İdman, siyasət, korrupsiya, təhlükəsizlik, logistika – hər şey bir-birinə qarışıb" />

Bakıdakı futbol finalı ətrafında qalmaqal. Qərəzli şərh

İdman, siyasət, korrupsiya, təhlükəsizlik, logistika – hər şey bir-birinə qarışıb

Mayın 29-da Bakının Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulan, İngiltərə futbolunun iki nəhənginin – Londonun “Arsenal” və “Çelsi” klublarının üz-üzə gələcəkləri Avropa Liqasının final oyunu, yəqin ki, turnirin bütün tarixi boyunca ən qalmaqallı final olacaq. Əlbəttə ki, bunun sırf idman baxımından səbəbləri mövcuddur – birincisi, finalda futbolun vətənindən olan iki superklub qarşılaşır. Lakin furbolətrafı qalmaqalların əsas səbəbi finalın müşayiət edildiyi siyasi ajiotajdır.

• Azərbaycanda ermənilər haqda susmaq ən salamatıdır

Şərh: Mhitaryanın futbol fenomeni

“Formula-1”: bu, Azərbaycana niyə lazımdır?

Məsələnin tarix öncəsi

Futbol tarixində ilk dəfə Avropanın iki nüfuzlu klub turnirinin – Çempionlar Liqasının və Avropa Liqasının finallarına dörd ingilis klubu vəsiqə qazanıb. Ən nüfuzlu final Madriddə baş tutacaq – burada “Liverpul”la “Tottenhem” qarşılaşacaqlar. Daha az nüfuzlu oyun isə Bakıda keçiriləcək. Bəs nəyə görə əhəmiyyətinə görə ikinci olan final əsas oyundan daha çox diqqət mərkəzinə düşüb?

Avropa Liqasının final oyununu keçirmək hüququnu Bakı 2017-ci ilin sentyabr ayında qazanıb. Bundan əlavə, Bakı 2020-ci ilin Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək.

Hələ o vaxt dünya və Avropa futbol federasiyalarının yuxarı eşelonlarında korrupsiya haqqında söhbətlər dolaşırdı. Tezliklə bu iddialar təsdiqini tapdı və FİFA ilə UEFA rəhbərləri Blatter və Platini vəzifələrindən uzaqlaşdırıldılar. Yeri gəlmişkən, bu hadisədən bir neçə il əvvəl Azərbaycan prezidenti İlham Əliyev Platinini Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif etmişdi.

Necə olursa olsun, finalın keçirilməsi haqqı əldə edilmişdi və müəyyən vaxta qədər heç kim buna etirazını bildirmirdi. O vaxta qədər ki, finala futbolun vətəninin təmsilçiləri – ingilislər vəsiqə qazandılar.

Birinci problem: Bakı çox uzaqdır

Hər şey gözlənilmədən başladı. İlk hiddətlənən Bakıya getməyə heç hazırlaşmayan adam oldu – bu, “Liverpul”un alman baş məşqçisi Yurgen Klopp idi. O, finalın keçiriləcəyi günlərdə otellərdə və aviabiletlərə yüksək qiymətlərdən şikayətlənib və  eyni zamanda deyib:

“Bakı… Bu cür qərar qəbul edən uşaqların səhər yeməyinə nə yediklərini bilmirəm. Anlayışım yoxdur ki, ora necə getmək olar, Bakıya müntəzəm reyslər varmı. Finalların keçirilməsi haqqında qərarlar daha düşünülmüş və əsaslandırılmış olmalıdır. Bu məsuliyyətsizlikdir. Bu cür qərarların necə qəbul edildiyini bilmirəm”.

Davam etdirmədən, onu bildirək ki, Klopp yalan danışır, ya da yaddaşı qısadır. O, Bakıya aparan yolu gözəl bilir, çünki keçmiş klubunun – Dortmund “Borussiya”sının başında olarkən bura gəlmişdi.

Yaxşı olar ki, o, Madridə gedən yolu öyrənsin, komandası həmin şəhərdə digər daha nüfuzlu finalda “Tottenhem”ə qarşı oynayacaq. Bu komandaların ikisi də Bakıya gəliblər və “Qarabağ”a qarşı oynayıblar. Yeri gəlmişkən. hər ikisi qalib gəlib.

Bakı, doğrudan da, Londondan uzaqda – Avropa futbol zonasının o biri başında yerləşir. Bura gəlmək asan deyil və olduqca bahadır. Lakin qafqazlı azarkeşlər üçün də Londona getmək eynilə çətin və bahadır.

Əgər bütün bizim ölkələr – eyni federasiyanın üzvləridirsə, onların hüquqları da eynidir. Gəlin, xəyal edək: birdən növbəti finala Tbilisidən, yaxud Bakıdan, yaxud da Yerevandan komandalar çıxdı. Final isə hardasa Dublində keçirildi. Məgər biz durub danışacağıq ki, bəs ora uçmaq bahadır, gəlin, finalı bizə yaxın yerə keçirək?

İkinci problem: mürəkkəb logistika və bilet sayının məhdudluğu

“Arsenal” futbol klubu özünün rəsmi saytında azarkeşlərinin Bakıya səfəri ilə bağlı çətinliklərdən təəssüfləndiyini bildirib.

Klub biletlərin sayının azlığından, marşrutun çətinliyindən və digər narahatlıqlardan şikayətlənir. Maraqlıdır ki, elə həmin şəhərdən olan finalın digər iştirakçısı – “Çelsi” hələlik heç nədən şikayət etmir.

