Xalqların sülhə hazırlığı. Epizod 2.
Azərbaycanda Soçi və Brüsseldəki sülh danışıqlarından nə gözləyirlər?
Noyabrın 26-da Rusiya prezidentinin vasitəsilə Azərbaycan və Ermənistan liderlərinin sülh danışıqları baş tutub. Dekabrın 15-də onlar “ikinci raund” keçirmək niyyətindədirlər, amma bu dəfə artıq Brüsseldə Avropa Şurasının sədrinin vasitəçiliyi ilə.
Bu danışıqlar ərəfəsində 2020-ci ildə 44 günlük müharibədə atəşkəs və gələcək sülh nizamlamasının konturları haqda Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatından sonra ilk ciddi atəşkəs rejiminin pozulması halı baş verib. Noyabrın 16-da altı saat ərzində Ermənistan-Azərbaycan sərhədində lokal döyüşlər davam edib, hər iki tərəf canlı qüvvə itkisi verib.
Niyə tərəflər razılığa gələ bilmir? Məncə, hər iki tərəf ilkin “maksimum hədəf” haqda hələ müharibədən əvvəl bəyan edib. Nə rəsmi Bakı, nə də rəsmi Yerevan heç bir güzəşt haqda danışmayıb.
Müharibədən sonra Azərbaycan prezidenti eyni ritorikaya davam edərək, Ermənistanın 44 günlük müharibədən sonra noyabrın 10-da kapitulyasiya imzaladığını bəyan etdi. Halbuki Azərbaycan ərazisində üç xarici dövlətin – Rusiya, Ermənistan və Türkiyənin qoşunları yerləşirsə, hansı kapitulyasiyadan söhbət gedə bilər?
Bundan başqa, indi Azərbaycan rəhbərliyi güzəştə getməyə məcburdur.
Soçi görüşündən əvvəl bir neçə Ermənistan vətəndaşı azad edilib, bu normaldır və yaxşıdır. Hərbi Qənimətlər Parkından erməni döyüşçülərin “müqəvvaları”nın, şəhər avtobuslarından isə “Zəngəzur bizimdir” kimi reklamların yığışdırılması da məni təəccübləndirdi. Bu, sevindirir.
Münaqişədə rəsmi vasitəçilik mandatı olan ATƏT-in Minsk Qrupuna münasibətin dəyişməsini Azərbaycanın maksimalist mövqeyində daha bir yumşalma hesab etmək olar. Əgər müharibə başa çatandan bir ay sonra MQ həmsədrləri Bakıda çox soyuq qarşılanmışdılarsa (Mən sizi dəvət etməmişdim), bir il keçəndən sonra Minsk Qrupu öz vasitəçilik missiyasını bərpa edib, düzdür, hələlik xarici işlər nazirləri səviyyəsində.
İkinci müharibədən sonra bir il keçib. Eyforiya tədricən keçir. Azərbaycan cəmiyyəti anlayır ki, vəd edilmiş “kapitulyasiya” baş verməyib. Bundan sonra nə olacaq?
Birinci variant: kəmərləri bərkitmək. Qiymətlər artıq, xırda və orta biznesin rüsumları yüksəlir. Bununla hər şey aydındır. Mən əminəm ki, əhalinin əksəriyyəti bu tədbirləri dəstəkləyəcək: “Dözmək də olar. Gözləyib, tədricən qarabağlı erməniləri və Rusiya “sülhməramlılarını” göndərəcəyik”.
İkinci variant: hakimiyyət Qarabağ problemindən birdəfəlik və həmişəlik canını qurtarmaq istəsə necə? Yəni RF sülhməramlılarının nəzarəti altında olan ərazini Zəngəzur dəhlizinə dəyişmək qərarına gəlsə?
Bu, fantastik səslənir. Birincisi, sosial şəbəkələrdə və Ermənistan mediasında yazılanlardan gəldiyim nəticəyə görə, Ermənistan əhalisinin böyük hissəsi qəti şəkildə bunun əleyhinədir. Amma xatırladım ki, Heydər Əliyev bunu Ki-Vestdə müzakirə edib. Biz ondan ağıllı deyilik.
Azərbaycanda ən çox Naxçıvana quru “dəhlizinin” (onu başqa cür də adlandıra bilərik) açılmasını gözləyirlər. Siyasəti kənara qoysaq, bu, iqtisadi cəhətdən çox sərfəlidir, rüsum ödəmək və İran ərazisindən getmək lazım deyil. Amma siyasət də öz yerində, Türkiyəyə çıxış. Hərçənd sadə sürücünü bu maraqlandırmır.
Bu İrana sərf edir, Culfa “nəqliyyat qovşağı” qazanacaq. İran məhsulları Yerevana gedib çıxacaq.
Bu, Ermənistan üçün sərfəlidir, əminəm ki, Türkiyə-Ermənistan sərhədi açılacaq.
Bu, Rusiyaya sərf edir, hər şeyə nəzarət edəcək və Gürcüstandan yan ötməklə Ermənastanla dəmiryolu xətti açacaq.
Bu, Türkiyəyə sərf edir. Cənubi Qafqazda rəsmən regional fövqəldövlətə çevrilir. Bundan başqa, Türkiyənin xırda və orda biznesi üçün Ermənistan bazarı açılır.
Gürcüstana bu sərfəli deyil, tranzit pulunu itirəcək.
Brüssel görüşündən sonra “Pi-Pi-Pi” yenə də gündəmə gələcək. Preparation people for Peace (qərbli diplomatlar bunu PPP adlandırırlar). Ümid edirəm ki, burada təcrübəli vətəndaş cəmiyyətinin köməyi tələb olunacaq. Heyif ki, Georgi Vanyan və Əvəz Həsənov bizimlə olmayacaq.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.