“Rustavi 2”yə sahib olduqdan üç həftə sonra yeni sahibi müxalif telekanalı satmaq qərarı verib
“Rustavi 2”nin yeni sahibi, bir aydan da az müddət əvvəl bu teleşirkətə sahib olmuş iş adamı Kibar Xalvaşi onu satmaq niyyətindədir.
İyul ayında, uzun illər davam etmiş məhkəmə çəkişməsi nəticəsində hakimiyyətə yaxınlığı ilə seçilən iş adamı bu müxalif teleşirkətə olan hüquqlarını özünə qaytarmışdı. İndi o bildirir ki, teleşirkət ağır maliyyə vəziyyətindədir və o, şirkəti xilas edə bilmir.
Gürcüstanlı ekspertlərin fikrincə, bu niyyətin arxasında siyasi qərar durur – çox güman ki, yeni alıcı hakimiyyət üçün daha loyal və daha etibarlı iş adamı olacaq.
_________________
“Mən “Rustavi 2”ni şəffaf müsabiqə yolu ilə ən yüksək qiyməti təklif etmiş şəxsə satmağı qərara almışam”, – Kibar Xalvaşinin bu gün yaydığı bəyanatında belə deyilir.
Teleşirkətin səhmlərinin 100%-nin sahibi olan Xalvaşi deyir ki, teleşirkətin satılmasına səbəb onun ağır maliyyə vəziyyəti olub.
Onun sözlərinə görə, kredit borcunun məbləği 70 milyon lariyə yaxınlaşır və bu məbləğdən yalnız dövlət büdcəsi qarşısında olan borcun miqdarı 27 milyon lariyə bərabərdir.
“Bu gün şirkətin ödəniş qabiliyyətli olmaması haqqında işin başlanması üçün bütün faktiki və hüquqi əsaslar mövcuddur”, – Xalvaşi bildirir.
Ən reytinqli və hakimiyyətə tənqidi yanaşan teleşirkətin satışı üzrə müsabiqə rekord qısa müddətə təyin edilib – Xalvaşinin bəyanatında deyilir ki, müsabiqə bir həftə ərzində yekunlaşmalıdır, belə ki, teleşirkət ciddi maliyyə böhranı yaşayır.
Müsabiqədə iştirak etmək üçün arzu edənlər öz niyyətlərinin ciddi olduğunu sübut etmək məqsədilə xüsusi hesaba 1 milyon ABŞ dolları köçürməlidirlər. Müsabiqə qalibi üçün bu məbləğ satış məbləğinə daxil ediləcək, uduzan tərəf isə pullarını geri alacaq, əgər qalib müəyyən edilmiş vaxtda şirkətin qiymətini tam şəkildə ödəyə bilməsə, zəmanət məbləğini itirəcək.
Xalvaşi deyir ki, o, teleşirkəti almağa və bu vəziyyətdən çıxarmağa hazır olan istənilən şəxslə danışmağa hazırdır. Yeganə istisna teleşirkətin uzun illər ərzində təsiri altında olmuş Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidir.
“Danışmaq niyyətində olmadığım yeganə şəxs “Rustavi 2”nin keçmiş qeyri-formal sahibi və idarəedicisi Mixail Saakaşvilidir”, – Xalvaşi bildirib.
Ağır maliyyə vəziyyətinə görə Xalvaşi məsuliyyəti büsbütün teleşirkətin keçmiş baş direktoru Nika Qvaramiyanın üzərinə yıxıb.
“Dəfələrlə deyirdim ki, … “Rustavi 2”nin keçmiş baş direktoru şirkətə zərər yetirmək üçün bütün vasitələrdən istifadə edib. Bu gün mən tam məsuliyyəti ilə bəyan edə bilərəm ki, Nika Qvaramiyanın bir neçə illik qayğısı və əzizləməsi nəticəsində “Rustavi 2” teleşirkəti fəlakət öncəsi vəziyyətə düşüb”, – Xalvaşinin bəyanatında yazılıb.
