Həqiqət hardadır? Gürcüstan – “islahatçı ölkə nömrə 1” yoxsa “elitar korrupsiya” yuvası? " />

Korrupsiya nə ilə ölçülür

Həqiqət hardadır? Gürcüstan – “islahatçı ölkə nömrə 1” yoxsa “elitar korrupsiya” yuvası?

Gürcüstanda korrupsiyanın səviyyəsi ilə bağlı məsələ qədər çox sayda müxtəlif və bir-birini təkzib edən fikirlərin olduğu ikinci bir mövzu tapmaq çətindir.

Bir tərəfdən, xarici jurnalistlərin məqalələrində və beynəlxalq təşkilatların hesabatlarında Gürcüstan islahatların uğurla həyata keçirildiyi və korrupsiya ilə mübarizənin aparıldığı ölkə kimi xatırlanır. Digər tərəfdən isə həm əvvəlki, həm də indiki hakimiyyətlərdə oğurlanan milyonlar, nepotizm,  hər hansı biznesdə payı olan siyasətçilər haqqında söhbətlər də az deyil.

Kim səhv edir? Gürcüstandakı islahatlara valeh olan beynəlxalq təşkilatlar yoxsa mümkün korrupsiya halları barədə tez-tez danışan gürcü jurnalistləri və qeyri-hökumət təşkilatları?

Bu, ilk baxışdan paradoksal olan vəziyyətdə əslində təəccüblü heç nə yoxdur, bu mənada Gürcüstan da istisna deyil. Vəziyyət iki məsələnin qeyri-müəyyənliyinə dirənir: a) korrupsiya nədir və b) o necə ölçülür. Korrupsiyasının səviyyəsini müəyyən etməyə çalışmazdan əvvəl  ilk növbədə nəyi ölçdüyümüzü anlamalıyıq. Bu və ya digər ölkədə korrupsiyanın səviyyəsi barədə fərqli fikirlərin olması çox vaxt müxtəlif insanların korrupsiya barədə danışarkən müxtəlif hadisələri nəzərdə tutması ilə bağlıdır.

Korrupsiya nədir?

Korrupsiyanın universal və ümumi qəbul edilmiş tərifi mövcud deyil, amma ən geniş yayılmış tərif aşağıdakı kimi səslənir: korrupsiya qanun tərəfindən müəyyən edilmiş ictimai məqsədlər üçün deyil, müəyyən şəxsin və ya bir qrup şəxsin mənafeyini güdmək üçün səlahiyyətlərindən istifadə etməsidir.

Amma korrupsiyanın tərifini müəyyən edəndən sonra belə onun ölçülməsi ox çətin bir məsələ olur. Qanunla cəzalandırılan və buna görə də məxfi şəkildə həyata keçirilən fəaliyyətin nə dərəcədə geniş yayıldığını necə müəyyən etmək olar?  Cinayət işlərinin statistikasını nəzərdən keçirmək? Ola bilər, amma bu zaman da biz interpretasiya problemi ilə qarşılaşacağıq: əgər misal üçün, Gürcüstanda on il ərzində korrupsiya ilə bağlı ittihamlar Ermənistanla müqayisədə daha çox insana qarşı irəli sürülübsə, belə demək olar ki, Gürcüstanda korrupsiya Ermənistandan daha çox yayılıb? Bəlkə bu, Gürcüstan prokurorluğunun Ermənistan prokurorluğundan daha yaxşı işləməsi ilə bağlıdır?

Deməli cinayət işlərinin sayı korrupsiyanın etibarlı meyarı ola bilməz.

Korrupsiya təcrübəsi

Korrupsiya səviyyəsinin daha bir geniş yayılmış müəyyən edilməsi metodu vətəndaşların fikridir. Bu cür yanaşma “korrupsiya təcrübəsinin araşdırılması” adlanır, bunların arasında ən geniş yayılan da “Beynəlxalq şəffaflıq” tədqiqatı –qlobal korrupsiya barometridir.

2016-cı ilin barometrinə əsasən, sorğu iştirakçılarının 4 faizi etiraf edib ki, dövlət xidmətindən istifadə etmək əvəzinə rüşvət verməyi üstün tutublar. Bu göstərici dünyada ən aşağı göstəricilərdən biridir. Müqayisə üçün, Azərbaycanda bu göstərici 15 faiz, Ermənistanda 19 faiz, Ukraynada 23 faiz, Rusiyada isə 27 faiz təşkil edib.

Amma əksər vətəndaşlar rüşvət verməyibsə, bu o deməkdirmi ki, Gürcüstanda korrupsiya minimal səviyyədədir və bu, ciddi problem deyil?

Yox, demək deyil. Düzdür, Gürcüstan vətəndaşları nadir hallarda dövlət servisi xidmətlərindən istifadə etmək əvəzinə rüşvət verməli olurlar

(bu da təbii ki, çox gözəldir və həmin sahədə uğurlu islahatların aparılmasından xəbər verir), amma axı rüşvət təkcə dövlət servisi sahəsində verilmir.

Korrupsiyanın qavranılması

Bir neçə mümkün situasiyanı nəzərdən keçirək:

  1. Dövlət qulluqçusu tenderin şərtlərini elə tərtib edir ki, bu tenderdə onun əvvəlcədən seçdiyi şirkət qalib gəlir.
  2. Vəzifəli şəxs özəl şirkətə meşənin istifadə edilməsinə lisenziyanın alınmasında kömək edir, bundan sonra da işdən çıxıb, həmin şirkətdə yüksək maaşlı vəzifəyə keçir.
  3. Hökumət tendersiz özəl şirkətlə çox milyonluq müqavilə imzalayır, bir müddət sonra isə bu şirkət hakim partiyanın seçki fonduna iri ianə köçürür.

