Seçki 2020: "İndi daşları yığıb “divar” tikmək zamanıdır". Şərh
Filosof, professor Rəhman Bədəlov öz facebook səhifəsində parlament seçkiləri haqqında fikirlərini paylaşıb.
S
eçkilər keçdi, mübahisələr davam edir. Mən də fikirlərimi bölüşüm.
Əvvəla onu deyim ki, bizdə bir çox hallarda nəticəni prossesdən ayırırlar, nəticəni kontekstdən ayırırlar, halbuki əksər hallarda prosses nəticədən daha informativdi.
Keçək seçkiyə.
İlk baxışda seçkilər “köhnə hamam, köhnə tas” deməyə əsas verir. Seçicilərin passivliyi, saxtakarlıq, köhnə tərkibin demək olar ki dəyişməməsi və s.
İndi özümə və sizə sual verim. Niyə təəcüblənirik, niyə hakimiyytdə zalım, özümüzdə mələk görürük?
Açıq danışaq, “böyük pullar” ləyaqətsiz, loyallıqdan biznes etməyi bacaran insanları üzə çıxartdı. Başqa cür ola bilərdi? Onların əksəriyyəti zalım deyildilər, deyingən deyildilər, onların enerjisi var idi, ləyaqətsizlik isə onların əl-qolunu bağlamırdı. Etiraf eləyək ki, bir çox hallarda onlara gülərkən (ələlxüsus aralarında primitiv insanlar tapılanda) özümüzə təsəlli tapırdıq.
• Parlamentə keçən yeganə azərbaycanlı müxalifətçi tənqid hədəfinə çevrilib
• Azərbaycanda parlament seçkiləri: nə baş verir və niyə bu vacibdir?
Məncə onların başqa qütbü bizim əhalinin əksəriyyətidi (“rəiyyət” demək olar) – məmuru ilə, alimi ilə, fəhləsi ilə, sənətkarı ilə. Bu tipli insanlar seçkilərdə hakimiyyətin dayağıdı, onlar da seçkiləri səbirsizliklə gözləyirlər ki, 5-10 manat qazansınlar. Onlara daş atmayaq, bədbəxt insanlardı, tapdalanmış insanlar, özləri də bilmirlər ki, o 5-10 manat onların səhhətinə belə təsir edir.
Özümdən deyə bilərəm ki, 2003 seçkilərindən sonra (o seçkilərin ərəfəsində H.Ə. haqqında sözümü açıq demişdim) o qədər sarsılmışdım, az qala “azərbaycanlı” olmaqdan imtina edirdim.
Bu dəfəki seçkilər məni nəinki məyus etmədi, inam yaratdı. Soruşacaqsınız ki, hansı əsaslarla bunu deyirəm?
Əvvəla məlum oldu ki, cəmiyyətimizin ən azı bir qismi heç də fil qulağında yatmayıb, məqam axtarır ki, publik məkana çıxsın, ləyaqətini qoruyaraq sözünü desin, əməlini etsin. Məlum oldu ki, bizdə təmənnasız işləməyə hazır, könüllülər dəstəsi formalaşıb, onlar don-kixotluq eləməkdən çəkinmirlər, ləyaqət onlar üçün qırmızı xəttdi, qazancdan vacibdi.
Düzünü deyim ki, bu məni sevindirir, demirəm “ümidlə” yaşayıram, hamı kimi mən də bilmirəm sabah nə olacaq. Amma bu gün bu baş verdi, bizlər bunu elədik və nə zamansa bunun davamı olacaq.
Bir neçə söz Erkin Qədirlinin seçilməsi ilə bağlı. Necə seçilib, bu barədə E.Qədirli özü, tam açıq və publik danışıb. Heç bir seçilən deputatımız indiyəcən belə danışmayıb. “Loyallıq biznesi” onların “ləyaqətini” istər-istəməz cilovlayır. Bu baş verdi.
Erkin gizlətmirdi ki, onun dairəsində qanunlar pozulmadısa, bu həm də o deməkdi ki, hakimiyyət onun seçilməsini dəstəklədi (dar düşünən insanlar şivən qopara bilərlər). Və bu mənada, özünün dediyi kimi, o seçicilərlə hakimiyyət arasında körpü ola bilər.
Bir məsələyə də münasibətimi bildirim.
Bəzi insanlarımız, guya ədalət (mücərrəd ədalət) naminə E.Qədirlini deputatlıqdan imtina etməyə cağırırlar. Məncə bu, tam yanlış və təslimçi yanaşmadı. Əvvəla heç kəs öz vicdanından, ağılından, qəhrəmanlığından büt eləməməlidi, “mən beləyəm, sən də belə olmalısan” deməməlidi, özünü gələcəyi bilmiş saymamalıdı.
İkincisi isə budur ki, məncə indi daşları yığıb (время собирать камни) “divar” tikmək zamanıdı. Sorüşsanız ki, birdən nəticəsi olmadı, hakim dairələr tikilməkdə olan divarı dağıtdı?
Belə cavab verərdim. İmkan tapılan kimi daşları yenidən yığmalıyıq. Hünərimiz, iradəmiz bu gün çatdısa, sabah da çatacaq.
İnanmalıyıq ki, bu, Sizif əməyi deyil.