“Bu, siyasi sövdələşmə olacaq”
Gürcüstanlı ekspertlər və siyasi müşahidəçilər əmindirlər ki, kommersiya maraqlarından çıxış edərək, “Rustavi 2”ni heç kim almayacaq və alıcı peyda olsa, bu, mütləq şəkildə siyasi sövdələşmə olacaq.
Siyasi ekspert Giya Xuxaşvilinin sözlərinə görə, Xalvaşinin teleşirkəti satması haqqında bəyanatı absurddur, çünki o, özü antireklam edir və bildirir ki, “Rustavi 2”nin borcu 70 milyon lariyə bərabərdir.
“Kibar Xalvaşi nə deyir? Mənim qarayara xəstəliyindən əziyyət çəkən mal-qaram var və mən onu 1000 lariyə satıram. Onun bəyanatı tam absurddur…” – Xuxaşvili “İnterpresnyus” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, “Rustavi 2”yə hüquqları barədə bildirən və məhkəməyə müraciət etmək fikrində olan digər namizədlərin olması vəziyyəti daha da mürəkkəbləşdirir.
“Bu vəziyyətdə həmin şirkəti almağa qərar vermiş adam tam bir sərsəm olmalıdır. Müvafiq olaraq, anlamaq olmur ki, Xalvaşi özü şirkətin antireklamı ilə məşğul olur və eyni zamanda, onu satır. Bu əhvalatın qəribəliyi bundadır. Bu, mütləq kommersiya məntiqi ilə heç bir əlaqəsi olmayan siyasi sövdələşmə olacaq”, – Xuxaşvili deyir.
Politoloq Vaxtanq Dzabiradze düşünür ki, hakimiyyətin “Rustavi 2”nin yeni alıcısı qismində namizədi artıq mövcuddur.
“Bu, mütləq hakimiyyətə yaxın olan neytral şəxs olacaq”, – o hesab edir.
“Rustavi 2” ətrafında az qala dörd il ərzində davam etmiş çəkişmə iyulun 18-də başa çatıb. Teleşirkətin yeni sahibi var. Bu, hakimiyyətə yaxınlığı ilə seçilən iş adamı Kibar Xalvaşidir.
Bu, Strasburq insan haqları məhkəməsinin “Rustavi 2” işi üzrə qərarını elan etməsindən sonra mümkün olub.
Müxalif telekanalın sahibləri arasında çıkişmə 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən az sonra başlayıb. Hakimiyyət bu prosesi “özəl şəxslər arasında mübahisə” kimi qələmə versə də, müşahidəçilər üçün aydın idi ki, “özəl şəxslər”in arxasında güclü müxalif mediadan qurtulmağa çalışan hazırkı ölkə hakimiyyəti dururdu.
Gürcüstanın ən populyar telekanalının yeddi il rəhbəri olmuş Nika Qvaramiya teleşirkətin yeni sahibi tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Hazırda ona qarşı cinayət işinə başlanıb.
Avqustun 1-də Gürcüstan prokurorluğu vəzifə mövqeyindən sui-istifadə etməklə “Rustavi 2”nin pullarının və əmlakının mümkün mənimsənilməsi faktı üzrə istintaqın başlandığı barədə məlumat yayıb.
Artıq avqustun 9-da Gürcüstan prokurorluğu Qvaramiyaya qarşı “xüsusilə böyük məbləğdə zərərə gətirib çıxarmış, fayda götürmək məqsədilə müəssisədə və ya təşkilatda rəhbər, təmsilçi və digər xüsusi səlahiyyətlərdən istifadə” rəsmi ittihamı ilə sürüb. Bu cinayət cərimə, yaxud iki ilə qədər islah işləri, yaxud altı aydan iki ilə qədər ev dustaqlığı, yaxud üç ildən beş ilə qədər azadlıqdan məhrumetmə kimi cəza növlərini nəzərdə tutur.