Yerevanı fəth edən qata. Müharibədən sonrakı hekayə
Qata resepti və müharibədən sonrakı hekayə. Hayk Navasardyanın “İkinci ünvan” filminin motivləri əsasında
Armine mətbəx masasına növbə ilə un, süd, şəkər, bir qutu marqarin, üç yumurta, bir çimdik vanil, bir az duz və sairə qoyur. Deyir ki, bu gün qeyri-adi qata bişirəcək.
Darısqal mətbəx dərhal Arminenin üç uşağının oynaması üçün ən əlverişli yerə çevrilir. Ananın ətrafına yığışıb gözlərini masadan çəkmirlər.
Arminenin ailəsinin köçüb gəldiyi Qarabağın Hadrut rayonunda hər evdar qadın belə qata bişirə bilmir. Yerevanda çox adam bu təamı sevib, amma onun necə hazırlandığını çox az adam bilir.
Armine unu ələyir və deyir ki, qatanın adı yoxdur: “Çox adam soruşur ki, hansı reseptlə bişirirəm və niyə belə dadlı çıxır”.
Uşaqların böyüyü Sara saçlarını yığmaqla məşğuldur. Onun boyu masadan azca hündürdür, lakin bu, onun anasına un əlavə etməyə kömək etməsinə mane olmur. O, ehtiyatla qollarını qaldırır ki, un təsadüfən qollarını bulamasın. Kiçik qardaşı və bacısı mətbəxdə özlərinə uyğun yer tapmayaraq, yavaş-yavaş qonaq otağına qayıdırlar.
Bu arada Armine yarım litr süd, 1,5 stəkan şəkəri başqa qaba tökür, qarışdırır və ailəsinin öz evini tərk edərək Ermənistana köçməsinə səbəb olduğu 44 günlük müharibəni (27 sentyabr-10 noyabr 2020-ci il) xatırlayır.
- Azərbaycanlılar və ermənilər necə evlərini dəyişirdilər
- Azərbaycanlı, erməni və gürcünün Berlin görüşü və ya “Dolma gündəlikləri” filmi
- Azərbaycanlının Ermənistan sərgüzəştləri
“Təyyarənin səsini eşitdik, uşağa pəncərədən [necə uçduğunu] göstərəcəkdim və bu zaman evimizin qarşısındakı meşədə partlayış oldu. Ayaqyalın, yarıçılpaq halda evdən qaçaraq Alikin (ərin) nənəsinin yanına qaçdıq.
Kənddə gündən-günə partlayış səsləri daha çox eşidilirdi və 2020-ci ilin oktyabr ayının əvvəlində sakinlərin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qaldı.
Armine Saradan süd və şəkərə iki xörək qaşığı maya əlavə etməyi və acımağa qoymağı xahiş edir. Özü unun içinə 250 qramlıq marqarin əlavə edir və xəmiri yoğurmağa başlayır. Özü də Jrakus [azərbaycanca adı Çiraquz] kəndindəki evini və müharibədən bir ay əvvəl aldığı ev heyvanlarını: donuz, toyuq və ördəkləri xatırlamağa davam edir.
O, səkkiz ilə yaxın fizika müəllimi işlədiyini də deyir. İndi isə həyatını çörək bişirməklə qazanır.
“Alikin əmisi qızı zəng edib dedi: “Hazırlaş, Yerevana gedirik”. Dedim: “Aliksiz hara?”. (Əri ön cəbhədə idi). O, mənə dedi ki, “uşaqların xatirinə getməliyik”.
Təxminən iki aya yaxın qohumlarının evində yaşayıblar, sonra kirayə ev tapıblar. Onun əri dekabrda hərbi xidmətdən ayrılaraq Yerevana ailəsinin yanına gəlib.
Yeni yerdə Armine kulinariya biliklərindən istifadə etmək və xəmir məmulatları bişirib satmağa başlamaq qərarına gəlib. Onun məhsulları bir neçə ay ərzində məşhurlaşıb. Müştərilər onun məhsullarını başqalarına tövsiyə etməyə başlayıblar və onun yaratdığı Facebook səhifəsi də sifarişlərin qeydə alınmasına kömək edib.
Bir neçə ay sonra Armine və əri məşğulluq agentliyinə müraciət edərək iş tapıblar. 2022-ci ilin sentyabr ayından Armine Yerevanın ən məşhur şəbəkələrindən biri olan və kifayət qədər sərfəli qiymətlərlə yeməklərin təqdim olunduğu Artlunch restoranında işləyir. Həftə sonları isə sifarişlər qəbul edir.
Armine una süd əlavə edir, qarışdırır. Xəmir əllərinizə yapışmamalıdır. Sonra üç yumurtanı qırır, duz, vanil əlavə edir və uzun müddət qarışdırır. O, təkcə çörək bişirməklə kifayətlənmədiyini, əsl peşəsini itirməmək üçün daim yeni yollar axtardığını deyir.
“Mən onlayn tədris metodologiyasını Dağlıq Qarabağ Respublikasının Ermənistandakı nümayəndəliyi tərəfindən həyata keçirilən proqram vasitəsilə öyrəndim. İndi hələ tələbələrim yoxdur, amma olanda yenidən fizikadan dərs deyə biləcəyəm”.
Armine hazır xəmiri bir kənara qoyur ki, dincəlsin. İçliyi hazırlamağa başlayır: qoz, bir az şəkər və vanil. Sonra xəmiri açır, nazik yayır, üzərinə içlik səpir, dürmək kimi büküb doğrayır və sobaya qoyur.
Saranın missiyası bitdi, indi o, qatanın hazır olmasını gözləyir. Sara dördüncü sinifdə oxumalı idi, lakin müharibə səbəbindən bir ilini itirdiyi üçün indi üçüncü sinifdə oxuyur. Ən çox kənddən ötrü darıxan bacısı, beş yaşlı Arev və qardaşı, dörd yaşlı Gennadi Yerevandakı uşaq bağçasına gedirlər.
Mətbəxdən iştahaaçan qoxular gəlir. Qata hazırdır, uşaqlar masa ətrafına toplaşıblar.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.