Suslyakların işi: on uşaq Gürcüstandan vətənləri Ukraynaya qaytarılıb
Suslyak ailəsinin on uşağı Gürcüstandan Ukraynaya qayıdıb. Uşaqların anası trafikinq ittihamı ilə Gürcüstanda saxlanılıb.
Uşaqlar Kiyevə Ukrayna prezidentinin təyyarəsində yollanıblar və onları prezidentin uşaq haqları məsələləri üzrə müşaviri Nikolay Kuleba müşayiət edib. Onun sözlərinə görə, bu işin təfərrqatlarını aydınlaşdırmaq lazımdır – necə olub ki, on uşaq anası əvvəlcə Rusiyaya gedib və sığınacaq istəyib, sonra isə Gürcüstana gəlib? Kuleba deyir ki, uşaqların yeddisinin eyni ildə surroqat analardan dünyaya gəlməsi hüquq-mühafizəçilərinin diqqətini çəkib. Uşaqlardan biri isə Rusiyada olduqları zaman ölüb.
• “Yalnız təsadüflər üzündən daha çox uşaq ölmür”
Uşaqların anası Gürcüstanda həbsdə saxlanılır
Uşaqlar iyunun 6-da axşam gec saatda Tbilisi aeroportundan Ukraynaya yola düşüblər. Bu, Ukrayna prezidenti Vladimir Zelenskinin göstərişi ilə Tbilisiyə gələn nümayəndəsi Gürcüstan Baş Prokurorluğunun, DİN-in, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin əməkdaşları ilə görüşündən sonra mümkün olub.
Kriminal Polisin Mərkəzi Departamentinin direktor səlahiyyətlərini yerinə yetirən Mamuka Çelidze bildirib ki, Ukrayna tərəfi uşaqlar üzərində himayəni öz üzərlərinə götürmək qərarını verib və bunda həmin ölkənin Dövlət Sosial Xidməti də iştirak edir. “İttiham olunan Yuliya Suslyak həbsdə saxlanılır – istintaq davam edir”, – Mamuka Çelidze bəyan edib.
“Biz anlayırıq ki, Gürcüstan hakimiyyəti on uşaqdan altısının iki yaşdan kiçik olduğunu, onlardan birinin isə ABŞ vətəndaşı olduğunu və sair görüncə, şübhəyə düşüb. Əlbəttə ki, bütün bunlar vəziyyətin uşaq alveri ilə bağlı olduğu yönündə şübhələr üçün əsas yaradıb. Onu da başa düşürük ki, ailənin Gürcüstanın işğal olunmuş ərazisinə – Abxaziyaya keçmək niyyəti yaranmış şübhələri daha da gücləndirib və baş verənlərin ətraflı araşdırılmasını labüd edib”, – Nikolay Kuleba deyib.
O, Gürcüstan hakimiyyətinə uşaqlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Trafikinqlə bağlı iş
Gürcüstan hüquq-mühafizəçiləri aprelin 25-də Kutaisidə Ukrayna vətəndaşı Yuliya Sulyakı saxlayıb müəyyən zaman ərzində o, 10 uşağı ilə birlikdə Zuqdididə yaşayıb, sonra oradan Abxaziyada olan ərinin yanına getmək istəyib
Uşaqlar zəhərlənəndən və Zuqdidi xəstəxanasından Kutaisi xəstəxanasına gətiriləndən sonra Suslyak saxlanılıb. Uşaqların bir neçəsinin sənədində eyni ildə doğulduqları göstərildiyi üçün hüquq-mühafizəçiləri çübhəyə düşüb.
Yuliya Suslyaka qarşı yetkinlik yaşına çatmamış uşaqlarla alver (trafikinq) ittihamı irəli sürülüb və haqqında ilkin istintaq müddətinə həbs qətimkan tədbiri seçilib. Yuliya Suslyak ittihamı qəbul etməyib və bildirir ki, bütün uşaqlar onun ərinin bioloji uşaqlarıdır.
İyunun 5-də Yuliya Suslyakın vəkili Zurab Todua bildirib ki, Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosundan aldığı rəyə əsasən, müvəkkiılinin Gürcüstana gətirdiyi on uşağın hər biri onun ərinin bioloji uşaqlarıdır, onlardan dördünün anası isə Yuliya Suslyakdır.
Yuliya Suslyakın Abxaziyada olan əri isə öz növbəsində jurnalistlərə bildirib ki, digər ailə üzvlərindən əvvəl Abxaziyaya gəlib ki, iş və yaşamağa yer tapsın, çünki tanınmamış respublikada məskunlaşmaq niyyətindədir. O, bütün ittihamları rədd edir və bildirir ki, onların “böyük və mühriban ailəsi” var.