Bakı Olimpiya Stadionu 65 min tamaşaçı tutur. Hər bir London klubunun azarkeşlərinə 6 min bilet, üstəgəl qonaqlar üçün 3 min bilet – cəmi 15 min bilet nəzərdə tutulub. Əlbəttə, çox deyil.

Azərbaycan məmurları rəsmi olaraq bildirirlər ki, Bakıdakı Heydər Əliyev adına beynəlxalq hava limanı saatda 10 min sərnişin qəbul etmək gücündədir. Mayın 28-i və 29-u tarixlərində çarter reysləri üçün 45 sorğu artıq təsdiqlənib ki. bunlardan 16 reys biznes-aviasiyanın payına düşür, iki reyslə futbol komandaları, on reyslə klubların azarkeşləri gələcəklər. Eyni zamanda, Turkish Airlines, Air Arabia, Fly Dubai, ISRair, Jazeera Airways və digər xarici aviaşirkətlər əlavə reyslər üçün müraciət ediblər.

Başqa sözlə, nəqliyyatla bağlı problem yoxdur. Misal olaraq xatırlamaq olar ki, “Formula-1”in bu yaxınlarda keçirilmiş mərhələsi üçün Bakı təxminən 19 min əcnəbini qəbul etmişdi. 2015-ci ildə Tbilisi “Barselona” və “Sevilya”nın iştirakı ilə Superkubokun ispan finalına 20 min nəfərdən artıq tamaşaçı qəbul etmişdi.

Bəs nəyə görə ingilis futbol azarkeşlərinə belə az sayda bilet ayrılıb?

Mənim subyektiv fikrim: mənə belə gəlir ki, hakimiyyətimiz Avropada ən çılğın kimi tanınan ingilis azarkeşlərinin gözlənilən kütləvi axınından bir qədər çəkinib. Nə qədər az olsalar, bir o qədər sakit olar. Hərçənd, 12 min adama nəzarət etmək də nəhəng gərginlikdir. Əgər bizimkilər bilsəydilər ki. finala “Arsenal”la “Çelsi” çıxacaq, finalın keçirilməsi üçün arzularını bildirməzdən öncə üç dəfə fikirləşərdilər (hələ sağ ol deyin ki, finala “Arsenal”la “Tottenhem” çıxmayıb, London polisinin özü belə bu derbiyə bir həftə hazırlıq görür).

Təsəlli əvəzi: Britaniya səfiri videomüraciət yayımlayaraq finalın Bakıda keçirilməsini alqışlayıb. O, əlavə edib ki, bu həftə Böyük Britaniya polisinin aparıcı komandaları Bakıya gələcəklər və burada azərbaycanlı həmkarları ilə əməkdaşlıq edəcəklər.

Üçüncü, başlıca problem: Genrix Mxitaryan

Zənnimcə, Bakıdakı finalın həm yerli. Həm də avropalı təşkilatçıları əvvəlcədən dua edirdilər ki, “Arsenal” finala çıxa bilməsin. Lakin o çıxdı və Ermənistan milli komandasının kapitanı, hazırda “Arsenal”da çıxış edən Genrix Mxitaryanın Bakıya gəlişi məsələsi bütün boyu ilə aktuallaşdı.

Azərbaycan Dağlıq Qarabağa görə Ermənistanla münaqişə vəziyyətindədir. Bu səbəbdən də, qonşu Qafqaz ölkələrinin vətəndaşları arasında gediş-gəliş hələ də çox çətindir. Ermənistanlı idmançılar müntəzəm olaraq Bakıya gəliblər və burada Avropa Oyunlarında Ermənistan komandası iştirak edib, erməni boksçu prezident Əliyevin əlindən medal alıb, şahmatçı Aronyan Bakıda Qız qalasının fonunda şəkil çəkdirib. Lakin futbol nə boksdur, nə də şahmat.

Bundan əlavə, məlum olub ki, Mxitaryan dəfələrlə Dağlıq Qarabağda olub və orada xeyriyyəçi fondları dəstəkləyib.

Yerli millətçilər sosial şəbəkələrdə etiraz dalğası yaradaraq, Genrixin Bakıya buraxılmamasını tələb ediblər. Aksiya dərhal Ermənistan KİV-ləri və “Arsenal” azarkeşləri tərəfindən tirajlanıb və “bizimkiləri döyürlər” misallı əhvalla qarşılanıb.

Genrix Mxitaryanın iki dəfə Bakıya gəlməyə imkanı olub – Dortmundun “Borussiya” klubunun və elə həmin “Arsenal”ın heyətində, lakin hər iki halda klubların məşqçiləri risk etməmək qərarı veriblər və onu Bakıya gətirməyiblər. İndi isə vəziyyət elədir ki, oyunun qalibi kubokun sahibinə çevrilir və növbəti mövsümdə Çempionlar Liqasında oynamaq hüququ qazanır. Bu oyun “Arsenal” üçün çox vacibdir.

Hələlik Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi məlum deyil. Azərbaycan onun təhlükəsizliyinə təminat verib, lakin “Arsenal” hələlik bu təminatları yetərli hesab etmir. İstənilən halda, Genrixin gəlişi ilə bağlı qərarı məşqçi verəcək. Mxitaryan çoxdan bəri yaxşı formada deyil, mən onu ehtiyatda saxlayardım.

Lakin o gəlməsə, “Arsenal” öz məğlubiyyətini izah etmək üçün bəhanə əldə edəcək.

Facebook Comments

More on JAMnews