Yerevan meriyasında mərəkə: kişilər müxalif fraksiyadan olan qadını vurublar
Bu gün Yerevan meriyasında Ağsaqqallar Şurasının iclasında mərəkə qopub. Dava-dalaşda “Yerkir tsirani” müxalif fraksiyasının və hakim Respublikaçılar partiyasının nümayəndələri iştirak edib.
Hər şey “Yerkir tsirani” fraksiyasının nümayəndələrinin iclas zamanı orijinal aksiya keçirmək cəhdindən sonra baş verib, onlar özləri belə deyir. Yeri gəlmişkən, aksiya təşkilatçıları qadınlar olub.
Müxalifətçi qadınlar şəhər hakimiyyətinə Yerevan icmalarından birinin – Nubaraşenin hansı vəziyyətdə olduğunu nümayiş etdirmək istəyiblər. İcma sakinlərinin kanalizasiya ilə bağlı problemi yaranıb. Kanalizasiya suyu artıq uzun müddətdir ki, borulardan sızaraq, sakinlərin evini üfunətlə doldurur.
Bu günlərdə nubaraşenlilər etiraz aksiyası keçirərək, şəhər hakimiyyətindən bu məsələni çözməyi tələb edib.
Problemə diqqət cəlb etmək üçün Ağsaqqallar Şurasının müxalif nümayəndələri Nubaraşendə borulardan axan kanalizasiya suyundan bir qaba dolduraraq, özləri ilə meriyanın iclas zalına gətiriblər. Onlar ətrafa yayılan üfunətin nə qədər naxoş olduğunu göstərmək üçün respirator maska geyiniblər. Müxalifəti təmsil edən qadınlardan biri Taron Marqaryanın nubaraşenlilərin nə ilə nəfəs aldığını anlaması üçün merə yaxınlaşmaq istəyib.
Amma Ağsaqqallar Şurasının iqtidar qanadının üzvləri ona merə yaxınlaşmağa imkan verməyiblər. Kişilər qadını saçından çəkib, məkandan çıxarmağa çalışıblar. Ona yumruq zərbələri endirib, təhqir ediblər. Həmkarlarını müdafiə etməyə çalışan “Yerkir tsirani” partiyasının digər qadın üzvlərinə qarşı da eyni cür davranıblar.
Daha sonra iqtidar partiyasından olan kişilərin davranışına onlarla eyni partiyadan olan qadınlar haqq qazandırmağa çalışıb. Onlardan biri bildirib ki, qabda heç də kanalizasiya suyu olmayıb və əslində Taron Marqaryana qarşı “hücumun” qarşısı alınıb.
“Bu, su deyildi, H2S idi, yəni turşu. Əgər kanalizasiya suyu olsaydı, bizdə nəfəs problemi yaranmazdı. Həmkarlarımızın bəzilərində aritmiya başlayıb, Ağsaqqallar Şurasının bir üzvü reanimasiyaya yerləşdirilib, çünki ürək problemi yaranıb. Yəni bu, yerevanlılara qarşı, həyat və sağlamlıq üçün təhlükəli olan terror akti idi”, – Respublikaçılar partiyasının nümayəndəsi Asmik Sarqsyan deyib.
“Yerkir tsirani” partiyasının üzvləri isə bildirirlər ki, qabın içində Nubaraşen kanalizasiyasının suyu olub.
“Sizi sadəcə bahalı ətirlərin qoxusu yox, həm də dövlətçiliyimizi içində boğduğunuz üfunət də müşayiət etməlidir. Bu üfunət indən belə olduğunuz hər yerdə sizi izləyəcək, hətta bahalı ətir və konyakın da sizə köməyi olmayacaq.
Siz bircə saniyə bu qoxunu içinizə çəkdiz və dərhal vəlvələ başladı, Ağsaqqallar Şurasındakı bizim nümayəndəmizə hücum elədiz. Qorxdunuz ki, üfunətdən boğulacaqsız? Deyim ki, üfunətdən boğulmurlar, amma sizin zəhərlənməniz lazımdır. Sizin yeriniz Nubaraşen kanalizasiyasındadır”, – müxalif fraksiyanın lideri Zauri Postancyan deyib.
Mərəkədən sonra insidentin detallarının araşdırılması üçün hadisə yerinə polis gəlib və hər iki tərəflə danışıb.
Videodan göründüyü kimi qadını iclas zalından çıxaran merin müşaviri Qor Vardanyan bildirib ki, zorakılıq olmayıb. Onun sözlərinə görə, naxoş qoxu üzündən Ağsaqqallar Şurasının üzvlərinin ürəyi bulanıb, o da “Marine Xaçatıryandan rica edib, zaldan çıxmasına yardımçı olub”.
İnsident zamanı iclası işıqlandıran jurnalistlərin də hüququ tapdalanıb. Dava-dalaş düşən zaman onları zaldan çıxarıblar. Meriyanın İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları və merin köməkçiləri onların işinə mane olub.