Şimali və Cənubi Koreya liderləri “sülhün yeni erasının başlanğıcı” ilə bağlı razılığa gəliblər
Şimali və Cənubi Koreya sərhədində qeyri-hərbi zonada iki ölkə lideri 11 il ərzində ilk dəfə görüşüb. Kim Çen In və Mun Çje İn Cənubi Koreyanın Pxanmuncon kəndində danışıqlar aparıblar, CNN xəbər verir.
Danışıqlar başlamazdan əvvəl Cənubi Koreya prezidenti sərhədi keçərək rəmzi jest edib. Bununla o, son 18 ildə KXDR-a ayaq basmış ilk Cənubi Koreya lideri olub. Kim Çen In və Mun Çje İna arasındakı uzun danışıqlar qətnamə imzalanması ilə başa çatıb, sənəddə deyilir:
“İki lider 80 milyon koreyalı və bütün dünya qarşısında təmtəraqlı şəkildə bildirir ki, Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq və bununla da yeni era, sülh erası başlayır”.
Ölkə liderləri həmçinin regionun tam nüvəsizləşməsinə dəstək verəcəkləri haqda razılığa gəlib və beynəlxalq təşkilatları bu məsələnin həllində onlara yardım etməyə çağırıblar.
Daha əvvəl aprelin 21-də Kim Çen In elan edib ki, KXDR raket və nüvə sınaqlarını dondurur, o cümlədən də respublikanın şimalındakı nüvə poliqonunu bağlayır.
Koreya Respublikasının prezidenti və Şimali Koreya rəhbəri 1950-ci ildə başlamış və formal olaraq, hələ də bitməmiş Koreya müharibəsi zamanı ayrı düşmüş ailələrin birləşdirilməsi problemini də müzakirə ediblər. Onlar yaxın zamanda ailələrin birləşməsi üçün tədbirlər görəcəkləri ilə bağlı razılığa gəliblər.
CNN ekspertləri hesab edirlər ki, vaxtından əvvəl sevinmək lazım deyil, əvvəlcə tərəflərin razılaşmalara necə əməl edəcəklərinə baxmaq lazımdır.
Onlar hesab edirlər ki, əsas suala cavab alınmayıb: həqiqətənmi KXDR nüvə silahı yaratmaq proqramından imtina edəcək?
Yaxın zamanda Kim Çen In və ABŞ prezidenti Donald Trampın görüşü baş tutmalıdır.