Rusiyada Stalin ölməyəcək
Rusiya Mədəniyyət Nazirliyi Fransa-Britaniya istehsalı olan “Stalinin ölümü” komediya filminin ptokat şəhadətnaməsini ləğv edib, “Novaya qazeta” xəbər verir.
Bu, Rusiyanın bir sıra kinematoqraf xadiminin və Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvünün filmin Rusiya kino-teatrlarında nümayişinin qadağan edilməsi haqda xahiş məktubundan sonra baş verib.
Rusiya Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya daxil olan kinematoqrafçılar və məmurlar filmi təhqiramiz hesab ediblər. “Filmdə bizim tarixi rəmzlərimiz – sovet himni, ordenləri və medalları təhqir olunur. Marşal Jukov axmaq kimi təsvir edilir”.
Şura üzvləri həmçinin hesab ediblər ki, filmin nəzərdə tutulduğu kimi yanvarın 25-də prokata buraxılması Stalinqrad döyüşünün bitməsinin 75 illik yubileyinin qeyd olunmasına mane ola bilər.
“Stalinin ölümü” britaniyalı rejissor Armando İannuççinin komediyasıdır. Film zarafatların siyasi yönü ilə Saşa Baron Koenin “Diktator” filmini xatırladır. “Stalinin ölümü”ndə SSRİ-də hakimiyyət uğrunda mübarizədən bəhs olunur. Rejissor sovet liderlərini – Xruşov, Beriya və Jukovu komik şəkildə təqdim edir.
Son zamanlar Rusiya hakimiyyətinin kino industriyasına müdaxiləsi haqda xəbərlər çox yayılır. Bir həftə əvvəl “Paddinqton-2” filminin təxirə salınmaq istənilməsi ilə bağlı qalmaqal baş vermişdi. Filmin prokatının başlanmasına bir gün qalmış Rusiya Mədəniyyət Nazirliyi premyeranı iki həftə ertələmişdi.
Bəzi KİV-lərin məlumatına görə, bunu “Paddinqton”un həmin vaxt kino-teatrlarda nümayişi gedən Rusiya filmləri ilə rəqabət yaratmaması üçün ediblər.
Kino-teatr sahibləri Assosiasiyası Mədəniyyət Nazirliyinin əməlini tənqid edəndən sonra iki gün gecikmə ilə olsa da, filmin prokata çıxmasına icazə verilib.
Gözlənildiyi kimi “Paddinqton”un kassa yığımı Rusiya filmlərinin gəlirindən daha çox olub.
Ötən il Rusiya kino industriyasının ən səs-küylü qalmaqalı Dövlət Dumasının deputatı Nataliya Poklonskayanın “Matilda” filmini qadağan etdirmək cəhdi olub.
Filmdə sonuncu Rusiya çarı II Nikolayın balerina Matilda Kşesinskaya ilə sevgi macərası haqda danışılır.
Filmin treyleri Rusiyanın pravoslav ictimaiyyətini o qədər qəzəbləndirib ki, “Xristian dövləti – Müqəddəs Rusiya” təşkilatı “Matilda”nın prokatçılarını nümayişləri zorakılıqla dağıdacaqları ilə hədələyib, təşkilat üzvləri isə filmə etiraz olaraq bir neçə avtomobili yandırıb.
Hadisələr Mədəniyyət Nazirliyinin filmin nümayişini qadağan etmək üçün səbəb tapmaması ilə yekunlaşıb və “Matilda” kinoteatrlarda nümayiş olunub.