Rusiyalı jurnalist Arkadi Babçenkonun qətli ona qarşı real sui-qəsdin qarşısını almaq üçün quraşdırılıb
Rusiyalı müxalif jurnalist Arkadi Babçeko sağdır. Mayın 29-da onun qətl edildiyi haqda yayılan məlumat Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən quraşdırılıb. Ukraynanın bir sıra media orqanı, o cümlədən də “Hromadske” telekanalı mayın 30-da axşam saatlarında Kiyevdə keçirilən brifinqdə xidmət rəhbəri Vasili Qritsakın bu haqda sözlərini yayımlayıb.
Qritsak mikrofona doğru çıxaraq ciddi üz ifadəsi ilə deyib:
“Mən Arkadi Babçenkonun ailəsinə başsağlığı vermək istəyərdim. Amma bunu etməyəcəm. Mən onun ailəsini, sizin hamınızı, hadisəni izləyən bütün dünyanı təbrik etmək istəyirəm. Babçenkonu da üçüncü doğum günü münasibətilə təbrik edirəm”.
Daha sonra mikrofon qarşısına Arkadi Babçenkonun özü çıxıb.
O, Təhlükəsizlik Xidmətinə “sağ qaldığı üçün” minnətdarlığını bildirib, qohumları və dostlarından isə onu “basdırmalı” olduqları üçün üzr istəyib.
“Ayrıca, mən iki gün ərzində yaşadığı cəhənnəmə görə, həyat yoldaşımdan üzr istəyirəm. Oleçka, bağışla, xahiş edirəm, amma burada başqa variant yox idi”, – Babçenko “Meduza”ya deyib.
Qritsak bildirib ki, jurnalistin qətlinin quraşdırılması xüsusi əməliyyatın tərkib hissəsi olub və bu əməliyyat nəticəsində UTX Babçenkoya qarşı hazırlanan sui-qəsdin qarşısını ala bilib. Əməliyyat iki ay hazırlanıb, Babçenko əməliyyat baş tutandan bir ay əvvəl bu haqda öyrənib. O, bildirib ki, onun başqa seçimi olmayıb, UTX ilə əməkdaşlığa razı olmayacağı təqdirdə onu öldürəcəkdilər.
Qritsakın sözlərinə görə, ehtimal olunan sui-qəsdin təşkilatçısı keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib ki, bu şəxs Rusiya xüsusi xidmət orqanlarının əməkdaşıdır, o, Babçenkonun qətli üçün 30 min dollar təklif edib və avans qismində məbləğin yarısını ödəyib.
Ukrayna prezidenti Pyotr Poroşenko Babçenko və ailəsinin sutkanın 24 saatı qoruma ilə təmin olunmasını tələb edib. “Çətin ki, Moskva sakitləşsin”, – Poroşenko Facebook səhfəsində yazıb.