Rusiyada hər kəs xarici agent ola bilər
Rusiyanın Dövlət Dumasının İnformasiya Siyasəti üzrə Komitəsi “Xarici agentlər haqqında” qanuna düzəlişləri bəyənib. Onlar qəbul olunduğu halda xarici agentin informasiyasının yayılması ilə məşğul olan fiziki şəxs artıq özü də xarici agentdir, BBC xəbər verir.
Xarici agentlər kimdir?
Qanuna bu düzəlişləri hazırlayan deputatlar Pyotr Tolstoy və Leonid Levin bildiriblər ki, xarici agent olan KİV-lərlə əməkdaşlıq edən hər kəs avtomatik olaraq bu siyahıya düşmür. Tolstoy və Levinin sözlərinə görə, qanun ancaq ABŞ-ın hərəkətlərinə cavab tədbiri olaraq tətbiq olunacaq. Rusiya jurnalistləri Amerikada təqib olunarsa, Rusiya hakimiyyəti eyni tədbirlərə əl atacaq.
Yeni qanun xarici agent olan KİV-lərlə əməkdaşlıq edən (istənilən şəkildə: köşə yazan, materialı redaktə edən və s.) və ya istənilən xidmətə görə xarici agentdən qonorar alan hər kəsi xarici agent adlandırmaq imkanı verir.
Xarici agent kimi qəbul edilən şəxs xarici agentlər üçün qanunda yazılan normalara tabe olan hüquqi şəxs açmalıdır, Ədliyyə Nazirliyi qarşısında müntəzəm olaraq öz maliyyə vəziyyəti haqqında hesabat verməli, bütün materiallarında “xarici agent” qeydi qoymalı, bu qaydalara riayət etmədiyi təqdirdə cərimə ödəməlidir.
Həqiqətənmi Rusiyanın qanunu Amerika qanununu əks etdirir?
ABŞ-da xarici dövlətlərin siyasi agentləri kimi fəaliyyət göstərən, onların nəzarətində olan, onlardan birbaşa və ya başqa şirkətlər vasitəsilə tapşırıq, sorğu və pul alan insanlar və təşkilatlar xarici agent hesab olunur.
Amerikanın qanununda söhbət ictimai fikir və siyasi vəziyyətə real təsiri olanlardan gedir. Bu o deməkdir ki, ABŞ-da əksər vaxtlarda siyasi məsləhətçilər xarici agent olur.
Bundan başqa, Amerika qanunu elə yazılıb ki, o, öz dövlətinin maraqlarını güdən iri KİV-ə qarşı istifadə oluna bilməz. KİV-in yüksək etimad səviyyəsi olduğu halda o, xarici agent olmayacaq.
ABŞ-da xarici agent olmaq üçün birbaşa başqa ölkənin büdcəsindən maliyyələşmək lazımdır. Rusiyanın qanunu isə elə yazılıb ki, hakimiyyət istədiyi halda, yüzlərlə hüquqi və fiziki şəxs xarici agent ola bilər.