Zibilxana əhalinin daha az təminatlı hissəsini gəlirlə təmin edir" />

Başqa iş yoxdur

Zibilxana əhalinin daha az təminatlı hissəsini gəlirlə təmin edir

Onun günəşdən və çirkdən qaralmış əllərinin dərisindən demək olar ki, fərqlənməyən bir az da qara dırnaqlarını seçmək olmur. Sifət cizgiləri gənc olduğunu büruzə versə də, ağır yaşamla dolu illər yaşını artırır. Gözlərində ümidsizlik var. Şəklini çəkməməyi xahiş edir. Bu zaman böyük polietilen paketinə əlindəki plastik şüşələri qoymağa çalışır. Deyir ki, paketi tam doldura bilsə gündəlik qazancını təmin edə bilər – bu da min dramdır [1 dollardan bir az çox].

“İnsanlar zibilliyə nə atır? İndi əsasən zibil. Əvvəllər işlərimiz daha yaxşı gedirdi, bu zibilxananın hesabına yaşayırdıq. İndi isə burada ancaq plastik şüşələr, plastmas olur. Əlimdən başqa nə gəlir ki? Başqa iş yoxdur – ancaq burada özümə çörək pulu qazana bilirəm, – artıq 10 ildən çoxdur ki, Nubaraşen zibilliyi ilə dolanan 50 yaşlı Rita Qevorqyan deyir.

52 hektarlıq sahəni tutan zibilxana Yerevanın qırağında, Erebuni inzibati rayonunda yerləşir. Buradan qalxan tüstünü paytaxtın daha yüksək nöqtələrindən görmək olur, külək isə onu qonşu məhəllələrə aparıb çıxarır. Artıq uzun illərdir ki, zibillik əhalinin “daha az təminatlı adlanan hissəsinin öz qazancını tapdığı yer olaraq qalır.

Müxtəlif yaşlı kişilər və qadınlar səbirsizliklə növbəti zibil maşınının gəlməyini gözləyirlər. Onlar zibilin arasında qiymətli əşyalar axtarıb tapmağa çalışırlar. Bir çoxları özünü üfunətdən və viruslardan qorumaq üçün ağız-burunlarını parça ilə örtürlər. Çirk və yiyəsiz itlərə artıq alışdıqlarını deyirlər.

“Hamı zibilin gətiriləcəyi vaxtı bilir, qırxa yaxın adam yığışır… Butulkaları kisələrə yığırıq, onları gəlib aparan adamlar var. Mis və alümin bizim üçün ən bahalı maldır, amma indi onları nadir hallarda atan olur, – sovet dövründə Yerevan yağ-piy kombinatında işləyən iki uşaq anası Rita Qevorqyan deyir.

Zibilxanadan yığılan emal üçün yararlı olan bir kilo misi 1100 drama (2,5 dollardan az), alümini isə 200 drama (təxminən 40 sent) təhvil verirlər.

Zibilliyə atılan əşyalardan və onların rəngindən göz qamaşır: paketlər, köhnə ayaqqabılar, öz dövrünü başa vuran qaz plitələri və soyuducuların qalıqları, köhnəlmiş mətbəx əşyaları, plastmas predmetlər, rəngli metal, kitablar, qapılar, çətirlər…

Qara silindr, ağ köynək və köhnə idman ayaqqabısında… olan 50 yaşlı Qarnik Saqatelyan zibillikdə eşələnən digər insanlardan fərqlənir. Sakit tonla danışır, şüşə qırıntıları ilə əllərini yaralamamaq üçün boz əlcəkdə işləyir. Deyir ki, artıq 8 ildən çoxdur ki, onun hər günü Nubaraşen zibilliyində başlayıb qurtarır.

“Misin hər qırıntısına sevinirik. Onu daha çox elektrik naqilindən yığmaq olur. Əhvalımı pozmuram – nə etmək olar, indi də işim bundan ibarətdir. Jurnalistlər gələndə əhvalım pozulur, kameralar bizi çəkir, televiziya ekranlarında göstərirlər, səhəri gün isə qonşularım deyir: səni zibilxanada görmüşük… Əlbəttə, onlar mənim bura gəldiyimi bilir. Amma yenə də bu, xoş deyil, – sovet illərində 12 il elektrik cihazları zavodunda işləmiş iki uşaq atası danışır.

Söhbətimizi zibilliyə gələn yük maşınları kəsir. Saqatelyan izah edir ki, onlar zibillikdə yığılan butulka kisələrini aparmaq üçün gəliblər.

Öz çörək pulunu zibilxanada qazanan insanlar narahatdırlar: tezliklə bundan da məhrum oluna bilərlər. Eşidiblər ki, zibilliyin yanında yeni, Avropa standartlarına uyğun olanı tikmək istəyirlər.

