Rusiyalıları feyk xəbərlər yaymağa və hakimiyyətə qarşı hörmətsizliyə görə cəza gözləyir
Rusiyada aprelin 1-dən “qeyri-dəqiq” informasiya yaymağa və hakimiyyət orqanlarına qarşı “açıq” hörmətsizliyə görə cəzalandıran iki yeni qanun qüvvəyə minir
“Qeyri-dəqiq” xəbərlər
İndi Rusiya prokurorları məhkəmə qərarı olmadan onların fikrincə, cəmiyyət üçün ziyanlı məlumat yayan istənilən internet resursu bloklaya bilər. Məsələn, cəmiyyətdə çaxnaşma və ya kütləvi iğtişaş doğura bilən məlumatlar.
Cəza 50 avrodan 1500 avroya qədər (təkrar qanun pozuntusu) cərimədən ibarətdir.
Bununla belə dövlət mediası yeni qanunun təsiri altına düşmür.
Hakimiyyət orqanlarına qarşı “açıq” hörmətsizlik
“Ccəmiyytə, dövlətə, rəsmi rəmzlərə, Konstitusiyaya və hakimiyyət orqanlarına qarşı ədəbsiz formada hörmətsizlik ifadə edən” materialları yayan internet resurslar da bloklanacaq.
“Ədəbsiz forma” və “açıq hörmətsizlik” nə deməkdir? “Qeyri-dəqiq informasiya” halında olduğu kimi bunu prokurorlar məhkəmənin iştirakı olmadan müəyyən edəcək.
Qanun pozucularını 15 avro həcmində cərimə və ya 15 sutka həbs gözləyir.
Müəlliflik
Hər iki qanunun müəllifi Rusiya parlamentinin yuxarı palatasının deputatı Andrey Klişasdır. Əvvəllər Rusiyanın ən iri “Nornikel” metallurgiya kombinatının özəlləşdirməyə cavabdeh olan məmuru, daha sonra isə bu müəssisəsinin Direktorlar Şurasının sədri olub.
Az əvvəl Korrupsiya ilə Mübarizə Fondu Andrey Klişasın əmlakı – çoxsaylı torpaq sahələri, malikanələri, qiyməti milyon avrodan baha olan saat kolleksiyası ilə bağlı informasiya yayıb.
Bildirilir ki, bir çox daşınmaz əmlak obyektləri deklarasiyada göstərilməyib və onlara görə vergi ödənmir.
Dəyərləndirmə
Yeni qanunlarla bağlı ekspertlər və sosial şəbəkə istifadəçiləri öz fikirlərini ifadə ediblər.
Avropa Siyasətinin Analizi Mərkəzinin əməkdaşı Mariya Sneqovaya:
“Yeni qanun prokurorluğa müstəsna geniş səlahiyyət verir və onsuz da azad olmayan Rusiya məhkəmələrini daha da kənara itələyir”.
Sosial şəbəkələrin rusdilli seqmentində ən çox təkrarlanan zarafat:
“Hakimiyyəti söyürsənsə hörmətsizliyə görə, tərifləyirsənsə, feyk yaydığın üçün tutacaqlar”.