Rusiyanın İj-kombisi Tesla ilə rəqabətə hazırlaşır, sosial şəbəkələrdə isə gülürlər
“Kalaşnikov” konserni gələcəkdə İlon Maskın maşınları ilə rəqabətə girəcək elektromobillər hazırlamağa başlayıb. Bu haqda РБК-ya konsernin xarici kommunikasiyalar üzrə direktoru Sofiya İvanova danışıb.
“Biz məhz Tesla ilə rəqabət aparacağımız haqda danışırıq, çünki hazırda bu, elektromobil sahəsində uğurlu layihədir. Biz ən azı ondan geri qalmamağa ümid edirik”, – İvanova deyib.
“Kalaşnikov” avtomobillərinin konkret üstünlüklərini isə o sadalamayıb.
Daha əvvəl “Ordu-2018” beynəlxalq forumunda “Kalaşnikov” İj-21252 (“Kombi”) kuzovu bazasında CV-1 elektrik konsept-kar təqdim edib.
İj-kombi Sovet İttifaqında İjevsk avtomobil zavodunda istehsal olunan sovet avtomobilinin markasıdır. İndi bu zavod “Kalaşnikov” konserninə məxsusdur.
Sosial şəbəkələrdə yeniliklə bağlı əsasən zarafat edirlər:
“Mən alardım. Tesla tezliklə hamıda olacaq, bu möcüzə isə yalnız məndə”.
“Onlar Maskla yox, “zaparojetslə” rəqabət aparırlar.
“Kalaşnikov” ucuz komediyalar bazarına çıxıb.
“Kalaşnikov”un forumda təqdim olunan digər ixtiralarından çəkisi 2 tondan artıq olan “İqoryok” adlı döyüş robotu da müşahidəçilərin diqqətinə və sosial şəbəkə istifadəçilərinin lağlağısına səbəb olub.
“Onun daşınması üçün sadəcə paravoz ixtira eləmək qalıb”, – sosial şəbəkələrdə yazıblar.