Tofiq Yaqubluya həsr edilmiş məktub trilogiyası: "Əgər bu ölkədə şəhidlik hələ də bir dəyərdirsə Tofiq Yaqublu bu xalqın əsl şəhididir"
Feminist Sülh Kollektivindən Tofiq Yaqubluya məktub
Feminist Sülh Kollektivi Tofiq Yaqubluya həsr edilmiş məktub trilogiyası yayımlayıb. Birinci məktub Tofiq Yaqublunun şəxsi mübarizəsinə və əzminə həsr olunub, ikinci məktub Azərbaycan xalqına, cəmiyyətin bu hadisəyə münasibətinə və məsuliyyətinə diqqət çəkmək üçündür, üçüncüsü isə gələcəkdə bu hadisələri öyrənəcək olanlara ünvanlanıb.
Feminist Sülh Kollektivi 2020-ci ildə İkinci Qarabağ müharibəsinə cavab olaraq azərbaycanlı feministlər tərəfindən sülh, münaqişə, militarizm, imperializm, kapitalizm, milliyətçilik, gender, maskulinlik və digər əlaqəli anlayışları araşdırmaq və cəmiyyətə feminist sülh diskursunu çatdırmaq üçün yaranıb.
Kollektivin müraciəti belədir (məktubların tam versiyasını Feminist Sülh Kollektivinin veb-saytından oxuya bilərsiniz):

“Azərbaycanda tanınmış dissident Tofiq Yaqublu hər zaman azadlıq və ədalət uğrunda sarsılmaz mübarizəsi ilə tanınıb. Siyasi fəaliyyəti boyunca o, çoxsaylı saxta ittihamlar, işgəncələr və həbslərlə üzləşib. 2025-ci ilin martında, o fırıldaqçılıq və sənəd saxtakarlığı ittihamı ilə 9 illik həbs cəzası alıb və bundan sonra aprel ayının 1-dən azadlığa çıxana və ya ölənəqədər davam etmək niyyətində olduğunu bildirdiyi ölüm aclığına başlayıb.
İfrat ədalətsizlik, avtoritarlıq və zorakılıq zamanı susmaq, bu zorakılıqla şərik olmaq deməkdir. Tofiq Yaqublu şərik olmur. O, ölüm aclığı ilə zülmə qarşı cəsarətli mövqe göstərməklə yanaşı, bir cəmiyyətin vicdanını da ayağa qaldırır. Bu məktublar trilogiyası onun mübarizəsinə xitab, azadlıq və ədaləti qiymətləndirən hər kəs üçün hərəkətə çağırışdır”.
Tofiq Yaqubluya məktub
Əziz Tofiq bəy,
Onlar sizdən qorxur, çünki siz satılmırsınız. Onlar sizdən qorxur, çünki sizin həyatınız bir dəyər, bir prinsip, bir dirənişdir. Onlar sizdən qorxur, çünki sizin gözlərinizdə hələ ümid var – xalqın boğulmuş səsində, susmuş ruhunda o ümidin yenidən doğulma qorxusudur bu.
“Susduqca ölürük, əyildikcə yox oluruq, qorxduqca zəncirlərimiz qalınlaşır”.
Siz təkcə aclıqla mübarizə etmirsiniz. Siz həm də xalqın yaddaşsızlığına qarşı mübarizə aparırsınız. Bu xalq susmağa alışdırılıb, unutmağa məcbur edilib, qaranlığa öyrədilib. Amma siz – bir nəfər – bütün bu tarixi sindromlara qarşı dirəniş göstərirsiniz. Bu, təkcə siyasi bir aksiya deyil. Bu, bir əxlaqi üsyandır. Bu, rejimə qarşı bir xalqın öz vicdanı ilə ayağa qalxması üçün ünvanlanmış çağırışdır.
Biz sizinləyik!
Sevgi və həmrəyliklə,
Feminist Sülh Kollektivi.
Azərbaycan xalqına məktub
Əziz Azərbaycan xalqı,
Tofiq Yaqublunun həyatı indi sözün əsl mənasında saatlarla ölçülür.
Əgər şəhidlik, dedikləri kimi, vətən uğrunda can verməkdirsə o zaman vətəndə ədalətli həyat uğrunda ölən şəhid sayılmırmı?! Azadlıq uğrunda canından keçmək şəhidlik deyilmi?! Zülmə qarşı son nəfəsinə qədər dirənmək fədakarlıq deyilmi?!
Tofiq Yaqublu azad edilməlidir – dərhal, qeyd-şərtsiz!
Əgər bu ölkədə şəhidlik hələ də bir dəyərdirsə Tofiq Yaqublu bu xalqın əsl şəhididir və əgər, biz xalq olaraq yenə də susacağıqa, sabah şəhidlik yalnız susqunluqdan doğan ölümlə xatırlanacaq.
Mübarizə ilə,
Feminist Sülh Kollektivi.
Gələcək nəsillərə məktub
Əziz gələcək nəsil,
Sən bu məktubu oxuyanda, bəlkə də, Tofiq Yaqublu adını ilk dəfə eşidəcəksən. Bəlkə də, artıq tarix dərslərində, ya da ailə söhbətlərində onun haqqında danışılıb. Amma biz istərdik ki, sənə onun haqqında danışaq, kim olduğu, nə üçün aclıq etdiyi və niyə bu qədər insanın susduğunu dilə gətirək.
Tofiq Yaqublu Azərbaycanda insanların azad və ədalətli yaşaması uğrunda mübarizə aparan bir insan idi. Sözün gücü ilə döyüşürdü, vicdanın səsi ilə danışırdı. Amma bu ölkədə həqiqəti söyləmək cinayət sayılırdı.
Əziz gələcək nəsil, həqiqəti sev, ədaləti qoru və heç vaxt susma. Çünki susqunluq zülmün ən böyük silahıdır. Sənin səsin, Tofiq Yaqublunun mübarizəsinin davamıdır.
Sevgi və ümidlə,
Sənin keçmişindən gələn səslər.
Feminist Sülh Kollektivindən Tofiq Yaqubluya məktub