənubi Osetiyadan olan həmkarlarının ricasını həyata keçirmək üçün heç bir maneə yoxdur, çünki “Gürcüstanın özü də Saakaşvilini axtarışa verməyə hazırdır”.

Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin baş hüquqşünası Kiril Koroteyev vəziyyəti fərqli görür.

“Burada anlamaq lazımdır ki, Rusiya sözün normal polis mənasında İnterpol sisteminin benefisiarıdır. Bu beynəlxalq təşkilat bəzən Rusiyaya həqiqətən də lazım olan şəxsləri yaxalayır. Onlarla Gürcüstan vətəndaşının həyatını qaraltmaqdan ötrü Rusiya İnterpolun özünə qarşı onsuz da zədələnmiş etibarına daha da xələl gətirmək və bunun nəticəsi olaraq axtarışda olan real cinayətkarların alınmasını sual altına qoymaq istəyəcəkmi? Düşünürəm ki, bax, bunun üzərində Rusiya ciddi düşünməlidir”, – Koroteyev “Exo Kavkaza” portalına bildirib.

O, həmçinin, Cənubi Osetiya rəhbərliyinin artıq uzun müddət ərzindəki mövqeyində “bəzi dissonanslara” fikir verməyi təklif edir. Bir tərəfdən Sxinval beynəlxalq hüquqa və beynəlxalq instansiyalara istinad edir. Eyni zamanda isə beynəlxalq institutlarla, o cümlədən də Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıqdan imtina edir və Cənubi Osetiyanın yüksək vəzifəli şəxsləri bu qurumu “muzdlu” adlandırır.

Kiril Koroteyevin fikrincə, bu, bir çox ölkələrin misalında tez-tez təkrarlanır – onlar beynəlxalq məhkəməni öz opponentləri ilə haqq-hesab çəkmək vasitəsi kimi görür, amma onu da unudurlar ki, Avropa strukturunda qanun qarşısında hamı bərabərdir.

“Məhkəmələrlə peşəkarca işləmək sənin vətəndaşlarının da təqibə məruz qala biləcəyini qəbul etmək deməkdir. Buna görə də peşəkar hüquqi işə deyil, səs-küylü, amma yanlış siyasi bəyanatlara üstünlük verilir. Təəssüflə qeyd etmək istəyirəm”.

Beynəlxalq Cinayət Məhkəməsi (the International Criminal Court, ICC) 2016-cl il yanvarın 27-də Cənubi Osetiya ətrafında Rusiya və Gürcüstan arasında baş verən münaqişə zamanı mümkün hərbi cinayətlərə dair rəsmi araşdırma başladıb.

ICC-nın bəyanatında bildirilir ki, 6 mindən çox insan münaqişə qurbanı olduğu iddiası ilə 2015-ci ilin dekabrında beynəlxalq məhkəməyə ərizə göndərib.

2015-ci ilin oktyabrında ICC prokuroru Fatu Bensuda bəyan edib ki, Onun ixtiyarında münaqişənin hər iki tərəfinin [Rusiya və Gürcüstan] sülhməramlıların qətlində əli olduğuna dair sübutlar var və bu da hər cinayət hesab edilir.

O, həmçinin bildirib ki, onda 2008-ci ilin avqust və sentyabr aylarındakı münaqişə zamanı Cənubi Osetiya hərbi qruplaşmalarının etnik gürcüləri qətl etməsini potensial olaraq təsdiqləyən şahid ifadələri də var.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews