Yerevanda Dağılıq Qarabağın sabiq müdafiə naziri Samvel Babayan saxlanılıb
Foto: Pastinfo.am
Əvvəlcə Ermənistanın xəbər agentlikləri Yerevanda Qarabağ Müdafiə Ordusunun sabiq komandanı, DQ sabiq müdafiə naziri Samvel Babayanın saxlanması haqda onun dostu Hayk Xanumyanın faktı təsdiqləməsinə istinadən məlumat yaydılar.
Daha sonra Milli Təhlükəsizlik Xidmətinin rəsmi təsdiqi dərc edildi. Bildirilir ki, “ölkəyə kontrabanda yolu ilə “İqla” zenit-raket kompleksinin gətirilməsilə bağlı cinayət işi çərçivəsində hazırda üç nəfər həbs edilib, onlardan biri də ER vətəndaşı Samvel Babayandır”.
MTX mətbuat xidmətinin məlumatında o da bildirilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində zenit-raket kompleksinin hissələriniəldə edib ölkəyə gətirən şəxslərin qabaqcadan razılaşma və Samvel Babayanın sifarişi ilə hərəkət etdikləri haqda dəqiq məlumatlar əldə edilib.
Həmçinin istintaqın aşkarladığı zenit-raket kompleksinin hissəsi olan “9M39” döyüş raketinin istismara yararlı olduğu haqda ekspert rəyi də təqdim olunub.
Hazırda istintaq zenit-raket kompleksinin hissələrinin əldə edilməsinin motivlərini, onların mümkün istifadəsinin məqsədini və maliyyə mənbələrini müəyyən etməyə çalışır. İlkin istintaq davam edir.
Babayan 1993-cü ildən 1999-cu ilə qədər Qarabağ Müdafiə Ordusunun komandanı olub.
1994-cü ildə o, atəşkəs rejiminin tətbiqini nəzərdə tutan sənədləri imzalayıb.
2000-ci ildə o zamanki NK prezidenti Arkadi Qukasyana qarşı sui-qəsd təşkil etmək ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Dörd il sonra isə əfv edilib.
MTX-nin İstintaq İdarəsində 235-ci maddənin 2-ci hissəsi üzrə (qanunsuz olaraq silah, sursat, partlayıcı maddə və ya partlayıcı qurğu əldə etmək, satmaq, saxlamaq, daşımaq və ya gəzdirmək, öncədən razılaşdırılaraq bir qrup şəxs tərəfindən törədildiyi zaman) cinayət işi qaldırılıb.