Ratko Mladiç 1992-1995-ci illərdə, Yuqoslaviyadakı vətəndaş müharibəsi zamanı Bosniya serblərinin ordusuna rəhbərlik etmiş sabiq serb generalıdır.
O, on bir epizodla ittiham edilib. Beynəlxalq tribunal Mladiçi keçmiş Yuqoslaviya üzrə bu epizodların onunda təqsirli bilib, BBC xəbər verir.
Ratko Mladiç ən irimiqyaslı cinayətini 1995-ci ildə Serebrenitsada 7 min müsəlmanın qətli əmrini verdiyi zaman törədib.
O, həmçinin Sarayevonun üç il yarım sürən mühasirəsinə də rəhbərlik edib. Bu müddət ərzində şəhərdə on minə yaxın insan tələf olub.
Bosniyada müharibə bitəndən dərhal sonra Mladiç Serbiyada gizlənib və onun yeri bəlli olmayıb. Onu ancaq 2011-ci ildə Serbiya xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs etmək mümkün olub. Mldiçin tutulub Beynəlxalq tribunala verilməsi Serbiyanın Avropa İttifaqına qəbulu ilə bağlı qoyulmuş tələblərdən biri idi.
Mladiç özünü günahkar bilmir. O, dəfələrlə təkrar edib ki, vətəndaş müharibəsində “sadəcə öz xalqını müdafiə edib”.
Hökm oxunan zaman Mladiç məhkəmə zalında olmayıb. Keçmiş serb generalını hakimin ünvanına təhqir qışqırdığı üçün zaldan çıxarıblar.