Meriya gücsüz olduğu zaman: Yerevanın mərkəzində “qanunla” ağac kəsirlər
Yerevanda artıq bir neçə gündür ki, fəallar paytaxtın mərkəzində Maştots prospektində parkların birində gedən inşaat işlərinə qarşı etiraz edirlər. Sosial şəbəkələrdə ölkənin yeni, “inqilabdan sonrakı” hakimiyyətin növbəti biznesin açılışı üçün ağacların qırılmasına necə imkan verdiyi müzakirə olunur. İnsanlar “yeni hakimiyyyət 2018-ci ildə məxməri inqilabdan sonra əvəz etdiyi keçmiş hakimiyyətin ənənələrinimi davam etdirir” sualı ətrafında düşünürlər.
İş o yerə çatıb ki, Yerevan meri vəziyyəti mətbuat konfransında izah etməli olub. Hayk Marutyan bildirib ki, hələ onun sələfi parkın bir hissəsini 2040-cı ilə qədər icarəyə verib, digər hissəsi üçün isə əmlak hüququ verib. Odur ki, indi icarəçi və sahibkara bu ərazidə hər hansı fəaliyyəti qadağan edə bilmir.
Bütün təfərrüatlar: hazırkı mer yaranmış vəziyyətlə necə mübarizə aparmağa çalışır və niyə paytaxtın baş memarı işdən gedir?
Biznes üçün cəlbedici ərazi
“Misak Manuşyan” bağı xalq araslnda daha çox “Maştots parkı” kimi tanınır. Bu “yaşıl ada” ətrafında ehtiraslar ilk dəfə deyil ki, qızışır. Hələ 2012-ci ildə fəallar ciddi hələ 2012-ci ildə fəallar parkı inşaatdan qorumaq üçün ciddi kampaniya başlatmalı olmuşdular. Etiraz iştirakçıları 40 gün müddətində keçmiş hakimiyyətdən parkda quraşdırılmış köşklərin sökülməsini tələb etmişdilər.
Hazırkı hökumətdə yüksək vəzifə tutanların çoxu o zaman fəalların sırasında idi. Hazırkı mer Hayk Marutyan da onlardan biridir.
Bu parkda ağacların qırılması 2016-cı ildə də təkrarlanıb. O zaman meriya JAMnews-un yazılı sorğusuna cavab olaraq izah etmişdi ki, “bulvaarın yenidənqurması və abadlaşdırılmasını həyata keçirirlər”. Bundan başqa söz vermişdilər ki, “yaşıl sahələr genişləndiriləcək və yeni növ ağaclar əkiləcək”.
İndi yenə də eyni parkda ağacların kəsilməsi ilə bağlı fəalların çəkib, sosial şəbəkələrdə yerləşdirdikləri fotolar cəmiyyətdə qəzəb doğurub.
Mətbuat konfransı zamanı Yerevan meri izah edib ki, onun sələfi, keçmiş mer Taron Marqaryan parkın bir hissəsini bir sahibkara 2040-cı ilin dekabrına qədər icarəyə verib.
“Mən şəxsən [keçmiş] merin qərarlarının bir hissəsini ləğv etdim, icarəyə verilən ərazinin sahəsini 1048 kv.m-dən 294 kv.m-ə qədər azaltdım. Bundan başqa biz 386 kv.m-lik əraziyə mülkiyyət hüququ haqda qərarı ləğv edə bilmişik. Amma parkın icarə hüququ ilə verilmiş hissəsində o, inşaatla məşğul olmaq haqqına sahibdir. Bu halda qanun icarəçinin yanındadır”, – Hayk Marutyan bildirib.
Onun sözlərinə görə, o, özü ərazi sahibi ilə danışıqlar aparıb və şərt qoyub: yeni kafe burada yüngül konstruksiyalardan tikilməlidir ki, ağac və kollara böyük ziyan vurulmasın. Kəsilməli olan ağacların yerinə isə başqa ağaclar əkilməlidir.
Meriyanın özünün kəsdiyi ağaclar haqda
Yerevan meri bildirib ki, ötən ilin əvvəlindən Yerevanda qeyri-sağlam ağacların inventarlaşdırılması ilə məşğul olan xüsusi qrup fəaliyyət göstərir6
“O zaman biz 437 ağac inventarlaşdırmışdıq, indi 500-dən çox. Bu ağaclar hətta ölümlə də nəticələnə bilən potensial təhlükə yaradırları. Bu yaxınlarda avtomobillin üzərinə ağac düşmüşdü və sürücü möcüzə nəticəsində xilas olmuşdu. Biz artıq belə ağacların kəsiminə başlamışıq”.
O, həmçinin bildirib ki, Yerevan bu gün olduğundan daha yaşıl şəhər olmalıdır. Bunun üçün də işlər aparılır, paytaxtın iqliminə uyğun olan və uzun müddət yaşaya biləcək ağaclar əkilir. Meriya mütəxəssisləri Almaniya təcrübəsini öyrənir – qısa müddətdə köhnə ağacları yeniləri ilə necə əəvəzləmək olar.
Baş memar istefaya gedəcək
Mətbuat konfransında mer şəhərin baş memarı Artur Mesçyanın öz vəzifəsindən istefa verəcəyi şayiələrini də təsdiqləyib:
“Bizim hamımızın sonsuz hörmət etdiyimiz cənab Mesçyan özünün ilk mətbuat konfransında da bildirmişdi ki, bizimlə iki il işləyəcək. Bu müddət sona çatır. Odur ki, Mesçyan öz istəyi ilə işdəan azad edilməsi haqda ərizə yazacaq və söz verdiyi kimi öz şəxsi işləri ilə məşğul olacaq”.
Bununla belə Hayk Marutyan baş memarın istefası üçün başqa səbəblərin olub-olmadığını dəqiqləşdirməyib.
Artur Mesçyan Yerevanın baş memarı vəzifəsinə 2018-ci ili oktyabrında təyin olunub.
Bu təyinata qədər Artur Mesçyan Ermənistanda daha çox memar kimi yox, musiqiçi kimi tanınırdı. Bəstəkar, sevimli mahnıların müəllifi həm də vətənpərvər, fəal vətəndaş mövqeyinə malik olan bir şəxs kimi də məşhurdur. Buna görə də onun təyinatı ilə yerevanlılar paytaxtın görkəminin yaxşıya dəyişəcəyinə dair böyük ümid bəsləyirdilər.