Həqiqətən də Yerevan meriyası bildirib ki, 2018-ci ilə qədər Nubaraşendə yeni su yığımı stansiyalı zibillik tikiləcək, burada çirkab suları təmizlənəcək və torpağın dərin qatlarına düşmədən yenidən istifadə olunacaq. Bundan əlavə, yeni zibilxana həm də qaz yığımı stansiyası, qaz yandırma və elektrik enerjisi istehsalı sistemi ilə təchiz olunacaq.

Vitse-mer Vaqe Nikoyanın sözlərinə görə, bu proqram 24 milyon avroya başa gələcək, bundan 16 milyonu Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit şəklində veriləcək. Hökumət artıq 8 milyon dəyərində olan ilk kredit müqaviləsini təsdiq edib. Daha 8 milyon avronun qrant şəklində veriləcəyi güman edilir.

Subkredit şəklində krediti Yerevan meriyası tərəfindən yaradılan təşkilat öz üzərinə götürəcək, həmin təşkilat da krediti gələcəkdə zibilliyin istismarından və tullantıların yenidən emalı prosesində alınan vəsait hesabına ödəyəcək. Yeni zibilxananın tikintisi üçün tez bir zamanda beynəlxalq müsabiqə elan olunacaq. Bu proqram çərçivəsində köhnə zibilliyi çəpərləməyi və bir neçə ildən sonra onu yaşıl zonaya çevirməyi planlaşdırırlar.

Erebuni dairəsi administrasiyasının əməkdaşı Levon Qevorqyan ümid edir ki, bütün bu adamlara yeni zibilxanada iş təklif edəcəklər, çünki onlar zibili peşəkar şəkildə çeşidləyirlər.

“Belə bir zavodda işləyən adam tapmaq çətindir, bunlar öz işlərini yaxşı bilirlər, heç kim onlardan yaxşı işləyə bilməz, – Qevorqyan deyir və əlavə edir ki, əgər əvvəl bura Yerevanın hər yerindən zibili gətirirdilərsə, indi şəhər tullantılarının ancaq 10%-ni gətirirlər, qalanını başqa zibilxanalara daşıyırlar. 100 maşın əvəzinə bu gün bura ancaq 5 maşın gəlir. Buna görə də iş də azalıb. O əmindir ki, zibilxanaya gətirilən tullantılar əhalinin yaşayış səviyyəsindən xəbər verir.

“İnsanlar pis yaşayır. Onların bir köhnə mis qazanı varsa, onu tullamırlar, özləri təhvil verib, pulunu götürürlər. İnsanlar heç də yaxşı yaşadıqlarından köhnə əşyaları tullamaqdan imtina etməyiblər, – Levon Qevorqyan deyir.

Tırtıllı traktor zibili torpaq qatı ilə örtür. Zibilliyin bəzi yerlərindən alov qalxır və tüstü bütün əraziyə yayılır. Qevorqyan bunun öz-özünə yanmanın nəticəsi olduğunu deyir.

Silindrini arxaya itələyən Qarnik Saqatelyan deyir ki, yeni zibilxananı heç vaxt tikməyəcəklər: “Min ildir bu haqda danışırlar, amma tikmirlər. Qoy tiksinlər. Onda da biz başqa bir iş taparıq.

Zibilxanada kiminsə atdığı kreslo durur. Bu kresloda 53 yaşlı Ruzan Saribekyan oturub. O üzünü ağ parça ilə örtüb. Bunu sifətini görməməyimiz üçün etdiyini deyir. Siqaret çəkir və xırıltılı səslə həyatından şikayət edir, hakimiyyəti günahlandırır.
“Nə eşitmək istəyirsiz, bu zibilliyin içinə necə gəlib çıxmışam? Bu hər birimizin şəxsi faciəsidir. Hərdən mənə elə gəlir ki, anadan olandan buradayam. Televizorda deyilənlər isə: biz bunu edəcəyik, onu edəcəyik – hamısı yalandır.

Kommunistlərin vaxtında “Qarun tikiş fabrikində, sonra şin zavodunda, axırda da Kirov adına zavodda işləmişəm. Onu da satdılar, pulu da ciblərinə qoydular. İndi xadimə axtaranda da ingilis dili və kompüteri bilən axtarırlar, bir də qəşəng görünüş… Mən indi gəncliyimi necə qaytarım? Qalır zibillikdə eşələnmək, – zibilxananın yanındakı dərədə yaşayan Ruzan danışır.

Nubaraşen zibil səltənətinin üzərində ağappaq qağayılar uçur. Zibillikdə eşələnən insanlar kimi onlar da bu tullantı qalaqları arasında nəsə axtarıb tapmağa çalışırlar. Zibillikdə işləyənlərin çoxu butulka ilə dolu kisələrin arxasında gizlənib, kimsə dərəyə düşüb.

“İnsanlar utanır, onları buna görə qınamaq olmaz. 10-15 il zibillikdə eşələnə-eşələnə yaşamaq olmaz, başa düşürsüz? – şlyapa ilə üzünü gizlədən Qarnik Saqatelyan deyir.

Dərc edilib: 17.06.2016

Facebook Comments

More on JAMnews