"Zəngəzur" tankerinə tətbiq edilən sanksiyanın mənası nədir?
Böyük Britaniyanın Azərbaycana sanskiyaları
Bu material Mikroskop Media ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Ötən həftə əsas müzakirə edilən məsələlərdən biri də Böyük Britaniyanın Azərbaycana məxsus “Zəngəzur” tankerinə sanskiya tətbiq etməsi oldu. Bu gəmi Rusiya neftini daşımaqda ittiham olunan 100 tankerin siyahısında yer alıb.
Təsirə məruz qalanlar arasında “2Rivers Group” kimi tanınan neft ticarəti şirkəti “Coral Energy Group”un azərbaycanlı direktorlarının dondurulmuş aktivləri də var. Sənədlərdə qeyd olunur ki, “Coral Energy Group” Rusiya hökuməti üçün strateji əhəmiyyət kəsb edən enerji sektorunda fəaliyyət göstərir.
Bu, Böyük Britaniyanın “2Rivers Group”a qarşı ikinci sanksiya paketidir; birincisi 2024-cü ilin dekabrında təqdim edilib. Böyük Britaniya hökuməti Əhməd Kərimov, Tahir Qarayev, Anar Mədətli, Tələt Səfərov və Etibar Eyyubun kimi azərbaycanlı iş adamlarının adını çəkərək “Rusiya hökumətindən faydalandıqlarını və ya dəstəklədiklərini” bildiriblər.
Qərar mayın 9-da verilsə də hələ ki, Azərbaycan hökuməti bununla bağlı rəsmi mövqe bildirməyib. Halbuki, “Zəngəzur” tankeri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və SOCAR-ın birgə müəssisəsinə məxsusdur. Hələ 2023-cü ildə “Report” İnformasiya Agentliyi məlumat yayıb ki, bu iki dövlət qurumuna məxsus tankerə İlham Əliyevin tapşırığı ilə “Zəngəzur” adı verilib.

Siyasi şərhçi Elman Fəttah “JAMnews”a deyir ki, bu sanksiyanın ağır təsirlərinin olacağını düşünmək düzgün olmaz, çünki bu, bilinən həqiqət idi ki, Avropa Rusiya ilə birbaşa ticarətdən imtina etsə də, Rusiya neftindən istifadədən tam imtina etməyib.
“Rusiya ilə birbaşa ticarətdən imtina edilib, amma Rusiya neftinə olan ehtiyacı tam qarşılaya bilməmişdilər. Ona görə də Azərbaycan kimi ölkələri tranzit kimi seçib, ayrıca sazişlər imzalayıblar. Azərbaycanın potensialından daha artıq enerji alışını nəzərdə tutan sazişi imzalayaraq buna göz yumacaqlarını göstərmişdilər. Onlar bəlli etmişdilər ki, “daha çox neft istəyirik və haradan alınıb verildiyinə göz yumacağıq””.
Onun sözlərinə görə, indi artıq belə görünür ki, Avropa neft ehtiyacını alternativ vasitələrlə qarşılaya bilir və Rusiya neftinin daşınmasına göz yummaqdan imtina edir. Elman Fəttah bu məsələyə siyasi tərəfdən baxmaq lazım olduğunu düşünür:
“Bu nüans da Azərbaycana münasibətdə Avropanın etik dilemmasını hansı istiqamətə yönəldəcəyinə dair bir testdir. Mənim yanaşmam odur ki, yavaş-yavaş prinsip məsələləri aktuallaşmağa başlayır, bu sanksiya da onun bir tərkib hissəsi sayıla bilər. Azərbaycan ilə bağlı prinsiplər yavaş da olsa artan templə davam edir. Buna birbaşa Azərbaycanda dərinləşən avtoritarizmin və eyni zamanda İlham Əliyevin xarici siyasətinin təsirləri var”.
- Azərbaycanda siyasi səssizliyin arxasında qorxumu var, laqeydlikmi?
- Azərbaycan-Rusiya münasibətlərinin soyuqlaşması: Təyyarə qəzası sükutu, parad boykotu və hakimiyyətin “ehtiyat məsafəsi”
- Z nəsli və əmək təşkilatlanması: Dəyərlərlə formalaşan mübarizə
Azərbaycana məxsus olan və “Zəngəzur” adı daşıyan iki gəmi var. Onlardan biri Xəzər dənizində, digəri isə beynəlxalq sulardadır.
Sanksiya tətbiq olunan tanker məhz “Afromaks” tipli “Zangazur” tankeridir. Bu tankerin ötən ilin avqustunda STAR neft emalı zavodunda yükboşaltma prosesi ilə Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev yerində tanış olub.
Bəs Azərbaycan hökumətinin bu qərarı məhz Böyük Britaniyanın verməsi ilə bağlı mövqeyi nədir?

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Zahid Oruc deyir ki, iki ölkə arasında həm siyasi, həm də iqtisadi baxımdan yaxşı əlaqələr mövcuddur, amma buna baxmayaraq bəzən “arzuedilməz hallar” ola bilir.
“Britaniya parlamentində, həmçinin hökumət dairələrində və mediada kifayət qədər rəngarəng, siyasi cəhətdən fərqli baxışlara malik mühit mövcuddur. Buna görə də Azərbaycanla bağlı bəzən arzu etmədiyimiz davranışlar, qərarlar, addımlar, bəyanatlar və məqalələr də yer alır. Lakin biz bütün bunları ümumi şəkildə Britaniya dövlətinin mövqeyi kimi qəbul etmirik. Bu səbəbdən münasibətlər mütəmadi şəkildə inkişaf edir və bunun başqa nəticələrini də sadalamaq mümkündür”.
Zahid Oruc hesab edir ki, sanksiya ilə bağlı bağlı Azərbaycan parlamentində mövqe qoymağa tələsmək olmaz, çünki məsələ hələ tam dəqiqləşməyib.
“Məsələ tamamilə aydınlaşdırılmadan, onun əsnasında bütün hüquqi şərtlər bəlli olmadan, heç xəbərin özünün doğruluğu təsdiqlənmədən Azərbaycan dövlətinin, onun xarici siyasət idarəsinin rəsmi münasibət bildirməyini gözləmək yanlışdır. Azərbaycan dövləti milli mənafelərə bağlı məsələlərdə öz mövqeyini ortaya qoyur”.
Yekun
“Zəngəzur” tankerinə tətbiq olunan sanksiya, konkret bir neft daşıyıcısına yönəlsə də, nəticələri təkcə onun fəaliyyət sahələri ilə məhdudlaşmır. Bunun ölkə iqtisadiyyatına, ticarət nüfuzuna hansı birbaşa təsirlərinin olacağı hələlik qeyri-müəyyəndir.