Şantaj, korrupsiya və populizm. Çeçenistan sakinlərinin qaz borclarının silinməsilə bağlı ekspert rəyləri
Çeçenistanda Ramzan Kadırov hökuməti və Rusiyanın “Qazprom” şirkəti arasında qarşıdurma başlayıb. Hökumətin faktiki olaraq yoxsul əhalinin müdafiəsinə qalxmasına və qaz borcunu silmək niyyətinə baxmayaraq, “Qazprom” pulun ödənməsində israrlıdır – ekspertlərin çoxu isə yoxsul əhalinin yox, qaz nəhənginin tərəfindədir.
Üstəlik çoxları deyir ki, Çeçenistan hakimiyyətinin təşəbbüsündə korrupsiya halının ört-basdır edilməsi cəhdinin də payı böyükdür.
Təfərrütlar haqda danışırıq.
•Çeçenistanla sərhədin dəyişməsi üzündən İnquşetiyada etirazlar – səbəblər və nəticələr
•Çeçenistanda gözü qorxan valideynlər övladlarından imtina edir
Münaqişənin mahiyyəti
Çeçenistan əhalisinin köhnə borclarının silinməsi ideyası ilə Çeçenistan prokurorluğu çıxış edib. Əsas arqument isə ondan ibarətdir ki, bu borc üzrə müddət bitib, qaz təchizatçısı olaraq “Qazprom”un borcların ödənməsi ilə bağlı tələbi “cəmiyyətdə sosial gərginlik yaradır və əhalinin etiraz çıxışlarının ucalmasına gətirib çıxara bilər”.
Söhbər doqquz milyard rubldan çox [140 milyon dollara yaxın] vəsaitdən gedir. Yanvarın 16-da Çeçenistan paytaxtının Zavod rayonu məhkəməsi borcun silinməsi ilə bağlı qərar çıxarıb.
Bir çox ekspertlər həm qərarı, həm də göstərilən arqumenti qəribə və misilsiz kimi dəyərləndirib.
“Qazprom” öz növbəsində bəyan edib ki, məhkəmə qərarından şikayət edəcək.
Respublika başçısı Ramzan Kadırovun şəxsi qərarı olduğu güman edilən aztəminatlı insanlara kömək etmək və qaz borclarının silinməsi təklifi niyə mütəxəssislərdə təəccüb və etiraz doğurub? Rusiyanın “Kavkazskiy uzel” informasiya agentliyi jurnalistlərinin söhbətləşdiyi ekspertlərin şərhləri:
Şantaj
Regionların sosial-iqtisadi inkişafı sahəsində ekspert, Moskva Dövlət Universitetinin professoru Natalya Zubareviç deyir ki, əvvəl heç vaxt region sakinlərinin qaz borclarının bu cür silinməsi haqda eşitməyib, üstəlik də mümkün “etiraz çıxışlarının” qarşısının alınması bəhanəsi ilə.
“Əgər mən doğru anlayıramsa, bunu belə yozmaq mümkündür: “Hələ ki, biz sizi atəşə tutmamışıq, siz bizə hər şeyi bağışlayacaqsız”. Mən bunu “şantaj” adlandırardım”, – Zubareviç deyib.
Onun məlumatına əsasən, Şimali Qafqaz respublikalarının kommunal xidmətlərə görə borcu ümumilikdə Rusiya üzrə ən yüksək səviyyədədir.
Oğurluğu ört-basdır etmək
Rusiyada qaz borclarının əhalinin ayağına yazılması kimi korrupsiya təcrübəsi var, bu yanacaq itkisi və ya oğurluğunu ört-basdır etməyə imkan verir – energetika sahəsində ekspert Nikolay Xrenkov təsdiq edib.
Piar və populizm
Borcların silinməsi haqda qərar bilavasitə Çeçenistan başçısı Ramzan Kadırovun iştirakı ilə qəbul olunub, “Sivilizasiyaların dialoqu” elmi tədqiqat institutunun rəhbəri politoloq Aleksey Malaşenko belə hesab edir.
Kadırov respublikada artmaqda olan sosial gərginliyin fərqindədir və bu gərginliyi aradan qaldırmağa çalışır, bunün üçün də “xalqın maraqlarını qoruduğunu” göstərmək istəyir – ekspert belə deyib.
“Vəziyyət Kadırova əl verir – o bu durumda “Qazpromla” təmsil olunan federal mərkəz qarşısında özünü cəsarətli və qoçaq göstərə bilər”, – Aleksey Malaşenko bildirib.
“Vətəndaş yardımlaşması” komitəsinin rəhbəri Svetlana Qannuşkina da Çeçenistanda borcların silinməsini Kadırovun piarı ilə əlaqələndirib. Bu cür qərar onun populyarlığının həqiqətən artmasına xidmət edəcək – o qeyd edib.
““Qazprom” imkanlı təşkilatdır, başının çarəsinə baxar, hökumət kömək edər – vergilər yüksəldilib, Ramzan Kadırov və komandasının könlünü isə xoş tutmaq lazımdır”, – o deyib.
Bundan sonra necə olacaq?
İqtisadi nöqteyi-nəzərdən şübhəli arqumentə baxmayaraq, Çeçenistanın qaza görə borcu böyük ehtimalla federal mərkəzin razılığı ilə silinə bilər – Svetlana Qannuşkina hesab edir.
“Çox güman ki, RF hökuməti “Qazprom”un ziyanını kompensasiya edəcək, pulu büdcədən götürəcəklər”, – hüquq müdafiəçisi bildirib.
“Görək, Rusiyada kim daha güclüdür – “Qazprom”, yoxsa Çeçenistan Rəisi?” – “Kavkazskiy uzel” saytının abunəçilərindən biri şərh bölməsində yazıb.