Ukraynada Xarkov ətrafında sursat anbarları partlayır
Xarkov vilayətinin Balakleya ərazisində martın 23-də gecə saat üç radələrində sursat anbarlarında partlayışlar və yanğın başlayıb.
Şəhərdə və yaxınlıqdakı yaşayış məntəqələrində evakuasiya elan olunub. Baş hərbi prokurorun məlumatına görə, yanğın diversiya nəticəsində baş verib.
Balakleya və ətraf rayonlardan 20 min nəfərə yaxın insan evakuasiya edilib.
hromadske.ua hadizə yerindən canlı yayım aparır.
600 nəfərə yaxın hüquq-mühafizəçisi qanun nizam-intizamı təmin edir. Əhalinin evakuasiyası üçün yerdə altı məntəqə fəaliyyət göstərir.
Yanğın ərazisində qaz və elektrik söndürülüb, həmçinin avtomobillərin, aviasiya və dəmiryolu nəqliyyatlarının hərəkəti də qadağan edilib.
Hadisə yerində fövqəladə vəziyyəti aradan qaldırmaq üzrə qərargah yaradılıb. Həlak olanlar haqda hələ ki məlumat yoxdur.
Ukrayna Müdafiə naziri Stepan Poltorak bildirib ki, partlayışların baş verdiyi ərazidə hava məkanı bağlanıb. Onun sözlərinə görə, anbarlarda baş verən partlayışlar ölkənin müdafiə qabiliyyətinə əhəmiyyətli zərbə vurmayıb.
Baş nazir Vladimir Qroysman hadisə yerinə gedib.