Gürcüstanın əksər vətəndaşları yəqin razılaşar ki, sadalanan hallar (bu hallar fərziyyə xarakteri daşımır və Gürcüstanda aparılan real  araşdırmalardan götürülüb) korrupsiya faktları sayılır. Amma əksər vətəndaşlar dövlət tərəfindən həyata keçirilən özəlləşdirmə və siyasi partiyaların maliyyələşdirilməsində iştirak etmədikləri üçün, bu faktlar onların şəxsi araşdırma təcrübələrində öz əksini tapmayacaq.

Amma eyni zamanda əksəriyyəti son zamanlar rüşvət verməyən Gürcüstan vətəndaşları yenə də hesab edir ki, ölkədə korrupsiya var. Onların qavrayışı budur.

“Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatı tərəfindən 2016-cı ilin yazında aparılan sorğuya əsasən, 40 faiz sorğu iştirakçısı hesab edir ki, Gürcüstanda “dövlət qulluqçuları tərəfindən biznesin inkişaf etdirilməsi üçün öz səlahiyyətlərindən sui-istifadə halları” geniş yayılıb (yalnız 11 faiz respondent hesab edir ki, bu hal geniş yayılmayıb).

Beləliklə, Gürcüstan əhalisinin çox kiçik hissəsi korrupsiya ilə şəxsən üzləşib (“korrupsiya təcrübəsi”), amma bun baxmayaraq, əhalinin daha böyük hissəsi ölkədə korrupsiyanın yayıldığını hesab edir. Bu cür dolayı indikatoru “Korrupsiya qavrayışı” adlandıra bilərik.

Hər il müxtəlif ölkələrdə korrupsiyanın qavranılması indeksini qiymətləndirən ən məşhur beynəlxalq araşdırma “Beynəlxalq şəffaflığın” korrupsiyanın qavranılması indeksidir. Son indeksdə Gürcüstan 176 ölkə arasında 44-cü yerdə qərarlaşdı, 100 mümkün xaldan 57 xal topladı.

Bu nəticə nədən xəbər verir? Bir tərəfdən Gürcüstan bütün Şərqi Avropa və Mərkəzi Asiya ölkələrini arxada qoydu, Sovet İttifaqının bütün keçmiş respublikalarını isə (Baltikyanı dövlətlər istisna olunmaqla) xeyli arxada qoydu. Bu isə o deməkdir ki, Gürcüstanda 2004-cü ildən aparılan islahatlar həqiqətən də korrupsiya səviyyəsinin azaldılması işində əla nəticə verib.

Danimarkaya necə çevrilmək olar?

Beləliklə də Gürcüstan əhalisinin böyük hissəsi hesab edir ki, a) ölkə korrupsiya ilə mübarizədə əhəmiyyətli uğurlara nail olub və dövlət xidməti sahəsində rüşvət almaq adətini az qala kökündən qoparıb, eyni zamanda da b) digər korrupsiya formalarının qarşısının alınması məsələsi də var.

Korrupsiyanın digər formaları ilə mübarizədə analoji uğurlara nail olmaq üçün nə etmək lazımdır? İndiki indeksdə 100 mümkün xal arasında 90 xal almaqla birinci yeri tutan Danimarkanı (həm də Yeni Zelandiyanı) necə ötmək olar?

Bu cür kompleksli suala istənilən lakonik cavab aydındır ki, səthi olacaq, amma korrupsiya ilə mübarizədə lider olan ölkələr üçün səciyyəvi olan cəhətləri ayırmaq olar: müstəqil məhkəmə hakimiyyəti, icra hakimiyyəti üzərində güclü parlament nəzarəti, azad media və fəal vətəndaş cəmiyyəti. Başqa sözlə desək, möhkəm demokratiyası olan inkişaf etmiş ölkələrdə korrupsiyanın səviyyəsi bir qayda olaraq, ən aşağı səviyyədədir.

Korrupsiya risklərinin azaldılması üçün ən yaxşı vasitə idarəçilik sisteminə şəffaflıq və hesabatlılıq prinsiplərinin daxil edilməsidir: vəzifəli şəxs bilsə ki, həmvətənləri onun fəaliyyəti haqqında informasiyanı asanlıqla əldə edə biləcək (şəffaflıq) və bunun arxasınca da mütləq cəza tətbiq olunacaq (hesabatlılıq) öz səlahiyyətlərindən sui-istifadə etməkdən çəkinəcək. Demokratik olmayan sistemdə şəffaflıq və hesabatlılıq sistemləri (misal üçün, müstəqil məhkəmə və azad media) demək olar ki, mövcud deyil, buna görə də bu cür dövlətlərdə korrupsiyanın olmaması presedentləri yoxdur.

Buna görə də ölkədə korrupsiyanın səviyyəsi və korrupsiya risklərini müəyyən etmək istədikdə mütləq korrupsiyanın qarşısının alınması və ya üzə çıxarılmasında iştirak edən institutların hansı vəziyyətdə olmasına diqqət yetirmək lazımdır. KİV nə dərəcədə azaddır? Məhkəmələr nə dərəcədə müstəqildir? Prokurorluq siyasi təzyiqdən nə dərəcədə mühafizə olunur?

Bu sualların cavabları ölkədə korrupsiya təhlükəsinin nə dərəcədə böyük olmasını çox dəqiq nümayiş etdirəcək.

Məqalə müəllifi: Erekle Uruşadze, “Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatının antikorrupsiya proqramının meneceri

More on JAMnews