Tərəflərin mövqeləri nədən ibarətdir, nəyə görə mübahisə edirlər və necə olacaq?" />

Böyük Britaniya və Avropa İttifaqı: ayrılıq niyə çətin başa gəlir?

Tərəflərin mövqeləri nədən ibarətdir, nəyə görə mübahisə edirlər və necə olacaq?

Böyük Britaniyanın baş naziri Tereza Mey 2018-ci il sentyabrın 20-də Avstriyada Avropa İttifaqının liderləri ilə qeyri-formal görüşdən sonra mətbuat konfransı keçiriləcək zala gedərkən. REUTERS/Leonhard Foeger

Avropa İttifaqı ölkələrinin rəhbərləri və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında Böyük Britaniyanın Aİ-dən çıxış şərtlərinin müzakirə olunduğu danışıqlar uğursuzluqla nəticələnib.

Tərəflər nə ilə bağlı razılığa gələ bilmir?

Üç əsas problem

Aİ və Böyük Britaniyanın ağrısız ayrılmasına mane olan üç əsas problem var.

• Böyük Britaniyanın tərkibindən çıxması ilə iqtisadiyyatına vurduğu ziyana görə Avropa İttifaqına ödəməli olduğu kompensassiyanın həcmi.

• Böyük Britaniyada yaşayan Avropa İttifaqı vətəndaşlarının və Avropa İttifaqı ölkələrində yaşayan Böyük Britaniya vətəndaşlarının haqları.

• Böyük Britaniyanın bir hissəsi olan Şimali İrlandiya ilə Avropa İttifaqının üzvü olan İrland Respublikası arasındakı sərhədin statusu.

Hazırda ən həllolunmaz məsələ İrland Respublikası ilə Şimali İrlandiya arasındakı sərhədin yenidən qurulmasıdır.

Böyük Britaniyanın Aİ-dən çıxışı bu sərhədin tammənalı dövlətlərarası sərhədə – pasport nəzarəti məntəqələri, gömrük baxışı və video-müşahidə ilə – çevrilməsini tələb edir.

Amma Şimali İrlandiyanın aparıcı siyasi qüvvəsi – Yunionist Partiyası buna qəti şəkildə etiraz edir.

Böyük Britaniyanın mövqeyi

Həm hökumət, həm müxalifət Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinin lehinə çıxış edir. Amma hər iki düşərgədə bu məsələ ilə bağlı təkrar referenduma nail olmağa çalışan nüfuzlu qüvvələr var.

2016-cı ildə keçirilən ilk referendumda ölkə vahid fikrə gəlmədiyi üçün təkrar referendum şansı yetəri qədər yüksəkdir

O zaman İngiltərə və Uels çıxış lehinə, Şotlandiya və Şimali İrlandiya isə Böyük Britaniyanın Avropa İttifaqı üzvü qalmasının lehinə səs vermişdi.

Bu yaxınlarda Tereza Meyin Avropa İttifaqı liderləri ilə danışıqlarının uğursuzluğa uğramasından sonra Böyük Britaniyada yeni parlament seçkiləri və baş nazirin dəyişməsi perspektivləri çox mümkün görünür, BBC yazır.

Avropa İttifaqının mövqeyi

Breksit şərtləri ilə bağlı danışıqların uğursuzluğundan sonra Avropa Komissiyasının sədri Donald Tusk Instegram səhifəsində bir dilim tort götürmək istəyən Böyük Britaniya baş naziri Tereza Meyin fotosunu paylaşıb. Fotoya belə bir yazı da əlavə olunub: “Bağışlayın, albalı yoxdur”.

Bununla da Avropa İttifaqı ilə danışıqlarda Böyük Britaniyanın eqoist mövqe tutduğuna eyham vurulur.

Çoxları bu paylaşımın istehzalı olduğu qənaətinə gəlib. Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant cavabında bəyan edib ki, “Böyük Britaniyanın nəzakətini zəifliklə səhv salmaq lazım deyil”. O, həmçinin bildirib ki, sosial şəbəkələrdə təhqir çətin vəziyyətdən çıxış yolu tapmağa kömək eləmir.

Amma sonra Tusk bildirib ki, “Tereza Meyə heyrandır və hələ də kompromis mümkündür”.

Kompromis necə ola bilər?

Həm Böyük Britaniya, həm Avropa İttifaqı bildirir ki, Şimali İrlandiya və İrland Respublikası arasında tammənalı dövlətlərarası sərhəd statusunun tətbiqini istəmir.

İqtisadiyyatda gələcək üçün mümkün nümunə Kanada misalı ola bilər. Bu ölkənin 2016-cı ildən Avropa İttifaqı ilə azad ticarət haqda sazişi var və bu ona Avropa bazarına gömrüksüz çıxış qazandırıb.

Böyük Britaniyanın Avropa İttifaqında və Avropa İttifaqının Böyük Britaniyada yaşayan vətəndaşlarının haqları ilə bağlı məsələ Avropa İttifaqı ölkələri ilə ikitərəfli razılaşma bağlamaq yolu ilə mümkündür.


More on JAMnews