Rusiya artistləri Ukraynada çıxış etmək üçün Ukrayna Təhlükəsizlik Xidmətindən icazə almalı olacaqlar
Ukraynada konsert vermək istəyən hər bir rusiyalı artist Ukrayna Təhlükəsizlik Xidmətindən icazə almalı olacaq. Hromadske xəbər verir ki, “təcavüzçü dövlətin vətəndaşlarının iştirakı ilə qastrol tədbirlərinin təşkili və keçirilməsinin xüsusiyyətləri” haqda qanun Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən noyabrın 7-də imzalanıb.
Qanun oktyabrın 5-də Ali Radada qəbul olunub. Sənədə əsasən, Rusiya artistlərinin qastrollarını təşkil edənlər bu haqda UTX-i tədbirdən 30 gün əvvəl xəbərdar etməlidir. Sənəd “təcavüzçü dövləti və ya onun hakimiyyətini (həmçinin ayrı-ayrı nümayəndələrini), onların əməllərini təbliğ və təşviq edən, təcavüzçü dövlətin müsbət obrazını yaratmağa xidmət edən, Ukrayna ərazisinin işğalına haqq qazandıran, bunu hüquqa zidd saymayan” çıxışları qadağan edir.
Rusiya artistlərinin Ukraynaya qastrollarını qanunla məhdudlaşdırmaq ideyası bu ilin yayında RF-dən olan yeddi artistə Ukrayna ərazisinə daxil olmaq qadağan ediləndən sonra yaranıb. Hromadske xəbər verir ki, 2017-ci ildə Ukraynada rusiyalı artistlərlə bağlı bir neçə səs-küylü qalmaqal yaşanıb – məsələn, reper Basta və Anakondaz qrupu işğal olunmuş Krımda verdikləri konsertdən sonra Kiyevdə çıxış etmişdi.
Yeni qanun yalnız musiqiçilərə deyil, publika qarşısında çıxış edən bütün artistlərə aid edilir. Qanun həm də əsər yaradan, ssenari, mətn, dialoq yazan şəxsləri, quruluşçu rejissorları, prodüserləri və s. də əhatə edir.
Qanunun pozulmasına görə məsuliyyət konsert təşkilatçılarının üzərinə düşəcək və onlar 6 mindən 12 min dollara qədər cərimə ödəməli olacaqlar.