«Bu, bizim kişimiz, bizim işlərimizdir, özümüz də həll edəcəyik». Çeçenistandan olan geyləri Rusiyanın hər yerində təqib edirlər
«Novaya qazeta»nın materialı əsasında
Sankt-Peterburqda bu yaxınlarda 20 yaşlı Çeçenistan əsilli, vətənində homoseksual oriyentasiyasının olmasında şübhəli bilinən Zəlimxan Eliyeviç Axmadovu oğurlamaq cəhdi edilib.
Zəlimxan zibil atmaq üçün evindən çıxıb, bu zaman ona dörd nəfər hücum edərək, maşına mindirib, hostelə aparıblar, burada Zəlimxanı atası gözləyirdi.
Zəlimxanın dostu hadisə barədə Rusiya LGBT şəbəkəsinə məlumat verib, onlar da vəkillə birlikdə hadisə yerinə gəlib, şahidləri tapıb, sorğu-sual edib, polis şöbəsinə müraciət ediblər. Polis tezliklə Axmadovun yerini müəyyən edə bilib, bunun sayəsində Zəlimxan atası ilə birlikdə artıq bir neçə saat sonra ifadə vermək üçün şöbəyə aparılıb.
Onlar beş saatdan çox polisdə olublar. Bütün bu vaxt ərzində atası Zəlimxanı videomüracət edərək, oğurlanması faktını və seksual oriyentasiyasını təkzib etməsi üçün dilə tutub.
Videotəkzib Çeçenistan hakimiyyətinin öz ünvanına deyilən ittihamlarla mübarizə metodudur. Onlarla belə hadisə məlumdur ki, Çeçenistan hakimiyyətinin tənqidçiləri öz istəyi ilə deyil, təzyiq altında sonradan öz sözlərinə görə açıq şəkildə üzr istəyiblər.
Hüquq müdafiəçiləri Zəlimxana bu cür video yazılışının fəsadlarını izah ediblər: bundan sonra onu çətin kimsə Çeçenistana aparılmaqdan və “namus üstündə qətl”dən qoruya biləcək, Çeçenistan hakimiyyəti onun qohumlarını məhz buna təhrik edir. Zəlimxan video çəkmədi.
LGBT şəbəkəsinin məlumatına görə, hazırda Zəlimxan təhlükəsiz yerdə və mühafizə altındadır, onun işi ilə vəkil məşğuldur.
Doqquz ay əvvəl o, doğma evindən məhz qohumlarının (atası və qardaşının) onu öldürməyə məcbur edildiyinə görə qaçıb. Zəlimxan respublika hakimiyyəti tərəfindən təşkil olunmuş geylərə qarşı geniş kampaniya çərçivəsində təqiblərə məruz qalıb. Bir il əvvəl Çeçenistanda kişilərin seksual oriyentasiyasına görə təqib faktlarının yaratdığı böyük səs-küyə baxmayaraq, cinayətlər bu günə qədər də davam edir. Araşdırmaq əvəzinə Rusiya İstintaq Komitəsi cinayətlərin izini gizlətmək və cinayətkarları cinayət məsuliyyətindən azad etmək üçün əlindən gələni etdi. Bu, faktlar və sübutların sıfırlanması üzrə bir il sürən böyük iş kədərli nəticəyə gətirib çıxardı: hüquq müdafiəçiləri Çeçenistanda geylərin təqibi, eyni zamanda qətl faktlarını indiyə qədər də qeyd edir.
Belə ki, yanvarda müğənni Zəlimxan Bakayevin öldürüldüyü məlum oldu. Ötən ilin avqust ayında onu yalanla Moskvadan Çeçenistana gətizdirib, oğurlayıb, bir neçə ay ərzində Qroznının gizli həbsxanalarından birində saxlayıblar. Sonradan da Bakayevin öldürüldüyü məlum olub.
Çeçenistan başçısı Ramzan Kadırov yanvarın 17-də etdiyi bəyanatda bildirib ki, respublika hakimiyyətinin Bakayevin qətlinə heç bir aidiyyəti yoxdur, onu qohumları öldürüb:
«Məgər onların nəslində normal kişi yoxdur? Axı onlar qohumlarının nə ilə məşğul olduğunu bilirdilər. Demək istəmirlər ki, bu bizik, bizim kişimizdir, biz etmişik. Onlar qohumlarının kim olduğunu gözəl bilirlər. Sonra da guya bunu Kadırov edib. Biz haradan bilək, o hardadır. Niyə bizi bu çəkişmələrə qoşursuz?»
Zəlimxanın Çeşenistandan qaçıb gizləndiyi həmin o doqquz ay ərzində bu, artıq onun oğurlanmasının beşinci cəhdidir. Qohumlarının onu Rusiyanın hər yerində təkildə izləməsi onların qana susamasından daha çox, dəhşətli bir seçim qarşısında qoyulmalarından xəbər verir: ya onlar Zəlimxanla “problemi özləri həll edir”, ya da Çeçenistanda hörmətlərini itirir və məhkəməsiz cəzalandırıla bilərlər.