Tramp və Konqress qarşıdurması nə ilə bitəcək?
ABŞ-da qanunverici və icra hakimiyyətləri arasındakı münaqişə davam edir. Bu nəyə gətirib çıxaracaq? Vəziyyəti İngiltərənin The Guardian nəşri analiz edir.
Münaqişənin kökü
Prezident Tramp və Konqress arasında çox sayda ziddiyətlər var. Konqressin hər iki palatası Respublika Partiyasının nəzarətində olduğu müddətdə prezident qanunvericilərin dəstəyini ala bilirdi.
Qışda ara seçkilər nəticəsində aşağı palatada çoxluğu Demokrat Partiyası qazanandan sonra müharibə alovlanıb.
Səbəb Trampın Meksika ilə sərhəddə “qeyri-leqal miqrant axınının qarşısını almaq məqsədilə” müdafiə divarının inşası üçün 5,7 milyard dollar tələb etməsilə bağlıdır. Konqress yalnız 1,6 milyard dollar həcmində maliyyə ayırmağa razılaşıb.
Qarşıdurma nəticəsində Tramp büdcəni imzalamaqdan imtina edib, ardınca isə şatdaun baş verib – bir çox dövlət müəssisələri bağlanıb. Şatdaun ABŞ tarixində rekord müddətli olub və 35 gün davam edib.
Nəhayət, Tramp güzəştə getməli olub və büdcəni imzalayıb, amma öz niyyətindən geri çəkilməyib.
Fövqəladə vəziyyət: real, yoxsa süni?
Tramp ABŞ sərhədində fövqəladə hal elan edib. Bu, ona Konqressin dəstəyi olmadan divarın inşası üçün vəsait almağa imkan verir.
Demokrat qanunvericilər və beynəlxalq medianın əksəriyyəti bu böhranı “uydurma” adlandırıb, hətta bəzi respublikaçılar da onları dəstəkləyib.
Amerikanın 16 ştatı artıq prezidentin bu qərarını məhkəmədə mübahisələndirib. Ekspertlər yekdilliklə hesab edirlər ki, son nəticədə məsələ Ali Məhkəməyə gedib çıxacaq.
Presedentlər və proqnozlar
Tramp planlarının Konkresdən yan ötməklə maliyyələşdirilməsinə nail olmağa çalışan ilk Amerika prezidenti deyil.
Ona qədər Nilson, Reyqan və Klinton da buna cəhd göstərib. Amma onlardan heç biri istədiyinə nail olmayıb.
The Guardian-ın fikrincə, prezident Tramp da məğlub olacaq. Onun reytinqi düşür – demokratların Konqressə ara seçkilərdəki qələbəsi son 50 ilin ən böyük miqyaslı qələbəsi olub. Respublikaçı qanunvericilərin də ona dəstəyi getdikcə azalır, çünki onlar populyar olmayan prezidentlə assosiasiya olunmaq istəmirlər.
Onun üçün Ali Məhkəmənin müsbət qərarının təminatı yoxdur, amma demokratlarla respublikaçılar birgə hərəkət edərsə, Konqress hətta Ali Məhkəmənin onun xeyrinə çıxaracağı qərarın da qarşısını ala bilərlər.