Sosioloji tədqiqat: Gürcüstanda əksəriyyət hakimiyyətin korrupsiyaya bulaşdığına əmindir
Açıq Cəmiyyət – Gürcüstan Fondu ölkədə demokratiyanın vəziyyəti, əhalinin dövlət institutlarına etibarı, siyasi partiyalara münasibəti, korrupsiya, din, təhsil, əmək hüququ məsələlərini əhatə edən yeni sosioloji tədqiqatın nəticələrini açıqlayıb.
Əldə edilən göstəricilərə əsasən, əksəriyyət hesab edir ki, hakimiyyət korrupsiyaya bulaşıb, heç bir siyasi partiyaya etibar etmir və patriarxa başqalarından daha çox hörmət edir.
Tədqiqat 2018-ci il 16-27 noyabrında Tbilisi və regionlarda həyata keçirilib və 1786 respondent sorğuda iştirak edib.
•Gürcüstanda kilsəyə parlament və məhkəmədən daha çox etimad göstərirlər
Elitar korrupsiya
Gürcüstan əhalisinin 68,8 faizi hesab edir ki, vəzifəli şəxslər səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edirlər. 59 faiz isə düşünür ki, məmurlar pul müqabilində biznesi himayə edir.
Tədqiqata əsasən, sorğu edilənlərin 60 faizi nüfuzlu məmurların öz səlahiyyətlərindən qanunsuz yolla varlanmaqdan ötrü istifadə edirlər.
Əhalinin 77 faizi hesab edir ki, yüksək vəzifəli dövlət qulluqçuları əsas işlərinə paralel olaraq öz bizneslərinə də sahibdirlər. Onlardan 41 faizi bunu ciddi problem hesab edir.
Tədqiqat nəticələrinə əsasən, sorğu edilənlərin 62 faizinin fikrincə, əgər böyük korporasiya müxalifəti maliyyələşdirməyə başlayarsa, hakimiyyət ona ciddi problemlər yaratmağa başlayacaq.
Təhsil
Sorğuda iştirak edənlərin 80,1 faizi hesab edir ki, yaxşı təhsil almaq üçün yaxşı maliyyə durumuna ehtiyac var. Respondentlərin təxminən eyni qədəri əmindir ki, bacarığı olmadan yaxşı təhsil almaq mümkün deyil.
Gürcüstan əhalisinin 31 faizi ali təhsilli, ən yüksək göstərici isə orta təhsillə yetinənlərə aiddir – 37 faiz. Sorğunun nəticələri müəyyən edib ki, təhsil sahəsində regional bərabərsizlik mövcuddur – regionlarda ali təhsil alanlar cəmi 24 faiz təşkil etdiyi halda Tbilisidə onların sayı 50,2 faizdir.
“Kimin iş tapmaq imkanı daha çoxdur – bacarıqlı insanın, yoxsa nazirin daha az bacarıqlı qohumunun?” sualına cavab olaraq respondentlərin 69 faizi ikinci variantı seçib.
Səhiyyə
Əhalinin yalnız 9 faizi Gürcüstanın səhiyyə sistemindən “qəti narazıdır”, 40,6 faizi razı olmaqdan daha çox narazıdır. Sorğu edilənlərin 72 faizi tibbi sığorta xidmətlərindən yararlanır, 11 faizinin fərdi sığortası var. Əhalinin əksəriyyəti hər ay tibbi preparatlara 50 lariyə yaxın (25 dollardan az) pul xərcləyir. Lazım olduğu zaman ölkə sakinləri daha çox ailə həkimləri ilə məsləhətləşirlər.
Əmək
Sorğu nəticələrinə əsasən, əmək hüququnun ən çox pozulma forması əməkhaqqının yetərsiz olması və təhlükəsizlik standartlarının pozulmasıdır. Sorğu olunanların 17 faizi hesab edir ki, işdə seksual sıxışdırma faktları baş verir. Demək olar, heç kim inanmır ki, əmək hüquqları pozulduğu zaman məhkəməyə müraciətin hər hansı bir nəticəsi ola bilər.
Siyasi partiyalara münasibət
Sorğu edilənlərin 55,2 faizi hesab edir ki, Gürcüstnada onların problemlərini çözməyə qadir olan siyasi partiya mövcud deyil. Bununla yanaşı 66 faiz etiraf edib ki, heç bir partiyanın seçkiqabağı proqramını oxumayıb. Əhalinin böyük hissəsi həmçinin etiraf edib ki, seçkilər zamanı partiya və onun proqramından daha çox bu və ya digər liderə səs verirlər.
Sorğuda iştirak edənlərin 60,7 faizi hesab edir ki, kişilərin seçkidə uğur qazanması qadınlara nisbətən daha asandır. 52 faizi əmindir ki, insanlar siyasətə yalnız öz rifahını təmin etmək düşüncəsi ilə gəlir.
Dini qurumlara münasibət
Sorğu edilənlərin 82,5 faizi pravoslav xristian olduğunu deyib. 5,9 faiz erməni apostol kilsəsinin camaatıdır, 3,4 faiz isə islamın sünni təriqətinə sitayiş edir.
Sorğuda iştirak edənlər öz dindarlığını aşağıdakı ifadələrlə bildirir: “Kilsə mənim kimiləri dinləyir”, “Kilsədə özüm kimilərlə görüşürəm”, “Kilsədə özümü müdafiə olunmuş hiss edirəm”, “Kilsə çətin anda dəstəkləyir”, “Durmadan dəyişən dünyada kilsə stabil və möhkəm dayaq olaraq qalır”.
Əhalinin 66 faizi patriarxa tam etibar edir. Amma bununla yanaşı patriarxlığa inam o qədər də yüksək deyil.