Gürcüstan prezidenti Salome Zurabişvili impiçmentə məruz qalmayacaq. 86 deputat prezidentin istefaya göndərilməsinin lehinə, bir nəfər əleyhinə səs verib. İmpiçmentin baş tutması üçün100 deputatın səsi tələb olunsa da, yalnız 90 deputat qeydiyyatdan keçib.
Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin konstitusiyanı pozduğunu tanıyıb. Doqquz hakimdən yalnız üçü – İrine İmerlişvili, Giorgi Kverençxiladze və Teymuraz Tuquşi fərqli fikirdə olub.
Oktyabrın 5-də Konstitusiya Məhkəməsi prezidentin impiçmentinə baxıb. Plenumda üç gün ərzində partiyaları dinləyib.
Prezident Zurabişvilinin özü dinləmələrdə iştirak etməyib. Onun maraqlarını məhkəmədə parlamentin keçmiş vitse-spikeri və “Gürcü arzusu”nun keçmiş üzvü Tamar Çuqoşvili və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Maya Kopaleişvili müdafiə ediblər.
2023-cü il sentyabrın 1-də məlum olub ki, hakim “Gürcü arzusu” partiyası prezidentə qarşı impiçment proseduruna başlayıb. Bildirilib ki, prezident hökumətin razılığı olmadan bir neçə dəfə xarici ölkələrə səfər edərkən konstitusiyanı kobud şəkildə pozub.
Xüsusilə, söhbət üç işgüzar görüşdən gedir: avqustun 31-də Almaniya Federativ Respublikasının prezidenti, sentyabrın 1-də Avropa Şurasının sədri və sentyabrın 6-da Fransa prezidenti ilə.
Zurabişvili bəyan edib ki, o, öz vəsaiti hesabına xaricə səfərlər edib və Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün xaricdə lobbiçilik edib.