Bakı və Moskva arasında yüksək vəzifəli məmurlar səviyyəsində qarşılıqlı səfərlər
Avqustun 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Dəniz kuboku” yarışlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gəlib. Şoyqu Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb.
Elə həmin vaxt prezident bildirib ki, tezliklə Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya səfər edəcək.
• Ermənistan və Rusiya arasında hərbi əməkdaşlıq aktivləşir?
“Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir”, – Şoyqu ilə görüşdə Azərbaycan prezidenti deyib.
Əliyev regional təhlükəsizlik mövzusuna da toxunub: “Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır”.
“Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var”, – Sergey Şoyqu cavabında bildirib.
Ötən gün Ermənistanın müdafiə naziri David Tonoyanın Rusiya prezidenti Sergey Şoyqu ilə Moskvada görüşü baş tutub.