İki xatirə aksiyası keçirildi – hökumət birini dəstəklədi, o birini isə dağıtdı " />

Bakıda polis həlak olmuş məktəbli qızın xatirəsinə aksiyanın keçirilməsinə mane oldu

İki xatirə aksiyası keçirildi – hökumət birini dəstəklədi, o birini isə dağıtdı

Aprelin 13-də günorta vaxtı təxminən 50 nəfər Bakıdakı 162 saylı məktəbin yaxınlığında “Məktəbdə zorakılığa son!” adlı aksiyaya toplaşmışdı. Onlar bullinqə tab gətirməyərək, bu məktəbin pəncərəsindən özünü atmış 14 yaşlı Elina Hacıyevanın xatirəsinə ehtiram əlaməti kimi gül düzmək istəyirdilər. Lakin polis aksiya iştirakçılarına mane oldu və bunu belə izah etdi ki, aksiya razılaşdırılmayıb və onun iştirakçıları yolu bağlayırlar. Polis əməkdaşları tələb ediblər ki, aksiya iştirakçıları gül qoyduqdan sonra çıxıb getsinlər.

• Azərbaycanda insanlar necə intihar həddinə çatır?

• Niyə Azərbaycanda qızları instituta yox, evliliyə hazırlayırlar?

Buna bənzər aksiya həmin məktəbin qarşısında dünən, aprelin 12-də keçirilmişdi. Həmin gün polis baş verənləri kənardan müşahidə etmiş, özünü nəzakətli aparmış və hadisələrə müdaxilə etməmişdi. Bundan əlavə, hökumətyönlü telekanalların reportyorları gələrək, aksiya iştirakçılarından müsahibələr almışdılar.

Aksiyalar bir-birindən iştirakçıların tərkibi ilə seçilirdi: aprelin 12-də bunlar əsas etibarilə mətkəblilərin anaları, aprelin 13-də isə ictimai fəal gənclər idi.

Nə baş verib?

14 yaşlı Elina Hacıyeva Bakının 162 saylı məktəbinin səkkizinci sinif şagirdi idi. O, bura başqa məktəbdən gəlmişdi və ilk gündən digər məktəblilər onu sıxışdırmağa başlamışdı.

Elinanın anası danışır ki, yuxarı sinif şagirdləri onun qızını təhqir edir, ələ salır, hətta döyürmüş. Valideynlər məktəb rəhbərliyinə dəfələrlə şikayət etsələr də, onlar məsələni aydınlaşdırmağa söz verib, amma heç bir tədbir görməyiblər. Elina bəzi müəllimlərin də onunla kobud davrandığından şikayət edirmiş.

Aprelin 4-də Elina məktəbin üçüncü mərtəbəsinin pəncərəsindən özünü atıb. İki gün sonra o, aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Məsələ dərhal böyük səs-küyə səbəb olub, prokurorluq araşdırma başladıb.

Təfərrüatlar

Elinanın ölümündən sonra olayın təfərrüatları sosial şəbəkələrə “sızmağa” başladı. Məsələn, məktəb direktorunun jurnalistdən qızın ölümündə onun anasını günahlandırmağını (uşaq pozğun ailədənmiş, anası ikinci dəfə ailə qurduğu və balaca uşaqları olduğu üçün Elinayla maraqlanmırmış) istədiyi səs yazısı yayıldı. Daha sonra məktəb personalının “hadisənin intihar olduğunu sübut etmək üçün çəkdiyi” video yayıldı. Bu videodan və digər mənbələrdən məlum oldu ki,

  • Elina özünü pəncərədən atandan sonra məktəb rəhbərliyi dərhal təcili yardım çağırmayıb.
  • Elinanı xəstəxanaya aparandan sonra həkimlər valideynlərini onun yanına buraxmayıblar. Onlar bildiriblər ki, qızın vəziyyəti normaldır, sadəcə ayağı sınıb.
  • Məktəb rəhbərliyi və yerli icra hakimiyyəti nümayəndələri isə reanimasiyaya buraxılıb. Onlar qızın niyə intihar etdiyini aydınlaşdırmaq üçün onu “dindiriblər”.

Cəmiyyətin reaksiyası

Sosial şəbəkə istifadəçiləri #ElinaÜçünSusma heşteqli statuslar yazır, məktəb rəhbərliyi və həkimlərin sərt cəzalandırılmasını tələb edirlər.

Sosial şəbəkədəki şərhlərdən:

“Qızın başına gələnlərə görə hər kəs cavab verməlidir. Bu alçaqların hamısı həbs olunmalı və kadr təmizliyi aparılmalıdır”;

“Direktorun əməllərində qanun pozuntusu aşkardır. Əgər açıq və obyektiv məhkəmə prosesi olmasa, bu, təhsil sistemində aparılan islahatları şübhə altına qoyacaq”;

“Kim bilir, hələ nə qədər uşaq və yeniyetmə Elina kimi bu cür sıxışdırmaya məruz qalır! Biz onları xilas etməliyik!”

Azərbaycanda heç vaxt belə çox müzakirə olunmayan məktəbdə sıxışdırma problemi haqda danışmağa başlayıblar.

Psixoloq Azad İsazadə Turan agentliyinə müsahibəsində bildirib ki, onun fikrincə, heç bir əhəmiyyətli tədbir görülməyəcək:

“Hər il ali məktəbə qəbul imtahanında 1-2 abituriyent intihar edir, biz bu problem haqda car çəkirik, cəmiyyət müzakirə edir və qəzəblənir, mətbuat yazır, amma imtahan dövrünün sonunda bu haqda unudurlar, ta növbəti imtahanlara qədər”.


More on JAMnews