Vladiqafqazda autizmli qıza qarşı qrup halında təcavüzlə bağlı cinayət işi qaldırılıb
Vladiqafqazda 18 yaşlı autizm diaqnozlu qıza qarşı ehtimal olunan qrup halında təcavüzlə bağlı cinayət işi yenidən açılıb. Bana Change.org saytına müvafiq petisiya yerləşdirən yerli fəallar nail olub.
Nə baş verib?
Hadisə 2017-ci ildə baş verib. Yalnız Vika Dzestelova yox, onun qardaşlarına da autizm diaqnozu qoyulub. Onların anası oğlanlardan birini xəstəxanaya yerləşdirmək üçün bir neçə aylıq Moskvaya getməli olub.
18 yaşlı Vika evdə tək qalıb. İnternetdə tanış olduğu kişilər ona təcavüz edib, sonra da fahişəliklə məşğul olmağa məcbur ediblər.
Anası Zalina Duduyeva evə qayıdıb, baş verənlərdən xəbər tutandan sonra polisə ərizə verib. Amma Şimali Osetiya – Alaniya İstintaq Komitəsi iddiada adları çəkilən iyirmiyə yaxın kişiyə qarşı cinayət işi açmaqdan imtina edib.
Cinayət işinə xitam verilməsi haqda qərarda deyilir ki, Viktoriya və kişilər arasında intim əlaqə onun razılığı ilə baş tutub.
Bu nəticə onunla intim əlaqəyə girən kişilərin ifadələrinə əsaslanır. Əvvəldən kişilər şübhəli kimi yox, şahid qismində dindirilib və onlar bildiriblər ki, Dzestelevanın “psixi cəhətdən normal” olmadığının fərqində olmayıblar.
Bununla belə, Viktoriya Dzestelevada “yüksək dərəcədə təsirə düşmə və hiperseksuallıqla müşayiət olunan mental pozuntu” olduğu haqda psixiatrik ekspertiza rəyi təqdim olunub.
Cəmiyyətin etirazı və petisiya
Zalina Duduyeva baş verənləri jurnalistlərə danışandan sonra hadisə Şimali Osetiyada geniş yayılıb.
“Azadlıq” Radiosunun bu qısa filmində qonşular baş verənlərdə ümumilikdə Vikanın özünü və anasını günahlandırırlar, bildirirlər ki, heç bir zorakılığa şahid olmayıblar. Amma heç kim Vika Dzestelevanın ağır diaqnozunu dilə gətirmir.
Amma ümumilikdə cəmiyyət bu hadisəyə çox kəskin reaksiya verib.
“Şəxsən mənim üçün bu hadisə seksual zorakılıqdan daha çox, bizim cəmiyyətimiz haqdadır. Cəmiyyətimizdə nə qədər doğru formalaşmayan şeylər var, nə qədər laqeydlik, zorakılıq və nadrüstlük”, – “Kavkazskiy uzel” internet portalının blogeri Alan Tsxurbati yazıb.
İstintaq Komitəsinin cinayət işi qaldırmamaq haqda qərarı daha böyük etiraza səbəb olub. Change.org saytında petisiya yaradılıb və on minlərlə insan onu imzalayıb.
Nəticədə hadisədən il yarıma yaxın vaxt keçəndən sonra cinayət işi açılıb və araşdırmaq üçün bu dəfə Şimali Qafqaz Federal Dairəsinin Baş İstintaq İdarəsiə verilib.
Qızın özü hazırda Dağıstandadır və ona Böhran Reabilitasiya Mərkəzində psixoloqlar yardım edir.
Onun anası Zalina Duduyeva deyir ki, polisə müraciət edəndən sonra onu təhdid etməyə başlayıblar. İndi o, dövlət müdafiəsi altına götürülüb.
İstintaqın necə getdiyi haqda hələlik heç nə məlum deyil. Zalina Duduyeva JAMnews-la söhbətində prosesi şərh etməyib, bildirib ki, vəkil “işə xələl gətirməmək üçün mətbuatla ünsiyyətdən çəkinməyi məsləhət görüb”.