Səudiyyə Ərəbistanında qadınlar artıq maşın sürür: burda sensasiyalı nə var ki?
Qadınlar və avtomobillər haqda bu satirik klip Səudiyyə Ərəbistanında yerli musiqiçi və aktyor Hişam Faqi tərəfindən bir neçə il əvvəl çəkilib. İndi klip xüsusilə aktualdır – Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə qoyulan qadağa rəsmən ləğv edilib, – CNN xəbər verir.
Ölkədə qadınlara sükan arxasına keçməyi qadağan edən şah sərəncamı XX əsrin ortalarından qüvvədə idi. 2018-ci ilə qədər Səudiyyə Ərəbistanı yalnız kişilərin maşın sürə bildiyi yeganə dünya ölkəsi olaraq qalırdı.
Qadağanın ləğv edilməsi Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salmanın həyata keçirdiyi irimiqyaslı islahatlardan biridir. Şahzadə hesab edir ki, qadınların sürücülük hüququ qazanması işləyən qadınların sayının artmasına səbəb olacaq.
Son bir ildə Səudiyyə Ərəbistanında ibn Salmanın təşəbbüsü ilə qadınlara qarşı diskriminasiyaya yol açan bir neçə qanun layihəsi ləğv edilib. Amma müəyyən irəliləyişlərə baxmayaraq, Səudiyyə Ərəbistanı hələ də qadınların diskriminasiyasının gündəlik və qanuni hal olduğu dövlət olaraq qalır.
Ölkədə qadının praktiki olaraq ciddi müstəqil qərar vermək imkanının olmadığı himayədarlıq sistemi yaradılıb. O, öz atasına, ərinə, qardaşına, bəzi hallarda isə oğluna tabe olmağa məcburdur.
Qadınlar tibbi yardım almaq (plastik cərrahiyə), xaricə getmək, universitetdə təhsil almaq, nikaha girmək və hətta həbsxanadan azad edilmək üçün onları himayə edən kişinin razılığını almalıdılar.
Krallıq qadınları sükan arxasına keçmək hüququ əldə etmək üçün düz 27 il sərf etməli olublar, amma ölkə hələ bir sıra problemləri həll etməlidir. Belə çıxır ki, krallıq qayda pozuntuları zamanı cərimə yazıb, maşında axtarış aparmaları üçün qadın yol polisləri haqda düşünməlidir.
Qadınlara sürücülüyü kimin öyrədəcəyi və onlara kimin vəsiqə verəcəyi də aydın deyil – çox güman ki, qadın avto-təlimçilər və yeni ixtisaslı məmur qadınlar lazım olacaq.
Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatının nümayəndələri hesab edirlər ki, sürücülük qadağasının ləğvi “doğru istiqamətdə atılmış, çoxdan bəri gözlənilən addımdır”, amma hakimiyyət və hüquq müdadiəçiləri Səudiyyə Ərəbistanında bərabər hüquqların bərqərar olması üçün hələ böyük işlər görməlidirlər.
Bu musiqili klipi Səudiyyə şirkəti çəkib, əsas ideyası Səudiyyə Ərəbistanında qadınların hüquqları ilə bağlı problemə diqqət çəkməkdir.