Ukraynada hərbi təyyarənin qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub
Ukraynada təyyarə qəzası nəticəsində 26 nəfər həlak olub. Sentyabrın 25-də axşam Xarkov vilayətinin Çuquyeva şəhəri yaxınlığında An-26 hərbi təyyarəsi qəzaya uğrayıb.
Ukraynanın Hromadske telekanalının məlumatına əsasən, təlim uçuşu həyata keçirən təyyarənin göyərtəsində 27 nəfər olub – Xarkov Hava Qüvvələri Milli Universitetinin 20 kursantı və yeddi zabit.
Təyyarə yerə çırpılandan dərhal sonra sağ qalan iki nəfər aşkarlanıb. Onlardan biri xəstəxanada vəfat edib, digəri Xarkov Hərbi Hospitalındadır və yaxın günlərdə xəstəxanadan buraxıla bilər.
Qəzanın səbəbləri hələlik məlum deyil. İstintaqı Ukraynanın Dövlət İstintaq Bürosu aparır. Nəzərdən keçirilən versiyalar sırasında bunlar var: texniki nasazlıq, ekipajın və ya uçuşun idarəsinə məsuliyyətli olan şəxslərin vəzifə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi, təyyarəyə lazımi texniki xidmətin göstərilməməsi və uçuşa lazımınca hazırlanmaması.
Ukrayna prezidenti Vladimir Zelenski 26 sentyabrı matəm günü elan edib, həmçinin fəlakət səbəbləri aydınlanana qədər Ukraynada bütün An-26 təyyarələrinin uçuşunun dayandırılması göstərişini verib.