Azərbaycanda Ramazan Bayramı kütləvi namazsız qeyd olunub
Foto Rachid Oucharia əsas səhifəsindəndir
Mayın 24-də Azərbaycanda Ramazan Bayramı qeyd olunur.
Adətən bayram günündə inanclılar bayram namazı qılmaq üçün məscidə toplaşır. Amma karantinə görə ölkədə məscidlər bağlıdır və dini liderlər inanclıları bayram namazını evdə qılmağa çağırıblar. Onlar həmçinin bayramla əlaqədar qonaq çağırmamağı, bu günü ailə çevrəsində keçirməyi məsləhət görüblər.
Şimali Qafqazdan fərqli olaraq Azərbaycanda məscidlərdə namaza qadağa qoyulması xalq arasında etirazlara səbəb olmayıb.
- Gürcüstanda pasxa: patriarx deyib ki, “hətta pandemiya vaxtında da yaşam və ölüm Yaradanın əlindədir”
- 100 il əvvəl Qafqazda epidemiyalar: ağzınızı sabunla yuyun və ananızı öpməyin
Ramazan müsəlmanların oruc tutduğu aydır. Bu zaman müsəlmanlar gün doğandan batana qədər yeməkdən, içməkdən imtina edirlər.
Yalnız sübh tezdən və hava qaralandan sonra qida və maye qəbuluna icazə verilir. Axşam yeyilən yemək “iftar” adlanır və iftarı su və xurma ilə açmaq qəbul olunub. Adətən bu ay ərzində bir çox restoranlar xüsusi “iftar menüləri” təklif edir, amma bu il Azərbaycanda bütün ictimai iaşə müəssisələri karantinlə əlaqədar bağlı idi.
Orucun məqsədi ruhun təmizlənməsi, nəfsə cihad və Allahın lütfünü qazanmaqdır.
Əgər sağlamlıqları imkan verirsə, kişilər də, qadınlar da, hətta uşaqlar da müəyyən yaşdan sonra oruc tuta bilər.
Ramazan ayının başlanması və bitməsi tarixi qəməri təqvimlə hesablanlır və hər il bir neçə gün irəliləyir.
Ramazan ayı eyni adlı bayramla sona çatır. 1993-cü ildən Azərbaycanda bu bayram dövlət səviyyəsində qeyd olunur.