Moskvadakı “Ermənistan” restoranı Rusiya müxalifətinə necə qalib gəldi?
Moskvadakı “Ermənistan” restoranı müstəqil namizədlərin seçkilərdə qeydiyyata alınması tələbi ilə aylardır izdihamlı etiraz aksiyaları keçirən yerli müxalifət üzərində qələbə qazanıb.
Ərazi cəhətdən etirazların episentrində yerləşən restoran avqustda Moskvada bu etirazların təşkilatçıları, müxalifət liderləri Navalnı, Sobol və Yaşindən məhkəməyə şikayət edən yeganə obyekt olub.
Məhkəmə qərarı artıq açıqlanıb – etiraz aksiyalarının təşkilatçıları restoran sahiblərinə 241,5 min rubl [3,000 dollara yaxın] kompensasiya ödəməli olacaq.
•Moskva seçkiləri — ninza tısbağa və digər qəhrəmanların müşayiətilə
•Şərh. Rusiya: seçkilər bitib, ən maraqlısı başlayıb
•Moskva: uzun müddətli həbslər – tvitlərə və etiraz aksiyasında iştiraka görə
“Lentaç” nəşrinin yazdığına görə, restoran nümayəndəsi bildirir ki, iyulun 27-də ən izdihamlı mitinq zamanı 550 min rubldan [8,500 dollara yaxın] çox gəlirindən məhrum olub. Restoran nümayəndələri iddia ərizələrində onu da qeyd ediblər ki, həmin günə 396 min rubl [6,000 dollara yaxın] dəyərində 40 nəfərlik banket də planlaşdırılıbmış, amma mitinqə görə təxirə salınıb.
Cavabdehlərin vəkilləri israrla bildiriblər ki, “Ermənistan” restoranı niyə bağlanmaq məcburiyyətində qaldığını əsaslandıra bilməyib. Onlar həmçinin qeyd ediblər ki, banketin dəyərini əks etdirən qayiməni vurulmuş ziyanın sübutu kimi dəyərləndirmək olmaz.
Üstəlik müdafiəçilərin hesablamalarına görə, bəyan olunmuş bu məbləğlərə müvafiq olaraq hər bir banket iştirakçısı azı dörd kiloqram yemək yeməli idi.
“Ermənistan” nümayəndəsi isə bildirib ki, “banket üçün bu çox deyil” və hakim də onunla razılaşıb.
Restoran məhkəmədə iddia qaldırdığı zaman minlərlə sosial şəbəkə istifadəçisi “Ermənistan”ın Facebook səhifəsində mənfi şərhlər yazmağa başlayıb və reytinqini o qədər aşağı salıblar ki, (beş baldan ikiyə) restoran sosial şəbəkədəki səhifəsini ümumiyyətlə bağlamalı olub. Bu haqda “Kommersant” qəzeti məlumat verib.
•Rusiya oğrular üçün cənnətdir?
•Şərh: Rusiyanın əsas problemi – Putinin prezident kürsüsünü tərk etməli olacağı 2024-cü il
Aksiya günü iyulun 27-də polis 1,373 nəfəri saxlayıb , onlarla insan xüsusi qəddarlıqla döyülüb.
Moskvalı jurnalist Sergey Yejov danışıb ki, “Ermənistan” restoranının məxsus olduğu şirkət bu yaxınlarda RF DİN ilə müqavilə imzalayıb.
Avqustun 22-də Aleksey Navalnıya və Moskva Şəhər Dumasına seçkilərdə qeydiyyata alınmamış bir neçə namizədə qarşı daha bir iddia qaldırılıb. Bu şikayəti Moskva metropoliteni verib.
_______________________________________
Moskva və Peterburqda etirazlar iyulun 20-dən başlayaraq sentyabrın 8-ə qədər hər şənbə günü keçirilib. Aksiyaların çoxu hakimiyyətlə razılaşdırılmamış olub, buna görə də kütləvi zorakılıq və həbslərlə müşayiət olunub.
Ən dəhşətli olaylardan biri jurnalist İlya Azarın həbsi olub, polislər onu mənzilindən apardıqları zaman onun iki yaşlı qızı evdə təkbaşına qalıb.
Ən izdihamlı aksiya avqustun 10-da baş tutub, Moskvada keçirilən mitinqə 60 min nəfərdən çox etirazçı qoşulub.
Bir neçə aksiya iştirakçısı “tvit paylaşdığına”, “zibil qutusunu polis istiqamətinə atdığına”, “polis nəfərinin dəbilqəsinə toxunduğuna” görə artıq iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəsasına məhkum edilib.
Seçki nəticələri
•Şəhər parlamentinə (Moskva Şəhər Duması) deputatların seçildiyi Rusiya paytaxtında hakimiyyət çoxluq əldə edə bilməyib. 45 yerdən 20-ni müxalif parlament partiyalarının irəli sürdüyü namizədlər qazanıb. Ötən seçkilərdə belə dairələrin sayı cəmi yeddi idi.
•Amma Rusiyanın qubernator seçkiləri keçirilən 16 subyektinin hamısında Kreml tərəfindən təyin edilən regionların hazırkı qubernatorları seçilib.