Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı aktivləşir? Nazirlərin görüşü, Ermənistanın aviasiya texnikasının modernləşdirilməsi haqda razılaşma
Ermənistanın müdafiə naziri David Tonoyan Moskvaya uçub və “Beynəlxalq ordu oyunları – 2020” tədbiri çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Bildirilir ki, nazirlər Ermənistan-Rusiya müttəfiqlik və strateji əməkdaşlıq münasibətləri kontekstində regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Əsasən söhbət Ermənistan-Azərbaycan sərhədində iyul gərginləşməsindən sonra regiondakı hərbi vəziyyət haqda gedib.
Tonoyan-Şoyqu görüşündən sonra Ermənistanın yaydığı məlumatda deyilir ki, nazirlər “hərbi əməkdaşlıq sahəsində gələcək addımlar haqda razılıq əldə ediblər”.
Bu danışıqlardan bir gün sonra Ermənistanın Müdafiə Nazirliyi və Rusiyanın Birləşmiş Aviaquruculuq şirkəti Ermənistanın sərəncamında olan Rusiya təyyarələrinin modernləşdirilməsi və təmiri haqda razılaşma imzalayıblar.
● Ermənistanda Kalaşnikov avtomatlarının istehsalına başlayıblar
●Ermənistan Rusiyadan dörd yeni qırıcı təyyarə alıb
“Beynəlxalq ordu oyunları – 2020” nədir?
Tədbir artıq altıncı dəfədir ki, təşkil olunur. “Oyunlar” avqustun 23-dən başlayıb və sentyabrın 5-ə qədər davam edəcək. Yarışların gedişatında 30 beynəlxalq müsabiqə nəzərdə tutulub. Rusiya Müdafiə Nazirliyi NATO blokuna aid olan ölkələr də daxil olmaqla 90 ölkənin hərbçilərini tədbirdə iştirak etmək üçün dəvət edib.
Müsabiqələrin böyük hissəsi Rusiyada keçiriləcək, 6 tədbir isə başqa ölkələrdə, o cümlədən də Belarus, Azərbaycan və Özbəkistanda planlaşdırılıb. Ermənistan ərazisində “Sülh döyüşçüsü” hərbi-peşəkar ustalıq müsabiqəsi baş tutacaq.
Hərbi texnikanın modernləşdirilməsi haqda razılaşma
Razılaşmanı Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan və Birləşmiş Aviaquruculuq şirkətinin baş direktoru İlya Tarasenko imzalayıb.
Razılaşmaya əsasən, Birləşmiş Aviaquruculuq şirkəti Ermənistan HHQ-nin arsenalında olan aviasiya texnikasının modernləşdirilməsini və Rusiya istehsalı olan təyyarələrin təmirini davam etdirəcək. Əsasən söhbət Su-25 hücum təyyarələrindən gedir.
Bunlar quru qoşunlarının istənilən meteo-şəraitdə dəstəklənməsi üçün nəzərdə tutulan zirehli subsonik hərbi təyyarələrdir.