Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacağını bəyan edib
Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bəyan edib ki, senktyabrın 10-da Ukraynaya qayıtmaöğa hazırlaşır. Bu haqda o, Facebook-da canlı yayımla məlumat verib.
Saakaşvili bildirib ki, Ukraynaya Polşa ərazisindən, Lvov vilayətindəki “Krakovets” keçid məntəqəsindən gələcək.
Onun sözlərinə görə, Ukrayna vətəndaşlığından məhrum edilməsi haqda prezident Poroşenkonun fərmanı qanuni hesab edilsə belə Ukrayna hakimiyyətinin onu ölkəyə buraxmamaq haqqı yoxdur, çünki vətəndaşlığı olmasa da, onun daimi yaşayış yeri Ukraynadır. “Mənim daimi yaşayış ünvanın Ukraynadadır, şəxsi əşyalarım Ukraynadadır. Dostlarımın çox hissəsi Ukraynadadır və mən Ukraynada qeydiyyatdan keçmiş “Yeni qüvvələr Hərəkatının” təşəbbüskarlarından biriyəm. Yəni bu absurddur, Ukraynada (mənim) siyasi hərəkatım, partiyam var, amma məni ora buraxmırlar”, – Mixail Saakaşvili bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti onun ölkəyə gəlişinə mane olmaq üçün sərhəddə mühafizəni gücləndirir və müvafiq qanunlar qəbul edir. Amma Saakaşvili öz tərəfdarlarının dəstəyinə ümid edir və onları “Krakovets” keçid məntəqəsində toplaşmağa çağırıb. Saakaşvili onu da bildirib ki, Ukraynaya qayıdarkən onu jurnalistlər və polşalı tərəfdarlar müşayiət edəcək.
İyulun 26-da prezident Poroşenko öz fərmanı ilə Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Vətəndaşlıq ona 2015-ci ildə elə Poroşenkonun fərmanı ilə verilmişdi. Ukrayna Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən bu qərarın səbəbi Saakaşvilinin vətəndaşlıq alarkən özü haqda məlumatları doğru qeyd etməməsi olub.