Trampın rəqibi Baydenə qarşı Ukraynadan kompromat tələb etdiyi ehtimal olunur
ABŞ prezidenti Donald Tramp, onun seçkilərdəki potensial rəqibi Co Bayden və Ukrayna lideri Vladimir Zelenski ABŞ-da yeni qızışan qalmaqalın mərkəzində qalıblar.
The Washington Post qəsetinin informasiyasına görə, prezident Tramp öz ukraynalı həmkarı Vladimir Zelenskidən gözlənilən seçkilərdə öz potensial rəqibi olan Co Bayden haqda kompromat materialları əldə etməyə çalışıb.
Söhbət Baydenin oğlunun Obamanın prezidentliyi dövründə atası vitse-prezident vəzifəsini tutduğu zaman Ukraynada qaz sövdələşmələrində iştirak etməsindən gedir.
Ukraynada hazırda bu sövdələşmələrlə bağlı araşdırma aparılır və prezident Tramp bu materialları əldə etməkdə hədsiz maraqlıdır, çünki Bayden onun Demokrat Partiyasından olan ən şanslı rəqibidir. ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrında baş tutmalıdır.
Qəzetin informasiyasına görə, bu məsələlərin Ukraynanın yeni rəhbərliyi ilə müzakirəsi üçün Trampın şəxsi hüquqşünası Rudolf Culianini Kiyevə göndərib. Eyni zamanda prezident Trampın sərəncamı ilə Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım dondurulub.
Bunun Ukrayna prezidenti Zelenskiyə təzyiq göstərmək üçün edildiyi haqda ehtimallar da səsləndirilir.
Eyni zamanda ABŞ-ın Dövlət Kəşfiyyatının adının açıqlanmadığı əməkdaşının şikayətinə əsasən araşdırma apardığı da məlum olub. O, öz rəhbərliyinə bildirib ki, prezident Tramp əcnəbi liderlərdən biri ilə söhbəti zamanı üzərinə “şübhə doğuran müəyyən öhdəliklər götürüb”.
Hansı əcnəbi liderdən söhbət getdiyi haqda məlumat verilmir, amma bu danışığın tarixi bəllidir – 31 iyul. Həmin gün prezident Tramp telefonla həm də Rusiya prezidenti Putinlə danışıb.
Ağ Ev qalmaqallı məlumatlarla bağlı açıqlama verməkdən imtina edir, amma Trampın Ukraynaya yardımla bağlı sitatı dəqiq məlumdur: “Bunda heç bir məna görmürəm, bu ancaq Rusiya ilə münasibətləri gərginləşdirir”.