Siyəzən şəhərindəki inteqrasiya tipli internat-gimnasiyasının müəlliməsi Bakıda Təhsil Nazirliyinin qarşısında təkadamlıq etiraz aksiyası keçirib. Amma ona öz problemləri haqda danışmağa imkan verməyiblər, hadisə yerinə gələn polis pedaqoqu saxlayıb.
Ceyran Rəhbərinin sözlərinə görə, işlədiyi təhsil müəssisəsində hökm sürən məmur özbaşınalığı onun piket keçirməsinə səbəb olub.
“Həmişə işimlə fəxr eləmişəm. Amma 2019-cu ildə gimnaziyaya direktor təyin olunan Aynurə Dadaşova işimə mane olmağa başladı. O, gimnaziyada tədris prosesini pozub və oranı öz şəxsi məktəbinə çevirib”, – piketçi bildirib.
Amma polis əməkdaşları və hüquq-mühafizəçilərinin addımlarını yönləndirən mülki geyimli şəxs ona öz çıxışını tamamlamağa imkan verməyib.
Polislər jurnalistləri piketçidən uzaqlaşdırıb, sonra isə qadın-polislərdən ibarət qrup hadisə yerinə gələrək piketçi müəlliməni saxlayıblar.
2020-ci il iyunun 1-də Təhsil Nazirliyi qarşısında gənc fəallar da etiraz aksiyası keçirmiş və koronavirus pandemiyası dövründə təhsil prosesi dayandığı üçün həmin semestrə görə təhsil haqqının ləğv edilməsini tələb etmişdilər. Polisin müdaxiləsi nəticəsində Təhsil Nazirliyinin binasındaca aksiya iştirakçılarından biri Rüstəm İsmayılbəyli saxlanılmış və 15 sutka inzibati cəza almışdı.