Mixail Saakaşvili (1967-ci ildə anadan olub) – Gürcüstan və Ukrayna siyasətçisi, 2003-cü ilin payızında “Qızılgül inqilabının” lideri kimi tanınıb. O zaman Gürcüstanda postsovet lideri, prezident Eduard Şevarnadze və onun hökuməti istefaya göndərilib.
Saakaşvili Nyu Yorkda hüquqşünas işləyib və Gürcüstana 1999-cu ildə siyasətlə məşğul olmaq üçün gəlib. 2000-ci ildə Şevarnadze hökumətində ədliyyə naziri olub, üç il sonra isə bu hökuməti devirib.
Saakaşvili iki müddət Gürcüstan prezidenti vəzifəsini tutub, ümumilikdə 2004-cü il yanvarın 25-dən 2013-cü il noyabrın 17-ə qədər. Onun əsas nailiyyətləri bütün səviyyələrdə korrupsiya ilə mübarizə və köklü iqtisadi islahatlar hesab olunur. Onun idarəçiliyi dövründə dövlət büdcəsinin gəlirləri faktiki olaraq on dəfə artıb, bütün ölkə boyu yeni yollar çəkilib, infrastruktur bərpa olunub və bir çox şəhərlər yenidən qurulub.
Saakaşvili idarəçiliyi dövrünün əsas problemləri kimi insan haqlarının, o cümlədən də əmlak haqlarının pozulması göstərilir. Müxalifət bu dövrü “polis rejiminin idarəçiliyi” adlandırır. 2007-ci il noyabrın 7-də polis gözyaşardıcı qaz və rezin dəyənək vasitəsilə Tbilisinin mərkəzində prezidentin istefası tələbi ilə keçirilən izdihamlı nümayişi dağıdıb.
2008-ci ilin avqustunda tanınmamış Cənubi Osetiya Respublikası ətrafında Rusiya ilə yaşanan müharibəni Saakaşvilinin prezidentliyi dövrünün ən ağır böhranı adlandırırlar.
2015-ci ilin mayından 2016-cı ilin noyabrına qədər Mixail Saakaşvili Ukraynada Odessa vilayətinin qubernatoru olub, Ukrayna vətəndaşlığı alıb. Amma o zamankı Ukrayna prezidenti Pyotr Poroşenko ilə aralarında yaranan münaqişə səbəbilə Ukrayna siyasətindən çəkilməli və ölkəni tərk etməli olub.
Gürcüstanın yeni hakimiyyəti milyarder Bidzina İvanişvilinin qeyri-rəsmi rəhbərliyi altında Mixail Saakaşviliyə qarşı bir neçə cinayət işi açıb. Saakaşvili 2015-ci ildə Gürcüstan vətəndaşlığından imtina edib.